Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-784/2021 03.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini 1993-cü ilin mart ayından 1994-cü ilin fevral ayınadək könüllü olaraq Milli Ordunun N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, 1993-cü ildə 17 yaşının olması, yaşı az olduğu üçün hərbi komissarlıq tərəfindən onun hərbi xidmətə aparılmasından imtina edilməsi, bundan sonra Şirvan şəhərinə gedib orada yerləşən hərbi hissənin hərbiçilərinə qoşulması, Ağdam rayonunda N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak edən zaman 21.07.1993-cü ildə yaralanması və Ağdam rayonu Qaradağlı kəndində yerləşən 223 saylı hərbi hospitalda 3 gün müalicə alıb yenidən hərbi xidmətini davam etdirməsi, 1994-cü ilin fevral ayında evə buraxılması, 1994-cü ilin may ayının 14-də isə Zərdab RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq N saylı hərbi hissədə xidmətini davam etdirməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını iddiaçının döyüş əməliyyatlarının aparıldığı dövrdə N saylı hərbi hissənin tərkibində xidmət keçməsi ilə bağlı hər hansı sənədin olmaması, iddiaçının 1994-cü ilin 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edərək həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasının müəyyən edilməməsi ilə əsaslandırmış, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan iddiaçının hərbi biletində olan qeydlərə əsasən onun hərbi xidmətinin Atəşkəs dövrünə (12.05.1994-cü ildən sonraya) təsadüf etdiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 25.02.2021-ci il tarixli 9/2-1631 nömrəli arxiv arayışından görünür ki, N () №-li hərbi hissə komandirinin iyul 1993-ci il, N №-li hərbi hissə komandirinin iyul 1993-cü il, fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər Müdafiə Nazirliyinin Mərkəzi Arxiv daxil olmamışdır. - Tərtər Hərbi Prokurorluğunun 06.05.2021-ci il tarixli 22HP2290 nömrəli məktubundan görünür ki, iddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Qarabağ Hərbi Prokurorluğunun 16.05.2021-ci il tarixli 18/2275 nömrəli məktubundan görünür ki, iddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin 12.05.2021-ci il tarixli 189-12601-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli məktubundan görünür ki, iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 14.06.2021-ci il tarixli HP12/30- 5360 nömrəli məktubundan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən, SHXÇDX-nin Zərdab Rayon Bölməsinin 01.02.2021-ci il tarixli, 264 №-li arayışından və 06.05.2021-ci il tarixli 363 nömrəli məktuba əlavə etdiyi iddiaçının qeydiyyat kartasının surətidən görünür ki, iddiaçı, 14.05.1994-cü il tarixdən 15.10.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 31.01.1995-ci il tarixdən 29.08.1997-ci il tarixədək müharibə dövründə N nömrəli hərbi hissənin tərkibində xidmət keçmişdir. İddiaçı 20.10.1997-ci il tarixdə təxris olunaraq SHXÇDX-nin Zərdab rayon bölməsində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 16.09.2021-ci il tarixli 4/2-784 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, yaralananların qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və müalicədə olması barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 21.02.2020-ci il tarixli və 24.09.2021-ci tarixli arayışlarından görünür ki, iddiaçı, 21.07.1993-cü il tarixdə 1 №-li Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında (N nömrəli hərbi hissədə) ambulator müayinədə olmuşdur (diaqnoz: “sol sağrı nahiyyəsinin qəlpə yarası”). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi onunla bağlıdır ki, iddiaçının 14.05.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməsini təsdiq edən, yəni hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı sübut yoxdur. İddiaçı özüdə etiraf edir ki, 1993-cü ildə yaşı az olduğundan (17) o, hərbi xidmətə çağırılmamış, yalnız 18 yaşı bitdikdən sonra 14.05.1994-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının faktiki olaraq hərbi xidmətdə olmasının qanuni əsası olmadığından onun hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və eyni zamanda şəxsi heyətin siyahısından çıxarılması da baş verə bilməzdi. İddiaçının yaralandığını bildirdiyi tarix 1993-cü il tarixə təsadüf edir. Bu fakt iş materiallarında olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 21.02.2020-ci il tarixli və 24.09.2021-ci tarixli arayışları ilə də sübut olunur. Lakin, N №-li hərbi hissədə müayinə olunarkən iddiaçıya “sol sağrı nahiyyəsindən qəlpə yarası” alması ilə bağlı diaqnozun qoyulması özlüyündə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yetərli deyil. Yəni, iddiaçının yalnız yaralanmasının və döyüşlərdə iştirakının müəyyən edilməsi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas ola bilməz. Bunun üçün yuxarıda qeyd edildiyi kimi iddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması da müəyyən edilməlidir. İddiaçının yaralandığı və müayinədə olduğu dövrdə isə (1993-cü il) onun hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması şərti sübuta yetirilmir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. İddiaçı hərbi qulluqçu statusunu 14.05.1994-cü il tarixdə hərbi xidmətə başlaması ilə əldə etmiş və 15.10.1997-ci il tarixdə tərxis olunanadək bu statusu daşımışdır. Qeyd olunan dövrdə hərbi xidmətdə olmuş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi - döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edərkən həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət aldığı halda verilə bilərdi ki, işin hallarından göründüyü kimi iddiaçı barəsində sadalanan hallar baş verməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının 14.05.1994-cü il tarixədək hərbi xidməti barədə sübut olmadığından, yəni iddiaçının qeyd olunan tarixədək xidmət etdiyi iddia etdiyini iddia etdiyi N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, o cümlədən hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından, həmçinin 14.05.1994 - 15.10.1997-ci il tarixlərdə xidməti zamanı döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edərək həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı 14.05.1994-cü il tarixədək N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, o cümlədən həmin hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-784/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-784/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver