Məhkəmə qərarları › İş №2-1(116)-787/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-787/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-787/2024 28.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəza çəkməkdən azad edilməsi ilə birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cəza çəkməkdən azad edilməsi ilə birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərmişdir ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli 1(051)-59/2022 nömrəli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cəza çəkərək, cəza müddətinin bitməsi ilə əlaqədar azad olunmuşdur. Bu barədə Şəki Penitensiar Xidmətindən xx.xx.2023-cü il tarixli 90 №-li arayış verilmişdir. Qanunvericiliyə əsasən ona sosial adaptasiya üçün birdəfəlik pul mükafatı verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə tələbin icrasından imtina etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli etiraz məktubunda bildirmişdir ki, iddiaçıya 15.08 2023-cü il tarixli 3-17- 1/2-A-196421/2023 nömrəli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 196421/2023 nömrəli "sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar muəsıssəsının 11 08.2023-cu ıl tarixli 90 nömrəli arayışına əsasən iddiaçı 11 02 2022-ci il tarixdən 11,08.2023-cü il tarixədək cəza müddətini çəkmiş və cəza müddətinin bitməsi ilə əlaqədar azad olunmuşdur. Bildiririk ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosialpsixoloji tədbirlər sistemidir. Nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2023-cü il tarixində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyi ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-59/2022 nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(051)-17/2020 nömrəli hökmü;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 90 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-59/2022 saylı hökmü ilə azadlıqdan məhrum etmə ilə cəzasına məhkum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə xx.xx.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən verilən cəzanın çəkilməsi başa çatdığından cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilməli olan birdəfəlik müavinətin ödənilməsindən ibarətdir. Cavabdehin imtnasının əsasını iddiaçının daha əvvəl-xx.xx.2022-ci il tarixində belə müavinəti alması və bu müddətdən bir il keçməmiş yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum olması ilə bağlıdır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia əsaslıdır. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. İşin hallarından görünüdüyü kimi iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(051)-17/2020 saylı hökmünə əsasən təyin edilmiş cəzanın başa çatması ilə əlaqədar olaraq ona birdəfəlik müavinət verilmişdir.Hazırkı tələbin əsası iddiaçı barəsində olan digər hökmdür və cavabdehin imtina dəlilinin hər hansı hüquqi əsası mövcud deyil. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə ödənilən birdəfəlik pul müavinətinin təyin edilməsi və ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar