Məhkəmə qərarları › İş №2-1(116)-783/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-783/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-783/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2786/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atasından miras qalmış və hazırda mülkiyyətində olan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsi torpaq islahatı zamanı texniki səhv nəticəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuş və həmin torpaq sahəsi də daxil olmaqla ümumilikdə 0,92 ha torpaq sahəsinə JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib olunmuşdur. JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 254 Q planşet nömrəsində qeyd olunan 1599,66 kv.m torpaq sahəsinin 700 kv.m hissəsi faktiki olaraq həyətyanı torpaq sahəsidir. JN seriyalı 254 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 1599,66 kv.m torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin 700 kv.m həyətanı torpaq sahəsi ilə üst-üstə düşən hisssədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdeh orqan müraciət etmiş, lakin, sonuncu 25 noyabr 2022-ci il tarixli **********36 nömrəli məktubu ilə bundan imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı mərhum atasından miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha həyətyanı torpaq sahəsinin JN-254 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’' sənədinin 254Q planşet nömrəli 1599,66 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş və həmin qərar əsasında Ləğv edilmiş DTXK-sı tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 25.11 2022-ci il tarixli, **********36 nömrəli məktub göndərilmişdir. İddia ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, mübahisə predmetinə aid olan Balakən rayonu, Sarıbulaq kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Sarıbulaq kənd ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 776 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin 01,09.2008-ci il tarixli, 418 nömrəli arayışına əsasən mərhum X7 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci ıl tarixli. 2V-181 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə'yə və xx.xx.2008-ci il tarixli, 2V-182 reyestr nömrəli, "Ər-arvadın ümumi əmlakda paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X1 (payı 3/4 hissə üzrə) və İddiaçı Zubahir oğlunun (payı 1/4 hissə üzrə) adlarına paylı mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, X3 həmin daşınmaz əmlakdakı özünə aid 3/4 hissə üzərində olan payını notarial qaydada təsdiq edilmiş 18 12.2008-ci tarixli, 4Ə-418 reyestr nömrəli bağışlanma müqaviləsi ilə İddiaçı Zubahir oğluna bağışlamışdır. Həmin bağışlanma müqaviləsinə əsasən qeyd olunan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı Zubahir oğlunun adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı hazırki iddia predmetində mübahisələndirilən daşınmaz əmlakla bağlı əvvəllər də ərazi idarəsinə qarşı müvafiq iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, Şəki İnzibati Məhkəməsinin 09 mart 2022-cı il tarixli. 2-1(116)- 389/2022 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin olunmamışdır (həmin qərar təqdim olunur). Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış icraat materialları, həmçinin MA seriyalı, ******* nömrəli çıxarışın və 30 01.2010-cu il tarixli, 177 inventar nömrəli texniki pasportun verilməsi üçün əsas olan sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli **********36 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində, 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - X12 Filialının xx.xx.2021-ci il tarixli 194 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd S. Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X8 torpağının cəmi 0,07 olması qeyd edilmişdir. - Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 110 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996-2000-ci illər üzrə X9, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. - X12 Filialının xx.xx.2022-ci il tarixli 249 nömrəli arxiv çıxarışından görünür ki, Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən X10 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. - AZ-1 264066 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1999cu il tarixdə vəfat etmişdir. - JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, sözügedən sənəd Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı qərarına əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0,92 ha torpaq sahəsi ilə bağlı X9 və ailə üzvlərinin adına tərtib edilmişdir. - xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 0,07 ha, faktiki sahəsi 0,0733 ha, tikildiyi il 1982-ci il, fərdi yaşayış evi üzrə hüquq subyekti İddiaçı Zubahir oğlu qeyd edilmişdir. - Balakən rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd nümayəndəliyinin xx.xx.2008-ci il tarixcli 776 nömrəli arayışından görünür ki, Balakən rayon İHB-nin Sarıbulaq kənd Ərazi Nümayəndəliyinin 2006-2010-cu illərin 05 nömrəli təsərrüfat Baş kitabının 366 nömrəli səhifəsində 62 nömrə ilə X7 adına 1982-ci ildə tikilmiş 3 otaqlı, ümumi sahəsi 90 kv.m olan yaşayış evi və 0,07 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1549/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kımı işlənilmişdir JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsinin mülkiyyətçisi X9 və onun ailə üzvləri olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsi digər subyeyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsinin TEKUİS məlumatlarına əsasən kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası tikinti altında olan torpaqlar alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altında olan torpaqlar, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilər kimi işlənilmişdir. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-2402/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsinin hal hazırda kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Sözügedən torpaq sahəsinin təyinatı TEKUİS və JN 254 Dövlət Aktının məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Həmin torpaq sahəsinin mülkiyyətçisinə dair hal hazırda qüvvədə olan mötəbər hesab edilən JN 254 Dövlət Aktındakı məlumatlardır. Sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmuəyyənedici sənədlər təqdim edilmədiyindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunmuşdur. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş fərdi yaşayış evinə çıxarışın və texniki pasportun tərtib edilməsinə əsas qanunla müəyyən edilmiş müvafiq hüqumüəyyənedici sənədlər olmuşdur. Sözügedən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamışdır. Belə ki həmin fərdi yaşayış evinin tikildiyi tarix müvafiq hüquqmüəyyənedici sənədlərdə 1982-ci il qeyd olunmuşdur. Ancaq Azərbaycan Respubulikasının Torpaq Məcəlləsi xx.xx.1999-cu il tarixdə qüvvəyə minmişdir. - Balakən Rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 170 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazi yaşayış məntəqəsidir və ətrafda digər yaşayış evləri yerləşir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Qanun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. M a d d ə 1 0 . Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-) Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsinə nail olmaqdır. Belə ki, iddiaçı bildirir ki, mübahisələndirilən Dövlət Aktının 254Q planşetində qeyd edilən torpaq sahəsi faktiki olaraq fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə aid olsa da, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş JN-254 nömrəli Dövlət Aktında göstərilmiş 1599 kv.m torpaq sahəsinin tərkib hissəsi olaraq göstərilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində TEKUİS məlumatlarına əsasən sözügedən torpaq sahəsinin hal hazırda kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmasını bildirir. Həmçinin mütəxəssis rəyində sözügedən torpaq sahəsənin təyinatının həm də JN 254 Dövlət Aktının məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması və torpaq sahəsinin mülkiyyətçisinə dair hal hazırda qüvvədə olan mötəbər hesab edilən JN 254 Dövlət Aktındakı məlumatların olması qeyd edilir. Bununla belə iş materialları ilə müəyyən olunur ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunmuşdur. Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasportda qeyd edilmiş 0.07 ha torpaq sahəsi, JN-254 KOD 40112018 nömrəli Dövlət Aktının 254 planşetində qeyd edilmiş 1599.66 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqanın Seriya MA ******* nömrəli xx.xx.2010cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünü bələdiyyə kimi qeyd etməsi anlaşılan deyil. Belə ki, cavabdeh orqan sözügedən torpaq sahəsi ilə bağlı qüvvədə olan və mötəbər hesab edilən məlumatların JN-253 nömrəli Dövlət Aktında qeyd olunan məlumatlar olduğunu bildirirsə, bu zaman Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünü bələdiyyə kimi qeyd etməsini əsaslandırmalıdır. Məhkəmə tərəfindən mövcud zidiyyətlə bağlı cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna verilmiş cavabda sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmuəyyənedici sənədlər təqdim edilmədiyindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növünün bələdiyyə kimi qeyd olunduğunu bildirilmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərin məzmunundan asılı olmayaraq, iddia olunan torpaq sahəsinin elektron kadastr baza məlumatları əsasında xüsusiyyətlərinin müəyyən edilməsi cavabdeh orqanın vəzifəsidir. Cavabdeh orqan həmin torpaq sahəsinin JN-254 nömrəli Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyini bildirdiyi halda mülkiyyət növünü bələdiyyə qeyd etməsi və iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etməsi onu göstərir ki, torpaq sahəsinin təyinatı ilə bağlı cavabdeh orqanın konkret mövqeyi yoxdur. Cavabdeh orqan kənd təsərrüfatı təyinatlı hesab etdiyi torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair xx.xx.2010-cu il tarixli çıxarış və xx.xx.2010-cu il tarixli 177 inventar nömrəli texniki pasport tərtib etmişdir. Cavabdeh orqan kənd təsərrüfatı təyinatlı olduğu bildirilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasını Torpaq Məcələsinin 13-cü maddəsinin tələblərinə zidd olmamasını, həmin fərdi yaşayış evinin tikildiyi tarixin müvafiq hüquqmüəyyənedici sənədlərdə 1982-ci il qeyd olunması və Azərbaycan Respubulikasının Torpaq Məcəlləsinin xx.xx.1999-cu il tarixdə qüvvəyə minməsi kimi absurd mülahizələrlə əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki fərdi yaşayış evinin neçənci ildə inşa edilməsindən asılı olmayaraq, torpaq sahəsi və üzərində yerləşən tikililərə münasibətdə hüquqların dövlət qeydiyyatı aparılarkən qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmalı və məhz qanunvericiliyin müəyyən etdiyi hüquqi imkanlar nəzərə alınmaqla daşınmaz əmlak obyektləri ilə bağlı yaranmış əmlak hüquqlarının rəsmi reyestrdə qeydə alınması həyata keçirilməlidir. Odur ki, Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə kimi qeyd olunduğundan və Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərdə tutulduğundan cavabdeh orqan istinad olunan çıxarışın məzmununa uyğun davranmağa borcludur. MM-nin 140-cı maddəsinin tələbinə görə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşin hallarından göründüyü kimi Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın məzmununun qeyri-dəqiqliyi ilə bağlı cavabeh orqan tərəfindən hər hansı icraat aparılmamış və həmin çıxarışda qeyd edilmiş məlumatların mötəbərliyi mübahisələndirilməmişdir. İş materiallarında olan X12 Filialının arxiv arayışları ilə müəyyən edilir ki, Balakən rayonu Sarıbulaq kənd S.Vurğun adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 206-cı sırada X8 torpağının cəmi 0,07 olması qeyd edilmiş, Balakən rayonu Sarıbulaq kənd İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1996- 2000-ci illər üzrə X9, X2 və İddiaçı təsərrüfat üzvləri, evin tikildiyi tarix 1982-ci il, cəmi torpaq sahəsi 0,07 ha qeyd olunmuşdur. İddia olunan torpaq sahəsinin Balakən rayonu Şambul kənd S.Vurğun kolxozunun xx.xx.1980-ci il tarixli 2 nömrəli ümumi iclasının qərarı ilə X10 həyətyanı məqsədilə verilməsi iş materialları ilə sübut olunduğundan cavabdeh orqan tərəfindən sözügedən torpaq sahəsinin JN 254 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının 254Q planşetinə daxil edilməsi doğru olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə JN seriyalı 254 nömrəli “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktı”nın 1599,66 m2 torpaq sahəsi ilə bağlı 254Q planşet nömrəli hissəsinin, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”da qeyd olunan Balakən rayonu, Sarıbulaq kəndində yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 700 m2 torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar