Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-777/2025 09.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əmək stajının nəzərə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı “ümumi əmək stajının 25 ildən çox olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi belə əsaslndırılmışdır ki, “pensiya almaq üçün yaş həddinə çatdığı üçün müvafiq sənədləri hazırlayaraq DSMF-nın 3 saylı X3 filialına göndərmişdir. Sənədlərinə DSMF-nın Mərkəzi filialında baxılaraq, yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsi göstərilmiş, güya təhsil aldığı peşə məktəbindəki xx.xx.1975-ci ildən xx.xx.1976-ci illər əmək fəaliyyəti ilə üst-üstə düşdüyü səbəbdən, sığorta stajının 24 il 7 ay 10 gün hesablamışlar. Sığorta stajının 25 il bitməməsinə görə əmək pensiyası təyin olunmamışdır. Halbuki, Arxiv arayışına diqqət yetirilərsə aydın görünür ki, peşə məktəbinə daxil olduğu tarix xx.xx.1975-ci ildən başlayır. Bu dövrədək olan müddətdə iddiaçı 8 ay kolxozda işləmişdir və bu dövr iddiaçının qanuni əmək stajına daxil edilib. Lakin xx.xx.1975-ci ildən xx.xx.1976-ci ilədək peşə məktəbində təhsil almışdır. Qanunla həmin dövr, yəni 12 ay mənim ümumi stajına daxil edilməlidir. Üstəlik xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Bu halda iddiaçının ümumi stajı 26 il təşkil etməli idi. Bununla da yaşa görə əmək pensiyası almaq hüququ yaranırdı. Cavabdeh bu faktı görməzdən gələrək iddiaçının hüququnu pozmuşdur.”. Cavabdeh iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, “İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ö- 133122/2024 nömrəli məktubuna əsasən iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışının surətinə qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 1974-1999-cu illər Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Şəki-Zaqatala regional filialının X2 müdiri ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999-cu illər üzrə iddiaçının adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələbinə uyğun olaraq iddiaçının təhsil aldığı illər (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sığorta stajına həmin dövrlərdən biri - əmək fəaliyyəti dövrü daxil edilmişdir. Nəticədə iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək həbi xidmət dövrü, Fondun 3 saylı Şəki- Zaqatala regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən 1974-cü il üzrə 124 gün, 1975-1976-cı illər üzrə 2 il, 1977-ci il üzrə 118 gün, 1980-ci il üzrə 222 gün, 1981 -1998-ci illər üzrə 18 il, 1999-cu il üzrə 106 gün əmək haqqı ödənilən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 23 il 7 ay 10 gün təşkil etmişdir. İddiaçının Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999cu illər üzrə adına əməkhaqqı hesablanmayan dövrlər mübahisələndirilərək sığorta stajına daxil edilməmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti əmək pensiyası təyin edilərkən sosial sığorta stajı kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq “pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində göstərilmişdir ki, 01.01,2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. Qeyd olunanlardan göründüyü kimi, yaşa görə əmək pensiyası vətəndaşların aldığı əməkhaqqından itirdiyi gəlirlərin kompensasiyası məqsədilə təyin edilir. Qanunvericilikdə əməkhaqqı alınmayan dövrlərin sosial sığorta stajına daxil edilməsini nəzərdə tutan hər-hansı bir müddəa olmadığından, iddiaçının Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda adına əməkhaqqı hesablanmayan dövrlər nəzərə alınmamış, beləliklə pensiyanın təyin edilməsi mümkün olmamışdır.”. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, mən hal-hazırda 220 manat məvacib alıram. 1972-ci ildən bəri kolxozda işləmişəm. Pensiya hesablananda bu illəri nəzərə almayıblar. İddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək bildirdi ki, iddiaçının əmək stajı 25 ildən az olduğu üçün imtina verilib. Həmin dövrlə bağlı 23 il 7 ay 10 gün stajı müəyyən edilib. Mərkəzi filial tərəfindən Muxax kəndi “Jdanov” adına kolxozda 1974-1999-cu illər ərzində işləyib və bu illər əmək stajına daxil edilib. Hesablama zamanı İddiaçının kolxozda işlədiyi illəri nəzərə alınıb. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • İddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti. • İddiaçıya məxsus 2881 seriya nömrəli Attestatın surəti. • Zaqala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışının surəti. • İddiaçıya məxsus НЗ ******* seriya nömrəli hərbi biletin surəti. • 06.12.2024-cü il nömrəli 3-17-1/1-Ö-73703/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarın surəti. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək həbi xidmət dövrü, Fondun 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən 1974-cü il üzrə 124 gün, 1975-1976-cı illər üzrə 2 il, 1977-ci il üzrə 118 gün, 1980-ci il üzrə 222 gün, 1981-1998-ci illər üzrə 18 il, 1999-cu il üzrə 106 gün əmək haqqı ödənilən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 23 il 7 ay 10 gün təşkil edir. Eyni zamanda bildiririk ki, Fondun 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2024- cü il tarixli aktına əsasən İddiaçı Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999-cu illər üzrə adına əmək haqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələbinə uyğun olaraq İddiaçı təhsil aldığı illər (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sığorta stajına həmin dövrlərdən biri - əmək fəaliyyəti dövrü daxil edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.7. qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 avqust tarixli 135 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi. 3.1. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.17. hərbi qulluqçulara və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə münasibətdə xidmət müddəti – onların xidmət (qulluq) keçdiyi sonuncu dövlət orqanının təqdim etdiyi məlumat vərəqəsinə əsasən; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Əsaslandırma hissə: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.1975-ci ildən xx.xx.1976-ci ilədək peşə məktəbində təhsil aldığı dövrü sığorta stajına daxil edilməsindən ibarətdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının təhsil aldığı illər (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək) əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sığorta stajına həmin dövrlərdən birinin əmək fəaliyyəti dövrünə daxil edilməsinə istinad etmişdir. Məhkəmə cavabdehin imtinası ilə razılaşır. Belə ki, iş üzrə müəyyən edilir ki, Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999-cu illər üzrə iddiaçının adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Həmçinin iddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək peşə məktəbində təhsil almışdır. İddiaçının xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək həbi xidmət dövrü, 1974-cü il üzrə 124 gün, 1975-1976-cı illər üzrə 2 il, 1977-ci il üzrə 118 gün, 1980-ci il üzrə 222 gün, 1981 -1998-ci illər üzrə 18 il, 1999-cu il üzrə 106 gün əmək haqqı ödənilən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 23 il 7 ay 10 gün hesablanmışdır. İddiaçının Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999-cu illər üzrə adına əməkhaqqı hesablanmayan dövrlər mübahisələndirilərək sığorta stajına daxil edilməmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Əmək fəaliyyəti dövrü ilə üstüstə düşdüyü üçün cavabdeh tərəfindən düzgün olaraq iddiaçının təhsil aldığı illəri deyil, sığorta stajına həmin dövrlərdən əmək fəaliyyəti dövrü daxil edilmişdir. Həmçinin iddiaçının Zaqatala rayonu Muxax kənd Jdanov adına kolxozda 1974-1999-cu illər üzrə adına əməkhaqqı hesablanmayan dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunmalıdır ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyində şəxsin işlədiyi və ya qulluq keçdiyi dövrdə alınmayan və məcburi dövlət sosial sığortasına cəlb olunmayan pul vəsaitləri pensiya kapitalına daxil edilmir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd edilmişdir ki, “....Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.”. Göründüyü kimi iddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ümumi əmək stajının 25 ildən çox olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-777/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-777/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver