Məhkəmə qərarları › İş №2-1(116)-785/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-785/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-785/2021 20.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı JN-985A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək JN-985A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, qeyd edilən evlərə və həmin evlərin yerləşdiyi 0,185 ha torpaq sahəsinə ailə üzvlərinin mülkiyyət hüququnu qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, mərhum həyat yoldaşı X1 miras qalmış evlərin texniki pasportlarında 531,3 kv.m, 625,8 kv.m və 993 kv.m olmaqla cəmi 2.150 kv.m həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həyat yoldaşı M.İsmayılov vəfat etdikdən sonra miras qalmış evlərə mülkiyyət sənədi almaq istəyən zaman məlum olmuşdur ki, həmin evlərin həyətyanı torpaq sahəsinin cəmi 900 kv.m hissəsinə şəhadətnamə hazırlanmışdır. Qalan 1.250 kv.m torpaq sahəsinə isə sənəd hazırlanmamışdır. Sənədləri aldıqdan sonra ona məlum olmuşdur ki, evlərin yerləşdiyi torpaq sahəsinin yarıdan çox hissəsi bələdiyyə torpağı kimi qeyd edilmişdir. Ona görə də, şəhadətnamədə və texniki pasportlarda qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq onun adına evlərlə birlikdə vahid daşınmaz əmlak kimi Dövlət Reyestrindən çıxarışın hazırlanmasını xahiş etmişdir. İmtina məktubu aldıqdan sonra Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 0,185 hektardır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, İddiaçı 12.04.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, ərizəsi İPM-in 46-cı maddəsinin tələblərinə cavab vermir. Belə ki, İPM-in 46.1-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin, iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri, əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı, ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. Odur ki, İddiaçı İPM-in 46.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq təklif olunmuş, əks təqdirdə İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. İddiaçı 17.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, 2-1(116)- 785/2021 saylı iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsini 2-1(116)-152/2021 saylı iş üzrə iddia ərizəsinə əlavə kimi vermişdir və həmin iş üzrə 09.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin hazırkı iddia ərizəsi məhkəməyə gec çatmış və 2-1(116)-152/2021 saylı iş üzrə iddianın mümkün sayılmaması barədə 09.04.2021-ci il tarixli qərardad qəbul olunmuşdur. Bundan sonra o, müvafiq sənədləri topladıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əsllərinin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”): 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı JN-985A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinə ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar