Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-780/2025 12.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əmək pensiyasının yenidən hesablanması və yeni hesablanmaya görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6814/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən işlədiyi illər tam şəkildə nəzərə alınmamışdır. Belə ki, o 1991-ci il iyunun 4-dən xx.xx.2020-ci il tarixə kimi polis orqanlarında işləmişdir. xx.xx.2017-ci il tarixdə təqaüdə çıxmışdır. 516.00 manat ona bir zabit kimi təqaüd hesablanmışdır. Bir il müddətdən sonra 2019 may ayında yenidən polis prqanlarında işə başalmışdır. xx.xx.2020-ci ildə yenidən təqaüdə çıxmışdır. Hal-hazırda 918.00 manat təqaüd alır. Onun təqaüdü düzgün hesablanmamışdır. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan, iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarına əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının Mərkəzi filiala xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciət ərizəsi və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-25471/2024 nömrəli məktubla iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində qeyd olunan 33 il 2 ay 13 gün xidmət müddətinə uyğun olaraq Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 24 sentyabr 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən təminat xərcliyinin (677,20 manat) 76,34 faizi- 516,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: -1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; -1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçı xidmət etdiyi orqandan 23 sentyabr 2017-ci il tarixində tərxis olunmağı ilə əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqində xidmət müddəti 33 il 2 ay 13 gün (28 il 1 ay 13 gün təqvimi, 5 il 1 ay güzəştli) göstərilib. Bu halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən edilir:
1. Təqvim illəri üzrə stajından xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzindəki stajı (2 ay 22 gün) çıxılır: 28 il 1 ay 13 gün (təqvim ili)-2 ay 22 gün = 27 il 10 ay 21 gün Deməli adıçəkilən şəxsin xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə stajı ümumilikdə 32 il 11 ay 21 gün (27 il 10 ay 21 gün+5 il 1 ay) təşkil edir. 2.xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə-20 il üçün - təminat xərcliyinin 50 faizi; -12 il üçün (aylar nəzərə alınmadan (belə ki, xx.xx.2017-ci İİ tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzerdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (12x3) təminat xərcliyinin 36 faizi;
3. xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı (2 ay 22 gün) müddəti üçün isə; - 2 aya görə təminat xərcliyin 0,33 faizi miqdarında müəyyən edilir.
4. Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (50+36+0,33) 584,63 manat məbləğində hesablanıb. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 617,76 manat müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 426,00 manat, rütbə maaşı 146,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 228,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 864,80 manat təşkil edib. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyul tarixli 142 nömrəli Fərmanın 2.5-ci bəndinə və Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əmək pensiyası müəyyən edilir. Bununla əlaqədar əmək pensiyası təminat xərcliyindəki sonrakı artım zamanı aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (13 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (13x2) təminat xərcliyinin 26 faizi; - natamam ildəki iş stajı aylarının sayına (2 ay) mütənasib olaraq təminat xərcliyinin 0,33 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,33 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (677,20 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (864,80 manat) arasındakı fərq məbləğinin (187,60 manat) 76,33 faizi- 143,20 manat 1 mart 2018ci il tarixinədək olan pensiyasının (584,63 manat) üzərinə əlavə olunmaqla 727,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyasının həmin tarixdən 800,61 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 918,30 manata artırılaraq ödənilməkdədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanununun 9.6.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. Həmin qanunun 2.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyada verilmiş 9.6-cı maddəsi əmək pensiyalarının həmin Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd edilənləri nəzərə alaraq, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi tərxis olunaraq əmək pensiyası təyin edilmiş şəxs yenidən əmək pensiyaçısı kimi xidmətə cəlb edildikdən ən azı 72 ay xidmət etdikdən sonra tərxis olunarsa ona dair sonuncu xidmət keçdiyi orqan tərəfindən göndəriləcək müvafiq məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablana bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Cavabdeh orqan tərəfindən daha sonra etiraza əlavə təqdim edilərək qeyd edilmişdir ki, iddiaçının 13 may 2020-ci il tarixdə yenidən ehtiyata buraxılması ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 34 il 2 ay 2 gün etdiyi qeyd olunmuşdur Göründüyü kimi, İddiaçı xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmədiyi üçün əmək pensiyanın yeni məlumat vərəqinə əsasən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 nömrəli, xx.xx.2020, xx.xx.2020, xx.xx.2019-cu il tarixli qərarları, Pensiyaçının 17/5248 nömrəli uçot vərəqi.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin verilməsinə nail olmaqdır. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 4 oktyabr 2017-ci il tarixli məlumat vərəqinə əsasən, onun xidmət müddəti 33 il 2 ay 13 gün olaraq göstərilmişdir. Bu xidmət müddətinə uyğun olaraq, ilkin mərhələdə əmək pensiyasının ümumi məbləği, tərxis olunduğu günə müəyyən edilmiş təminat xərcliyinin (677,20 manat) 86,33 faizi (yəni 50% + 36% + 0,33%) hesablanmış və nəticədə 584,63 manat təşkil etmişdir. Daha sonra isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.5-ci bəndinə və "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq pensiyanın məbləği yenidən hesablanmışdır. Bu hesablama zamanı 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq olan 13 il üçün hər il üzrə 2 faiz olmaqla (13×2) — 26 faiz və natamam xidmət müddəti olan 2 ay üçün mütənasib olaraq — 0,33 faiz nəzərə alınmış və nəticədə pensiyanın təminat xərcliyinə görə ümumi faiz dərəcəsi 76,33 faiz müəyyən edilmişdir. Bununla yanaşı, cavabdeh orqan xx.xx.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qaydasının qanunvericilikdə nəzərdə tutulmadığını əsas gətirərək, iddiaçıya pensiya təyin edilərkən tam il təşkil etməyən dövrü (11 ay 21 gün) nəzərə almamışdır. Göründüyü kimi, cavabdeh orqan xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş maddi hüquq normasının tələblərinə uyğun olaraq, ilkin mərhələdə iddiaçının əmək pensiyasını 20 ildən artıq xidmət müddətinə münasibətdə hər il üçün 3 faiz dərəcəsi ilə düzgün hesablamış, lakin sonradan həmin normada edilmiş dəyişiklikləri əsas götürərək 20 ildən artıq xidmət müddətinə 2 faiz tətbiq etmiş və nəticədə pensiyanın faiz dərəcəsini 76,33 faizə endirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əmək pensiyası müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.10-cu bəndinə əsasən Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanır. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası həmin dövrdə qanunvericilikdə qüvvədə olmuş maddi hüquq norması olduğundan və iddiaçının əmək pensiyası hüququ məhz həmin müddət ərzində formalaşdığından, həmin hüququn qanunvericiliyin dəyişdirilmiş yeni normasına əsasən sonradan azaldılması yolverilməzdir. Qanunvericilikdə edilmiş müvafiq dəyişiklik xx.xx.2017-ci il tarixindən sonrakı xidmət müddətinə münasibətdə faiz dərəcəsini - 2 faiz müəyyən etmişdir. Qanunverici tərəfindən 3 faiz dərəcəsinin tətbiqi ilə bağlı müddəa ləğv edilənədək qüvvədə olmuş və bu dövrdə formalaşmış hüquqi nəticələr (xidmət müddəti və bu müddətə görə əlavələr) sonrakı dəyişikliklərlə dəyişdirilə bilməz. Əks yanaşma hüquqi sabitliyə və qazanılmış pensiya hüququna müdaxilə ilə nəticələnə bilər. Məhkəmə həmçinin qeyd edir ki, istinad olunan normada 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavənin nəzərdə tutulması tam il başa çatmayan müddət üzrə hesablamanın aparılmasını istisna etmir. Yəni, qanunverici 20 ildən yuxarı hər il üçün hesablanmalı əlavənin məbləğini 3 faiz müəyyən etdiyindən, cavabdeh orqan tamamlanmamış ilə münasibətdə (natamam ildəki iş stajı aylarının sayına mütənasib) əlavəni həmin 3 faizə uyğun hesablamalı idi. Natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmanın aparılmasının konkret mexanizmi müəyyən edilənədək qanunvericilikdə natamam ildəki iş stajı aylarının nəzərə alınması ilə bağlı qadağanedici norma mövcud olmamış, qanunverici tam il üçün maksimum hədd müəyyən etməklə kifayətlənmiş, müəyyən edilmiş maksimum həddə münasibətdə konkret faizin müəyyən edilməsi isə cavabdeh orqanın səlahiyyətində olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın xx.xx.2017-ci il tarixdən sonra qanunvericiliyə edilmiş dəyişiklik əsasında həmin tarixədək artıq qazanılmış 20 ildən artıq xidmət müddəti üçün 2 faiz tətbiq etməsi və tam il bitməyən dövrü (11 ay 21 gün) pensiya təyinatı aparılan zaman nəzərə almaması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 33 il 2 ay 13 gün xidmət müddəti nəzərə alınmaqla ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.