Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-776/2024 12.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı ünvan 1 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki Şəhər İcra Hakimiyyətinin 01 mart 2006-cı il tarixli, 1/47 nömrəli sərəncamına əsasən Şəki şəhəri, S.Mümtaz küçəsinin qərb hissəsindən sxemdə göstərilən yerdə ayrılmış 200 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “Şəki şəhər M.Ə.Rəsulzadə prospekti ev 91 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 115 nömrəli Sərəncamı ilə iddiaçının ünvan 2 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində yerləşən 168,37 kv.metr hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmiş, icazənin verilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinin bildirişi icra edilmişdir. Daha sonra isə komissiyanın xx.xx.2023-cü il tarixli Aktı ilə qeyd edilən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Bildirişin tələbi icra edildiyi və lazım olan xüsusi lisenziyalar alındığı üçün məqsədəmüvafiq hesab edilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinin 168,37 kv.metr hissəsi "X6" MMC tərəfindən tərtib edilmiş və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş memarlıq sənədinə uyğun olaraq tikildikdən sonra reyestrdə qeydə alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının tələbindən xx.xx.2023-cü iİ tarixli məktubla imtina etmiş və bunun səbəbi kimi də mansardın yan divarının hündürlüyünün 1,06 metr təşkil etdiyini və fərdi yaşayış evinin bir hissəsinin qeyri-yaşayış binası kimi istifadə edildiyini göstərmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı 03 avqust 2023-cü il tarixli ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək mansardın fərdi-yaşayış evi ilə bağlı qeydiyyata alınmasım xahiş etmişdir. Bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilmiş və fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15. maddəsində (mansarda mərtəbəsi - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə) göstərilmişdir. Həmçinin həmin məcəllənin 59.5-ci maddəsində mansardın ölçülərinin nə qədər olması göstərilmişdir (Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır). Sözügedən mübahisəli fərdi-yaşayış evinin mansardı müayinə olunarkən ölçülərin bayır divarlar boyunca hündürlüyünün 1,06 metr, yüksək hissəsində hündürlüyün 3 metr olduğu müəyyən edilmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq vətəndaşın müraciətinin icrası mümkün olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər sakini İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. - Şəki şəhər sakini İddiaçı şəhərin M.Ə.Rəsulzadə prospekti, ev 91 ünvanında mülkiyyətində olan 211,45 kv.metr yaşayış sahəsinin mansarda hissəsində yerləşən 176,02 kv.metr hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında rəydə qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 5 otaqlı yaşayış evinin ümumi sahəsi 211,45 m2-dir. Yaşayış evinin mansarda hissəsində yerləşən və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş, yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışı vardır. Yaşayış sahəsinin mövcud vəziyyəti onun mülkiyyət sənədlərinə uyğundur. Yaşayış evinin mansarda hissəsinin qeyri-yaşayış məqsədləri üçün istifadə olunmasından ötrü tələb olunan sanitar-gigiyenik normalara uyğun işlər İddiaçı tərəfindən yerinə yetirilməli, yanğın təhlükəsizliyi məqsədilə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahədə yanğın siqnalizasiya sistemləri quraşdırılmalı və yanğın söndürmək üçün alət və avadanlıqlarla təchiz edilməlidir. Həmçinin tərəfimizdən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırma aparılmış və İddiaçı yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək istədiyi həmin yaşayış sahəsindən istifadə etmədiyi müəyyənləşmiş və ailənin yaşayış sahəsinə olan ehtiyacı heç bir halda məhdudlaşdırılmır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə əsasən yaşayış evinin mansarda hissəsinin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş "Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin İddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiqdir. - Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktından (Şəki ŞİHBA-nın memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş) görünür ki, “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq vətəndaş İddiaçı tərəfindən yerinə yetirildiyini nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan yaşayış evinin çardaq hissəsində yenidənqurma işləri aparılmaqla yaradılmış, ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanı 1.2. həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0818 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 120,36 kv.metr yaşayış, 109,7 kv.metr qeyri-yaşayış, 90,09 kv.metr köməkçi sahədən ibarət 91 nömrəli fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və MH seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamına əsasən, Şəki şəhər sakini İddiaçı ünvan 3 ünvanında mülkiyyətində olan yaşayış evinin mansard hissəsində ümumi sahəsi 168,37 kv.metr olan yaşayış sahəsi, onun tərəfindən “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər yerinə yetirildikdən sonra qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, aparılan icraat çərçivəsində tərtib edilmiş rəydə Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış evinin mansarda hissəsində yerləşən və qeyri-yaşayış sahəsinə keçirilən sahəyə yaşayış evinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən gediş-gəlişin mümkünlüyü, yaşayış sahəsinin mövcud vəziyyətinin onun mülkiyyət sənədlərinə uyğunluğu, qeyri-yaşayış sahəsinə keçirilməsi istənilən sahədən iddiaçının istifadə etməməsi və ailənin yaşayış sahəsinə olan ehtiyacını heç bir halda məhdudlaşdırmaması yoxlanılmış, sözügedən sahənin M.Ə.Rəsulzadə prospektinə ayrıca çıxışının olması müəyyən edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi bu sərəncama əlavə edilmiş "Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında BİLDİRİŞ-də irəli sürülmüş şərtlərin iddiaçı tərəfindən yerinə yetirilməsi şərti ilə məqsədəmüvafiq olması qeyd edilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildiriş“də irəli sürülmüş şərtlər isə yanğın-siqnalizasiya sistemlərinin quraşdırılması, obyektin yanğına qarşı istifadə edilən avadanlıqlarla təchiz edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktında “yaşayış sahəsinin (qeyri-yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə (yaşayış sahəsinə) keçirilməsi (keçirilməsindən imtina) haqqında xx.xx.2022-ci il tarixli bildiriş”də qeyd edilmiş, aparılması zəruri olan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin tam olaraq iddiaçı tərəfindən yerinə yetirilməsi öz əksini tapmış və ümumi sahəsi 176,02 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla da “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş inzibati icraat başa çatmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində əks olunmuş maddi hüquq normalarının tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin normalara əsasən, hazırkı mübahisəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsi kimi təsbit edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, istinad olunan normalarda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı təsbit olunmuş sənədlər keçirilən sahə üzərində hüquqları təsdiq edən çıxarış, onun texniki pasportu, keçirilən sahənin yerləşdiyi tikilinin planı həmin sahənin mülkiyyətçisi olan iddiaçı tərəfindən keçirilməni həyata keçirən orqana, yəni müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuşdur. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalar baxımından keçirilən sahənin bəyan edilmiş məqsədlərə, eləcə də həmin məqsədlər üçün istifadə üzrə tələblərə uyğun və istismara yararlı olması yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə) keçirilməsi proseduru çərçivəsində yoxlanılmalı olan məsələlərdir və rayon icra hakimiyyətinin məsuliyyət sferasına və səlahiyyətinə aiddir. Odur ki, cavabdeh orqanın imtina dəlilinə münasibətdə (fərdi yaşayış evinin damının çardaq hissəsində inşa edilmiş mansardın yan divarlarının hündürlüyünün 1,06 metr təşkil etməsi ilə bağlı) məhkəmə qeyd edir ki, həmin məsələlər keçirilmə haqqında qərarın qəbulunadək həllini tapmalıdır və keçirilmə barədə qərarın qəbul olunması keçirilən sahənin qeyd edilən tələblərə uyğunluğunun müəyyən edilməsi anlamında qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, səlahiyyətli dövlət orqanı tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qərarın qəbulu həmçinin keçirilən sahənin istismara hazırlığı ilə bağlı tələblərin də, yoxlanıldığını və nəzərə alındığını ehtiva edir. Əks təqdirdə, yaşayış sahəsinin həmin tələblərə cavab verməyən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməsi istisna olunardı. Belə yanaşma həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 101-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu mənada keçirilməyə dair qərarda müəyyən edilmiş şərtlərin həyata keçirilməsi barədə tərtib edilmiş akt yekun qərar anlamında qəbul olunmalı və keçirilmiş sahə üzərində hüququn reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilməlidir. Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 nömrəli Sərəncamında irəli sürülmüş şərtlərin yerinə yetirilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün həmin sahədə aparılması nəzərdə tutulan yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən komissiyanın xx.xx.2023-cü il tarixli aktı ilə təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan keçirilmə haqqında səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərara bağlıdır və həmin qərarın məzmununa uyğun davranmağa borcludur. Cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-263/2023 nömrəli, xx.xx.2023 nömrəli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe öz əksini tapmışdır). Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı ünvan 7 ünvanında fərdi yaşayış evinin mansard hissəsində yerləşən 168,38 kv.metr qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.