Məhkəmə qərarları › İş №2-1(116)-78/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-78/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-78/2023 16.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Qəbələ rayonu Bum bələdiyyəsinin nümayəndəsi X1 və üçüncü şəxs X2 nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ölçülərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş yerquruluşu planları üzrə “Azərcell”ə məxsus qüllənin yerləşdiyi 74 kv.metr (0,0074 ha) və ona bitişik 104 kv.metr (0,0104 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 nömrəli sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçı cavabdehi imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, ona ayrılmış torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçirilməsi qanunsuzdur. Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsi üzərində başqa şəxsin hüquqlarını qeydə alarkən işi ətraflı araşdırmamışdır. Bundan əlavə “Azərcell”in qülləsi ilə bağlı isə iddiaçı bildirir ki, ona ayrılmış torpaq sahəsində icazəsi olmadan “Azərcell”in qülləsinin yerləşdirməsi də tamamilə qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, Qəbələ rayon Bum Bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun hüquqları qeydə alınmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********23 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinə təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Ərazi İdarəsinin mütəxəssisləri müraciət əsasında iddiaçının iştirakı ilə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına istinad edilərək araşdırılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mütəxəssislərə göstərdiyi torpaq sahəsinin 0,0468 ha sahəsi başqa vətəndaşın adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət sənədi ilə üst-üstə düşür və torpaq sahəsi üzərində başqa vətəndaşa məxsus qeyri-yaşayış binası (iaşə obyekti) və “Azərcell”in qülləsi yerləşir. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-934/2022 nömrəli qərardadı ilə Qəbələ rayonu Bum bələdiyyəsi və X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı torpaq sahəsinin üçüncü şəxs X5 aid hissəsi ilə bağlı heç bir tələbinin olmadığını bildirmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ölçülərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş yerquruluşu planları üzrə “Azərcell”ə məxsus qülllənin yerləşdiyi 74 kv.m (0,0074 ha) və ona bitişik 104 kv.m (0,0104 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək, iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, üçüncü şəxs Qəbələ rayon Bum bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X2 nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 31 saylı sərəncamı ilə Qəbələ rayon Bum bələdiyyəsinin ehtiyat fondu torpaqlarından “yanacaqdoldurma məntəqəsi”nin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ölçülərək tərtib edilmiş və məhkəməyə təqdim olunmuş yerquruluşu planları üzrə “Azərcell”ə məxsus qüllənin yerləşdiyi 74 kv.metr (0,0074 ha) və ona bitişik 104 kv.metr (0,0104 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar