Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-779/2025 09.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Mustafayev oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində cəlb olunmaqla “Mingəçevir şəhər Səhiyyə Şöbəsinin “Şəfa” bağçılıq təsərrüfatındakı 74 saylı 600 kv. metr torpaq sahəsinə dair iddiaçının adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhər Səhiyyə Şöbəsinin “Şəfa” bağçılıq təsərrüfatındaki 74 saylı 600 kv. metr torpaq sahəsinə dair plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, “Mingəçevir şəhər Şəfa bağçılıq yoldaşlığı üzvlərinin adlı siyasına daxil edilməklə iddiaçıya 600 kv. metr torpaq sahəsi verilmişdir. Həmin vaxtdan həmin torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsi Mingəçevir şəhər “Şəfa” bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq üçün 01 aprel 2024-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Ancaq cavabdeh müraciətinə cavab verərək göstərmişdir ki, həmin torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətləri keçir.”. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, “Mingəçevir şəhəri, 7 nömrəli çörək zavodu ətrafında yerləşən, Mingəçevir şəhər Səhiyyə şöbəsinin “Şəfa" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 0.06 ha bağ torpaq sahəsinə İddiaçı adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi bərədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi idarəsində müraciət etmişdir. Vətəndaş müraciəti ilə bağlı inzibati icraat başlanılmış, idarənin arxiv materiallarına əsasən təqdim edilən sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Səhiyyə şöbəsinin “Şəfa” yoldaşlıq bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinə müayinə baxışı keçirilən zaman məlum oldu ki, sözügedən torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətti keçir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. 1976-cı il tarixli 30/56 inventar nömrəli Pasportun surətindən görünür ki, Mingəçevir şəhəri 7 №-li Çörək zavodu ətrafı səhiyyə şöbəsi “Şəfa” bağçılıq yoldaşlığı tərəfindən İddiaçı 600 kv.m torpaq sahəsi verilmişdir.
3. 1989-cu il tarixli Bağçılıq təsərrüfatında işləyən vətəndaşların siyahısının surəti.
4. 1981-ci il tarixli Bağçılıq təsərrüfatında işləyən vətəndaşların siyahısının surəti.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-621/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi “Şəfa” bağçılığına ayrılmış torpaq sahələrinin ərazi hüdudları daxilindədir. Ortofoto xəritəsindən çıxarış əlavə rəyə əlavə edilir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin ölçüsü 0.06 ha təşkil edir. Qeyd: İddiaçının naturada göstərdiyi və iddia etdiyi Oorpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xətləri keçir. İddia olunan torpaq sahəsi tam olaraq mühafizə zonasında yerləşir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Hazırkı iddia ərizəsinə əsasən fadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı Mingəçevir şəhər Səhiyyə Şöbəsinin “Şəfa” bağçılıq təsərrüfatındaki 74 saylı 600 kv. metr torpaq sahəsinə adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil edir: -“Şəfa” yoldaşlıq bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməməsi; - torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xəttinin keçməsi. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə “Şəfa” yoldaşlıq bağçılığının adlı siyahısında İddiaçı adının əks olunmamasına münasibətdə qeyd edilməlidir ki, iş üzrə təqdim edilmiş “Şəhər Xəstəxanasının” kollektiv bağçılıq təsərrüfatında torpaq sahəsi alan əməkdaşlarının 1981ci il tarixli siyahısında İddiaçı adı 74-cü sırada qeyd edilmişdir. Bununla yanaşı Mingəçevir şəhəri 7 №-li Çörək zavodu ətrafı səhiyyə şöbəsinin “Şəfa” bağçılıq yoldaşlığı tərəfindən İddiaçı 600 kv.m torpaq sahəsinə dair X1 və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən texniki pasport tərtib edilərək, 3066 nömrəli inventarlaşma vərəqi verilmişdir. Qeyd olunan sənədlər iddiaçının sözügedən bağçılıq yoldaşlığının üzvü olmasını təsdiq edən sənədlər kimi nəzərə alınmalı olduğu halda, cavabdeh tərəfindən bu hala qiymət verilməmişdir. Halbu ki, həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Cavabdehin etirazının dəlilləri nəzərə alındığında bu o anlama gəlir ki, iddiaçı tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim olunan sənədlərin mötəbərliyi ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində təsbit olunmuş işin hallarının obyektiv araşdırılmasına dair normanın tələblərinə görə, ilk növbədə, məhz inzibati orqanda sözügedən sənədlərin mötəbərliyi ilə bağlı məsələ lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə icraatı zamanı aparılan araşdırma isə inzibati orqanı tamamilə əvəz edəcək formada deyil, İPM-in 58.6-cı maddəsinə əsasən inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetmənin təzələnməsi və ya tamamlanması qaydasında olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Belə ki, iş üzrə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının ilkin siyahısında iddiaçının adı qeyd olunmuş, cavabdehin istinad etdiyi 1989-cu il tarixli Bağçılıq təsərrüfatında işləyən vətəndaşların siyahısında qeyd edilməmişdir. Onun hansı əsasla siyahıdan çıxarılması ilə bağlı isə heç bir hüquq müəyyənedici sənədlərin mövcudluğu halına cavabdeh istinad etməmişdir. Belə olan halda iddiaçıya münasibətdə ilkin siyahı əsas götürülməlidir. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli hava elektrik xəttinin keçməsi isə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, belə bir əsasla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Təsadüfi deyil ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır.”. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Mingəçevir şəhər Səhiyyə Şöbəsinin “Şəfa” bağçılıq təsərrüfatındakı 74 saylı 600 kv. metr torpaq sahəsinə dair iddiaçının adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir şəhər Səhiyyə Şöbəsinin “Şəfa” bağçılıq təsərrüfatındaki 74 saylı 600 kv. metr torpaq sahəsinə dair İddiaçı adına plan-ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev