Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-786/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X5, X9, X7 və Zaqatala bələdiyyəsi cəlb olunmaqla) qarşı «torpaq sahəsinin təyinatına zəruri düzəliş olunaraq təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd edilməsi və ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə Zaqatala rayonunun Zilban kəndində 390,41 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən A 070500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hazırlanıb verilmişdir. Sözügedən sənəddə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı məhsullarının istehsalı” kimi qeyd olunmuşdur. İddiaçı həmin sənədlər əsasında torpaq sahəsinin təyinatında düzəliş olunaraq təyinatı “yaşayış məntəqələri torpaqları” kimi göstərilməklə özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bundan sonra İddiaçı Şəki İnzibati Məhkəməsində cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin təyinatına zəruri düzəliş olunaraq təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd edilməsi və ümumi birgə mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırır ki, o, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə ona və ailəsinə ayrılmış 390,41 kv.m torpaq sahəsinin təyinatı düzgün yazılmaqla həmin torpaq sahəsi üzərində hüququn qeydiyyatı ilə bağlı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. Torpaq sahəsi 1965-ci ildən iddiaçının ailəsinin istifadəsindədir. Sahə həyətyanı kimi yazılmalı idi, lakin kənd təsərrüfatı təyinatlı yazılmışdır. İddiaçı cavabdehin imtinasını əsassız sayır və mübahisələndirir. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, İddiaçı torpaq sahəsinin təyinatına müvafiq düzəliş olunmaqla üzərində hüququn qeydiyyatı ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxildə olmadığından, ərizənin icrası mümkün olmamış və bu barədə ona 30 noyabr 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin üçüncü hissəsinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.4, 9, 11.1-ci maddələrinə əsaslanaraq, iddianın təmn edilməməsi məhkəmədən xahiş olunur. DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 7 oktyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddia olunan 390,41 kv.m torpaq sahəsi İdarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında naturada ölçüləri 390 kv.m olmaqla Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan torpaqlar kimi işlənilmişdir. Həmin torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Mübahisələndirilən 390 kv.m torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdur və həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan 390,41 kv.m torpaq sahəsi Zaqatala rayonu, Zilban kəndinin kompleks yerquruluşu layihəsində DWG məlumatlarında yaşayış məntəqələri torpaqlarının hüdudları daxilində kənd təsərrüfatı təyinatlı torpaqlar kimi işlənilmişdir. Məhkəmə icraatının gedişində iddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə A070500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan iddiaçıya verilmiş torpaq sahəsinin təyinatına zəruri düzəlişlərin olunması, torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi olaraq qeydiyyata alınması, naturada ölçüləri 390,00 kv.m olan həmin torpaq sahəsi üzərində faktiki istifadə olunan 390,00 kv.m ölçüdəki koordinatlara uyğun olaraq iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini 29 iyul tarixli qərardadla qəbul etmişdir. Həmçinin məhkəmənin 29 iyul 2025-ci il tarixli qərardadı ilə X5, X9, X7 və Zaqatala bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Zaqatala rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Zaqatala rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçı və ailə üzvlərinin onlara Zaqatala Rayon AİK-nın 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə rayonun Zilban kəndində ayrılmış 390 kv.m torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Torpaq islahatı haqqında» Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin maddənin 2-ci hissəsinə görə torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Həmin Qanunun 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X1 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 1 – 2-ci bəndləri ilə «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, (2.4) torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini və (2.5) ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. «Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları»nın 3.2-ci bəndinə görə xəritələrin üzərində şəhər, qəsəbə və kənd ərazi vahidlərinin, bələdiyyələrin sərhədlərinin elektron geodeziya ölçmə alətləri vasitəsilə, daimi fəaliyyət göstərən istinad stansiyaları şəbəkəsinin və ya dövlət geodeziya şəbəkəsinin yerüstü nəzarət nöqtələrinə bağlanmaqla dürüstləşdirilməsi işləri aparılır. Bu zaman sərhəd xəttində mərz nişanlarının mövcudluğu, onların müvafiq sənədlərdə göstərilən koordinatlara uyğun qoyulduğu (basdırıldığı) yoxlanılır və sərhəd xətti boyunca itmiş mərz nişanlarının yerləri müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi daşıyır. Hazırkı işin məhkəmə araşdırılması ilə də müəyyən edilir ki, İddiaçı və onun ailə üzvlərinə Zaqatala rayonunda aparılmış aqrar islahat nəticəsində rayonun Zilban kəndi ərazisindən 390,41 kv.m torpaq sahəsi ayrılmış və onların ümumi mülkiyyətinə verilmişdir. DTXK-nın yerli qurumu tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin təyinatı “kənd təsərüfatı məhsullarının istehsalı” kimi göstərilmişdir. İPM-in 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəaları tətbiq olunur. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə vurğulayır ki, hazırkı icraatda aidiyyəti səlahiyyətli orqan kimi DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsindən müvafiq suallar üzrə alınmış mütəxəssis rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat müəyyən edilməmişdir. Məhkəmə icraatında tədqiq olunmuş həmin mütəxəssis rəyindən görünür ki, yuxarıda sözügedən Fərmanın icrası çərçivəsində yaradılmış TEKUİS məlumat bazasına əsasən mübahisə predmeti olan 390 kv.m torpaq sahəsinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi işlənilmişdir. Belə olan halda, həmin Fərmanın icrası çərçivəsində iddiaçının iddia etdiyi 390 kv.m ölçüdə torpaq sahəsinin təyinatındakı uyğunsuzluq aradan qaldırılmalı və bu təyinat TEKUİS məlumat bazasına müvafiq olaraq “yaşayış məntəqlərinin torpaqları” təyinatı ilə qeydiyyat alınmalıdır. Bundan başqa, rəyə əsasən mübahisə predmeti olan 390 kv.m torpaq sahəsi başqa mülkiyyətçilərin xüsusi mülkiyyətinə verilən torpaq sahələri ilə hər hansı hissədə üst-üstə düşmür və iddiaçının istifadəsindədir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə müvafiq torpaq sahəsinin təyinatı “yaşayış məntəqələri torpaqları” kimi qeyd edilməklə onların ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə A070500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan İddiaçı verilmiş torpaq sahəsinin təyinatına zəruri düzəlişlərin olunması, torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi olaraq qeydiyyata alınması, naturada ölçüləri 390,00 kv.m olan həmin torpaq sahəsi üzərində faktiki istifadə olunan 390,00 kv.m ölçüdəki koordinatlara uyğun olaraq İddiaçı, X2, X6 və X3 ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə A070500 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan İddiaçı verilmiş torpaq sahəsinin təyinatına zəruri düzəlişlərin olunması, torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi olaraq qeydiyyata alınması, naturada ölçüləri 390,00 kv.m olan həmin torpaq sahəsi üzərində faktiki istifadə olunan 390,00 kv.m ölçüdəki koordinatlara uyğun olaraq İddiaçı, X2, X6 və X3 ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №2-1(116)-786/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-786/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver