Məhkəmə qərarları › İş №2-1(116)-783/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-783/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-783/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1992-ci ildən 1994-cü ilədək N və N nömrəli hərbi hissələrdə tank bölüyündə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı aldığı xəsarətlərə görə dəfələrlə hərbi hospitalda müalicə almışdır. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım məktubu ünvanlanmış və cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi təklif olunmuşdur. İddiaçı 22.04.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etmiş və “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh 24.02.2022-ci il tarixli 11/682 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiya 23.05.2018-ci il tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə məktubla iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh orqan bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ünvanladığı 16.04.2022-ci il tarixli ərizəsində iddia tələbinə onun iştirakı olmadan baxılaraq təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda qeyd edilən və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətində 23cü səhifədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 40.2.3-cü maddəsinə əsasən Füzuli Hərbi Prokurorluğunun 17/14-29 nömrəli 10.05.2002-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Hərbi biletin 26-cı səhifəsindən görünür ki, iddiaçı 30.07.2002-ci il tarixdən Ucar RHK tərəfindən hərbi uçota götürülmüşdür. İşdə olan Tərtər Hərbi Prokurorluğunun 07.02.2022-ci il tarixli 22HP771 məktubunda qeyd edilir ki, 1973-cü il təvəllüdlü, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin 14.02.2022-ci il tarixli 136 nömrəli məktubuna əlavə edilmiş iddiaçıya məxsus qeydiyyat vərəqəsinin təsdiq edilmiş surətində qeyd edilir ki, Azərbaycan Respublikasının CPM-in 40.2.3-cü maddəsinə əsasən Füzuli Hərbi Prokurorluğunun 17/14-29 nömrəli 10.05.2002-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Şəki Şəhər Rayon Polis Şöbəsinin 19.02.2022-ci il tarixli məktubuna əlavə edilən 9 nömrəli əlavədən görünür ki, DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında iddiaçı barədə heç bir məlumat yoxdur. İşdə olan Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin Nazirliyin Hüquq idarəsinə ünvanladığı 14.02.2022-ci il tarixli 4/2-945 nömrəli məktubunda qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 01.03.1992-ci il tarixli 16 №-li əmrilə (əsas: səh 12, sıra 198, § 1) xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Ucar RHK-dan xidmətini davam etdirmək üçün gəlmiş, 1973-cü il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 19.09.1992-ci il tarixli 191 №-li əmrilə (əsas: səh 134, § 1, sıra 30) tank batalyonunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin 20.09.-dekabr 1992-ci il, may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin yanvar-aprel 1993-cü il tarixli nizami hissə üzrə əmrləri, 1993-1994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 02.03.2022-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı 07.03.2002-ci il tarixdə Füzuli hərbi prokurorluğuna etdiyi müraciəti ilə bağlı araşdırma aparılmış və 10.05.2002-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan Füzuli Hərbi Prokurorluğunun 17.03.2022-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı 07.03.2002-cr il tarixdə Füzuli hərbi prokurorluğuna müraciəti ilə bağlı 10.05.2002-ci il tarixdə barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. İşdə olan Füzuli Hərbi Prokurorluğunun 10.05.2002-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarında qeyd olunmuşdur ki, İddiaçı 12.05.1991-ci il tarixdə Ucar RHK tərəfindən hərbi xidmətə çağırılaraq keçmiş sovet ordusunda xidmət etmiş, 1992-ci ilin mart ayında respublikaya qayıtmış və yenidən Milli ordu sıralarına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin 01.03.1992-ci il tarixli 16 saylı əmri ilə N saylı hərbi hissəyə qəbul edilmiş, həmin hərbi hissədə Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş, 25.01.1993-cü il tarxidə xəstəliyi ilə əlaqədar hərbi hospitala göndərilmiş və 25.03.1993-cü il tarixdə müalicəsi başa çatdıqdan sonra xidmət yerinə qayıtmış və bir müddət xidmət etdikdən sonra, yəni 10.12.1993-cü il tarxidə hərbi hissəni özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” 17.10.1997-ci il tarixli 383-İ QR nömrəli Qərarının 6-cı maddəsində göstərilmişdir ki, Qərarın 1-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Qərarın 9-cu maddəsinə görə isə, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.01.1996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İddiaçının hərbi xidmətinin qeyd olunan xüsusatlarına dair isə arxiv sənədləri mövcud deyildir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 10.05.2002-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarından da göründüyü kimi iddiaçı xidmət müddəti ərzində hərbi hissəni özbaşına tərk etmiş və bir daha xidmət yerinə qayıtmamışdır. Bu hal da onu deməyə əsas verir ki, iddiaçı qanuni əsaslarla ordudan tərxis edilməmişdir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, iş materialları ilə onun hərbi hissəyə daxil olması müəyyən olunsa da, hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təsdiqini tapmamış, həmçinin bu faktları təsdiq edən qeydlər onun hərbi biletində və ya arxiv materiallarında aşkar edilməmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar