Məhkəmə qərarları › İş №2-1(116)-784/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-784/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-784/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçı qızının İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “mərhum əri X2 1979-1987 və 1991-ci illərini sığorta stajı kimi nəzərə alaraq, ona ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçının əri 18 avqust 2023-cü ildə sentyabr ayında vəfat etmişdir. X6 Qanuna əsasən o, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Tələb olunan sənədlərlə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdehə təqdim etdiyi sənədlər əsasında mərhum ərinin 17 il 4 aydan çox ümumi sığorta stajı vardır Lakin cavabdeh təşkilat ona-ailə başçısını itirməyə görə pensiya təyin etməkdən imtina etmişdir. Səbəbi isə mərhum ərinin kolxozda işlədiyi 1979-1987 və 1991-ci illərə aid şəxsi hesab kitablarında soyadının bəzən “Məmmədov” kimi qeyd olunmasıdır. Qeyd olunan səbəbdən həmin illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Kolxozlar hazırda fəaliyyət göstərmədiyindən həmin səhvləri düzəltmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcədə arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qevdlər olmadıcıda. yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıada əmək staiını təsdiq edici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi ücün səxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr. yazılı əmək müqavilələri. İcrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, is dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göıündüyü kimi əmək stajı iş, xidmət təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər, sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsinin əsasları kimi mərhum əri X2 1979-1987-ci illər və 1991-ci il arasındakı dövrlər nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-144492/2024 nömrəli məktubla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçının mərhum əri T.Balayevin sığorta stajı qanunvericiliklə tələb olunan (17 il 04 ay) stajdan az olduğundan (09 il 01 ay 11 gün) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Etirazın əsasları və tətbiq edilməli hüquq normaları: Ailə başçısını itirməyə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə aşağıdakı 2 şərt ödənilməlidir: ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmalı; ailə başçısının ölüm gününədək “X6” haqqında Qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olmalı. “X6” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Belə ki, sözügedən maddənin tələblərinə əsasən arvad Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanununun 17.1 -ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilir ki, iddiaçı tərəfindən təqdim edilən 29 aprel 2024-cü il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Kalinin” adına kolxozda xx.xx.1979-cu il tarixdən xx.xx.1997-ci il tarixədək T.Balayevin əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Şəki-Zaqatala regional filialının keçirdiyi monitorinq nəticəsində tərtib olunmuş 06 iyun 2024-cü il tarixli akta əsasən araşdırma kolxozçunun əmək stajı və qazancının uçotu kitablarına (şəxsi hesab kitabları) əsasən aparılmışdır. Belə ki, araşdırma zamanı kolxozun şəxsi hesab kitablarında iddiaçının mərhum ərinin 1988-ci ildə adı, soyadı, atasının adı “X9” oğlu, 1989, 1990, 1992, 1993, 1994, 1995, 1997-ci illərdə “Balayev Tahir”, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1991-ci illərdə “Məmmədov Tahir” kimi qeyd edilmişdir. Bu səbəbdən 1979-1987-ci illərin və 1991-ci ilin T.Balayevin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, mərhum T.Balayevə məxsus sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı 9 il 1 ay 11 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (17 il 4 aydan) azdır: 06 iyun 2024-cü il tarixli akta əsasən T.Balayevin kolxozda işlədiyi 1988, 1989, 1990, 1992, 1993, 1994, 1995-ci illər bütövlükdə (7 il) nəzərə alınmaqla; xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək T.Balayevin hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla. Yuxarıda qeyd olunanlara əsasən mərhum T.Balayevin ölümü ilə əlaqədar İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Zaqatala rayonu Dövlət Arxivinin 29 aprel 2024-cü il tarixli arayışı, AZ İİ 367086 nömrəli Ölem haqqında şəhadətnamə, A3 ******* nömrəli doğum haqqında şəhadətnamə, И3-İ ******* nömrəli Əmək kitabçası, A3 828052 nömrəli Atestat, Zaqatala rayonu Dövlət Arxivinin 26 noyabr 2024-cü il tarixli məktubuna əlavə edilmiş şəxsi hesab kitablarından çıxarış. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X6 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X6” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “X6” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. . Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı, xx.xx.1959-cu ildə doğulub və qanunvericilikdə müəyyən edilmiş şərtlər yerinə yetiriləcəyi halda onun 62 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. İş materiallarından göründüyü kimi iddiaçının əri X5 xx.xx.2023-cü il tarixdə - 67,17 yaşında vəfat etmişdir. Bu zaman iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan staj – 17 il 4 ay olacaqdır ((67-15)x4=208=17 il, 4 ay). İş materiallarından görünür ki, T.Balayevin kolxozda işlədiyi 1988, 1989, 1990, 1992, 1993, 1994, 1995-ci illər bütövlükdə, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla cəmi 9 il 1 ay 11 gün sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh orqanın mübahisələndirdiyi dövr iddiaçının kolxozda işlədiyi 1979- 1987 və 1991-ci illəri əhatə edir. Cavabdeh bu tarixlərdə kolxozçunun əmək stajı və qazancının uçotu kitablarında (şəxsi hesab kitablarında) iddiaçının mərhum ərinin soyadının “Məmmədov” kimi qeyd edilməsi və bu səbəbdən də bu illərin sosial sığorta stajının hesablanması zamanı nəzərə alınmasının mümkünsüz olması ilə əsaslandırır. Məhkəmə tərəflərin iştirakı ilə təqdim edilmiş kolxozçunun əmək stajı və qazancının uçotu kitablarına (şəxsi hesab kitablarına) baxış keçirmiş, mübahisəsiz dövrlər və idddiaçının mərhum əri X1 “Məmmədov” kimi qeyd edildiyi illər hesablanmışdır. Müəyyən edilmiş edilmişdir ki, mübahisələndirilən dövrlər üzrə tədqiq edilən kolxozçunun əmək stajı və qazancının uçotu kitablarında ata adı qeyd edilmədən “Məmmədov Tahir” qeydləri icra edilmişdir. Məhkəmə iclasında izahat verərəkən iddiaçı özü də bildirmişdir ki, kənddə “Tahir” adında iki nəfər var və onlardan biri yaşlıdır. Belə olan halda, “Məmmədov” soyadı ilə icra edilmiş qeydlərin həqiqətən iddiaçının mərhum ərinə aid olub-olmaması qeyri-müəyyəndir. Kolxozçunun əmək stajı və qazancının uçotu kitablarında “Məmmədov” soyadı ilə icra edilmiş qeydlərin aid olduğu müddət nəzərə alınmadan iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum 17 il 4 ay sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə əlavə olaraq iddiaçıya izah edir ki, o, mərhum X4 ilə X2 eyni şəxs olması baradə Zaqatala RİHB-nın Bəhmətli kənd İƏD üzrə nümayəndəliyindən arayış təqdim etsə də, məhkəmə bu sənədi sübut kimi qiymətləndirmir. Belə ki, MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Odur ki, iddiaçı, əvvəlcə mərhum ərinin soyadının “Məmmədov” kimi qeyd edildiyi arxiv arayışının mərhuma aid olması faktının müəyyən edilməsi üçün ümumi rayon məhkəməsində iddia qaldımalıdır. Müraciəti müsbət həll olunduğu halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1979-1987 və 1991-ci illəri sığorta stajı kimi nəzərə alaraq, ona ailə başçısını itirməyə görə əmək pensiyasını almaq hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar