Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-781/2022 24.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Yevlax rayon Tanrıqulular bələdiyyəsinə qarşı “130 kv.m torpaq sahəsinin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilməklə, adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, mümkünlük iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 130 kv.m torpaq sahəsinin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilməklə, adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus həyətyanı torpaq sahəsinin giriş hissəsində yerləşən torpaq sahəsində şəxsi vəsaiti hesabına mağaza tikdirmişdir. İddiaçı mağazanın yaxınlığında, mağazanın yerləşdiyi torpaq sahəsinə bitişik ərazidə yerləşən və 27 ilə yaxın faktiki istifadəsində olan ümumi sahəsi 130 kv.m torpaq sahəsini cavabdeh Yevlax rayon Tanrıqulular bələdiyyəsindən almaq və özünün xüsusi mülkiyyətinə keçirmək istəmiş və bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan isə 25.11.2021-ci il tarixli 151 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmiş və iddiaçıya bildirmişdir ki, sahibkarlıq məqsədilə torpaq sahəsi hərrac və ya müsabiqə yolu ilə ayrılır. Bunun üçün isə ilk növbədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmalıdır. Müraciətdə göstərilən torpaq sahəsi hal-hazırda mübahisəlidir. Hüquq mühafizə orqanlarında araşdırma aparılır. Araşdırma yekunlaşdıqdan sonra torpaq ayrılma proseduru başlanacaqdır. İddiaçıya 24.01.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddianın məzmunundan göründüyü kimi, iddia tələbi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlıdır. İddia ərizəsinə əsasən müəyyən edilir ki, hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasına məcbur edilməsi təşkil edir ki, məlum olduğu kimi isə istənilən müqavilənin bağlanması ilə əlaqədar olan məsələlərin həll edilməsi qaydası Mülki Məcəllənin müvafiq müddəaları ilə müəyyən edilmişdir, yəni tərəflər arasında hazırkı mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən qaynaqlanır. Başqa sözlə, hazırkı mübahisə inzibati mübahisə deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların müfəssəl siyahısı müəyyən edilmişdir ki, hazırkı mübahisə həmin siyahıda yer almış inzibati mübahisələrin heç birinə aid edilə bilməz. İddiaçı arzuladığı məqsədə müvafiq iddia tələbini müəyyən etməklə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb edərək nail ola bilər. Yardım məktubunda iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirməsi iddiaçıya təklif olunmuşdur. Yardım məktubu 04.02.2022-ci il tarixdə alınmış, lakin orada qeyd edilənlərlə bağlı iddiaçı tərəfindən yazılı münasibət bildirilməmişdir. Məhkəmə mümkünlük iclasında iştirak edən İddiaçı yardım məktubunda qeyd edilənlər bir daha izah edilmiş, hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. İddiaçı izahatında iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsindən də göründüyü kimi, tələb cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi 130 kv.m torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətinə verilməsi, yəni tərəflər arasında mülki hüquqi əqdlərin bağlanması ilə bağlıdır ki, bu halda da iddia mülki xarakter daşımaqdadır. Belə ki, iddiaçı hazırkı iddia ilə inzibati orqan olan cavabdehin onunla hər-hansı əqdin bağlanmasına məcbur edilməsini tələb etməkdədir. Bu isə ümumi hüququn tənzimetmə predmetinə aid olan məsələ kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Yevlax rayon Tanrıqulular bələdiyyəsinə qarşı “130 kv.m torpaq sahəsinin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilməklə, adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-781/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-781/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver