Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-777/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh İsmayıllı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində “ana” qrafasında anasının soyadının “Gülalıyeva”dan “Səfdərovaya” adının isə “Əsməgül” dən “Gülzar” a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “doğum akt qeydində “ana” qrafasında anasının soyadının “Gülalıyeva”dan “Səfdərovaya” adının isə “Əsməgül” dən “Gülzar” a düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “doğum akt qeydində “ana” qrafasında anasının soyadının “Gülalıyeva”dan “Səfdərovaya” , adının isə “Əsməgül” dən “Gülzar” a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1969-cu ildə İsmayıllı rayon Zərvana kəndində anadan olmuşdur. Doğum akt qeydi və doğum haqqında şəhadətnaməsi də İsmayıllı rayon Tağlabiyan kənd sovetliyində yazılmışdır.Valideynləri arasında rəsmi nikah olmamışdır. Lakin kənd soveti ata qrafasını boş buraxsa da anasının soyadını “Səfdərova” əvəzinə onu babasının soyadı ilə “Gülalıyeva”, anasının adını “Gülzar” əvəzinə onu kənddə tanıdıqları “Əsməgül” adı ilə yazmışlar. Anası bütün sənədlərdə, o cümlədən onun ölüm haqqında şəhadətnaməsində doğum haqqında şəhadətnaməsində olduğu kimi “X7” kimi qeyd edilmişdir. İddiaçı düzəlişin edilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. X2 doğum haqqında akt qeydində iddiaçının adı Mütalit, soyadı Gülalıyev, atasının adı X12, anasının adı “X4” kimi qeyd edilmişdir.
3. İsmayıllı rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Zərvana kənd İƏD üzrə nümayəndəliyinin 1996- 2010-cu illərin təsərrüfatbaşına kitabında iddiaçının anasının adı “X4” kimi qeyd olunmuşdur.
4. İsmayıllı rayonu Zərvana kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 121 nömrəli arayışından görünür ki, X3 vərəsələri X9, X10, Mayılova (Gülalıyeva) Aybəniz Əli qızı və X5r.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2- 547/2023 nömrəli məktubuna əlavə edilmiş X8 barəsində çıxarışdan görünür ki, iddiaçının anasının adı “Əsməkül”, soyadı “Külalıyeva”, ata adı “Əzim” kimi qeyd edilmişdir.
6. İsmayıllı rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.2006-ci il tarixdə tərtib edilmiş 08 №-li ölüm aktı qeydinin surətindən görünür ki, iddiaçının anasının adı “Gülzar”, soyadı “Səfdərova”, ata adı “Əzim”, ölüm tarixi “xx.xx.2006-ci il” kimi qeyd edilmişdir.
7. İsmayıllı rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1969-cu il tarixdə tərtib edilmiş 40 №-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının adı Mütalit, soyadı Gülalıyev, atasının adı X12, anasının adı X1 qeyd edilmişdir.
8. xx.xx.2006-ci il tarixli AZ-İİ 185729 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının anası X7 xx.xx.2006-ci il tarixində vəfat etmişdir
9. X6 məxsus İ-ИЕ № 438122 xx.xx.1937-ci il tarixli Doğum haqqında Şəhadətnamə.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İddiaçının hüquqi marağı onun barəsində tərtib edilmiş Doğum haqqında akt qeydi ndə “anasının adı və soyadı”, qrafasına düzəliş edilməklə anasının adının “Gülzar”, soyadının “Səfdərova” kimi qeyd olunmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 anasına aid digər sənədlərdə adı “Əsməgül” olaraq deyil, “Gülzar”, soyadı “Gülalıyeva” deyil “Səfdərova” olaraq qeyd edilmişdir. Göründüyü kimi iddiaçının anası X7 olduğu halda ilkin sənəddə doğru qeyd aparılmamışdır.Belə ki,iddiaçının anası ilə atası arasında rəsmi nikah olmadığından soyadı Səfdərova qalmışdır.İddiaçının anasına məxsus rəsmi sənədlərdən görünür ki,şəxsin adı Gülzar olmuşdur.İddiaçının ifadəsinə görə mərhum anası yaxınları arasında “Əsməgül” kimi çağırıldığından həmin qaydada da yanlışlıqla ilkin qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh İsmayıllı rayon qeydiyyat şöbəsinin üzərinə X8 barəsində tərtib olunmuş xx.xx.1969-cu il tarixli doğum akt qeydinin “ana haqqında məlumat” qrafasında ananın soyadının “Gülalıyeva”dan “Səfdərova”ya, adının isə “Əsməgül”dən “Gülzar”a düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə