Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-785/2023 02.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının qərarı ilə iddiaçıya satılmış, Göyçay rayon Bığır kəndində yerləşən 35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının qərarı ilə iddiaçıya satılmış, Göyçay rayon Bığır kəndində yerləşən 0.0035 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2788/2022 nömrəli qərardadı ilə Göyçay rayon Bığır bələdiyyəsini adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədi ilə 0.0035 kv.m torpaq sahəsi satılmış, iddiaçı, satılmış torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. İddiaçı, Göyçay rayon Bığır kəndində yerləşən 0.0035 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Göyçay rayonu, Bığır bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışında, ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı i! tarixli, 290 nömrəli torpaqların alqı-satqısırıa dair aktında, ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsinin Rəyində və Baxış aktını pozulmalar aparılaraq düzəlişlər olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11,2-ci maddələrinə əsasən pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Göyçay rayonu, Bığır bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş Yerqurluşu xəritəsindən çıxarışda torpaq sahəsinin ölçüsü 8mx4m=32kv.m qeyd edilmişdir. Göyçay rayonu, Bığır bələdiyyəsinin qərarı xx.xx.2007-ci il tarixli olduğu halda ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş 290 nömrəli torpaqların alqı-satqısına dair aktı xx.xx.2006-cı il tarixədir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmayıb. İddiaçı, məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarından və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bığır kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə 0,0035 m2 olan torpaq sahəsi satılmış, sonuncu tərəfindən satılmış torpaq sahəsinin dəyəri ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin rəyindən görünür ki, Bığır kənd sakini X1 inkişafı məqsədilə satılması nəzərdə tutulan 35 kv.m torpaq sahəsi Bığır bələdiyyəsinin kənd təsərrüfatına yararsız bələdiyyə torpağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaqların yeni normativ qiymətlərinin müəyyən edilməsi haqqında” 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına uyğun olaraq həmin torpaq sahəsinin sahibkarlığın inkişafı məqsədilə İddiaçı mülkiyyətinə satılması məqsədə müvafiqdir. - Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 12 nömrəli məktubundan görünür ki, Bığır kənd ərazisində olan 35 kv.metr torpaq sahəsi Bığır kənd sakini İddiaçı istifadəsindədir. Həmin torpaq sahəsinin sənədləşməsinə heç bir etirazı yoxdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, İdarənin arxiv materiallarında mövcud olan, X3 Göyçay rayon Bığır bələdiyyəsi tərəfindən ayrılan 0.0035 ha torpaq sahəsi ilə bağlı qovluqda Göyçay rayon Bığır bələdiyyəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri tərəfindən imzayla təsdiq edilən 0,0032 ha (32 kv.m) torpaq sahəsinin yerquruluşu planından çxarışda koordinatlar mövcud olmadığı, üçün torpaq sahəsinin elektron baza məlumatlarına əsasən xüsusiyyətləri (təyinatı, uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti, digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi və s) müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildiririk ki, baxış zaman, mütəxəssisə iddiaçının faktiki istifadə etdiyini bildirdiyi və naturada göstərdiyi 0.0035 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyalı, islahat uqodiyası, tikinti altında olan torpaqlar və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia tələbindən göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının qərarı ilə iddiaçıya satılmış, Göyçay rayon Bığır kəndində yerləşən 0.0035 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almasına nail olmaqdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay rayon Bığır kəndində yerləşən 35 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, sahəni seçmə aktı, Göyçay şəhər bələdiyyəsi və DTXK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi Göyçay rayon Bığır bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili Göyçay rayonu, Bığır bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 06 nömrəli iclas protokolundan çıxarışında, ləğv edilmiş DTXK- nin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 290 nömrəli torpaqların alqısatqısına dair aktında, ləğv edilmiş DTXK-nin Göyçay rayon şöbəsinin Rəyində və Baxış aktını pozulmalar aparılaraq düzəlişlər olunması ilə bağlıdır. Həmçinin cavabdeh orqan iddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmamasını və mütəxəssis rəyini iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə tərtib etdiyini bildirir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 12 nömrəli məktubu ilə torpaq sahəsini ayıran bələdiyyə Bığır kənd ərazisində olan 35 kv.metr torpaq sahəsinin iddiaçının istifadəsində olmasını və həmin torpaq sahəsinin sənədləşməsinə heç bir etirazının olmamasını bildirir. Cavabdehin digər imtina dəlilinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, Göyçay rayon Bığır bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan iddiaçının müracətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə “Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının qərarı ilə iddiaçıya satılmış, Göyçay rayon Bığır kəndində yerləşən 35 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.