Məhkəmə qərarları › İş №2-1(116)-78/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-78/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-78/2024 20.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mərhum atası X11 məxsus fərdi yaşayış evinin texniki pasportunda göstərilən 0.25 ha torpaq sahəsinin üzərində X6 mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “mərhum atası X11 və mərhum anası X4 AİK-nın qərarı ilə verilmiş, sənədi olmayan və faktiki istifadəsində olan 1:00 ha pay torpaq sahəsinə və 0,25 ha həyətyanı torpaq sahəsinin və ona və ailə üzvlərinə AİK-nın qərarı ilə verilmiş 1,20 ha sənədi olmayan, istifadəsində olan torpaq sahəsinin vahid daşınmaz əmlak kimi subyektlərin adına qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum atası X11 məxsus fərdi yaşayış evinin texniki pasportunda göstərilən 0.25 ha torpaq sahəsinin üzərində X6 mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının atası X12 xx.xx.1998-ci il tarixdə, anası X7 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişlər. Qax rayon AİK-nın müvafiq qərarı ilə onlara pay torpaq sahəsi verilmişdir. Onlara Əlibəyli kəndində 1:00 ha pay torpaq sahəsi, Lələli kəndində isə 0.61 ha pay torpaq sahəsi verilmişdir. Eyni zamanda atasının adına 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin torpaq sahələrinə çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabden iddiaçının müraciətinə imtina vermişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı Alaxverdiyeviçin mərhum atası X14 və mərhum anası Çaçaşvili Qulbak llarionovnaya Qax rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2000-ci il tarixli, 07 saylı qərarı ilə Əlibəyli kəndindən verilmiş 1,60 ha torpaq sahəsindən faktiki istifadəsində olsa da, aktda əksini tapmayan 1 ha hissəsinin JN-232, Kod 40303018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına salınması, mərhum X1i vərəsəsi İddiaçı Alaxverdiyeviçin faktiki istifadəsində olan, lakin heç bir hüquqmüəyyənedici sənədi olmayan 0,25 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi, həmçinin İddiaçı Alaxverdiyeviçin özünə və ailə üzvləri X3, Çaçaşvili la Firuzieviçə, X15 hər birinə 0,80 olmaqla Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Əlibəyli kəndindən verilmiş 3,20 ha torpaq sahəsindən 1,20 ha hissəsinin JN-233, Kod 40303018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə edilməsi tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına tərəflər gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZ-İ 582077 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.

3. AZ-İ 582078 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.

4. Qax rayonu Notariat ofisinin xx.xx.2022-ci il tarixli 474 nömrəli məktubu.

5. Qax rayonu Əlibəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli arayışı.

6. 24.11.2008-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surəti.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Qax rayonu Əlibəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X6 adı qeyd olunmuşdur.

8. Qax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Qax rayonu Əlibəyli kəndi üzrə 1990-2010-cu illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, Çaçaşvili Mosoyeviçin adı aşkar olunmamış, lakın İddiaçı və X5 adı qeyd edilmişdir.

9. X6 adına tərtib edilmiş avqust 1986-cı il tarixli Fərdi yaşayış evinin texniki pasportu.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-2617/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi X9 məxsus torpaq sahəsində və evdə faktiki istifadə olan 0.25 ha torpaq sahəsinin xüsusiyyətləri ((naturada sahəsi, döngə nöqtələri, yerləşmə vəziyyəti qoşma vərəqlərə sxem əlavə edilib),(KATEQORİYA- X2), (Uqodiyası- Tikinti altında olan torpaqlar), (Alt Uqodiyası- Fərdi yaşayış), (Mülkiyyətçisi - Əlibəyli Bələdiyyəsi), (İstifadəçısi-İddiaçı), Alt Kategoriyası- Həyətyanı sahələrin altında olan torpaqlar. İddia edilən fərdi yaşayış evinə və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinə hecbir hüquq müəyyənedici sənədlə üst-üstə düşmür. Fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst üstə düşmür. İddia olunan torpaq sahəsinə heç bir hüquqmüəyyənediçi sənəd verilməmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hüquqi marağı mərhum atasının istifadəsində olmuş 0.25 ha torpaq sahəsinin atasına məxsus olmasına dair arayışın əldə edilməsindən ibarətdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Təsərrüfatbaşına kitablardan çıxarışda mərhum X6 adına 0.25 ha torpaq sahəsinin qeydə alındığı aşkar edilmişdir. Həmçinin, X5 adına tərtib edilmiş avqust 1986-cı il tarixli Fərdi yaşayış evinin texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,25 ha olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi iddiaçının atasının istifadəsində olmuş 0,25 ha torpaq sahəsinin mərhuma məxsus olmasına dair iki hüquqmüəyyənedici əsas mövcuddur.Qeyd olunanlara əsasən iddia təmin edilməli, Qax rayonu Əlibəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin X10 məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 12 saylı Şəki Ərazi Ərazi İdarəsinin üzərinə Qax rayonu Əlibəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsinin X10 məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar