Məhkəmə qərarları › İş №2-1(116)-788/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-788/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-788/2025 18.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1963-cü ildən xx.xx.1960-cı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1963-cü ildən xx.xx.1960-cı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı 1960-ci ildə anadan olmuşdur. Uşaqikən xəstə olduğu üçün doğum haqqında şəhadətnaməni gec almış və doğum haqqında şəhadətnaməsində anadan olduğu tarix xx.xx.1963-cü ilə qeyd edilmişdir. 1967-ci ildə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinin birinci sinifinə getmişdir. Bu doğum şəhadətnaməsi ilə 4 yaş olur. Bu da mümkün olmayan bir işdir. İddiaçıya Zəyzid Ambulatoriyası tərəfindən açılan fərdi vəsiqədə doğum tarixi düzgün olaraq 30 dekabr 1960 il göstərilmişdir. Vəsiqədə həmin ildən peyvəndləri, müalicələri aparılmışdır. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı etirazında bildirmişdir, “vətəndaş İddiaçı doğum və nikah haqqında akt qeydində doğum tarixinin “xx.xx.1963-cü ildən “xx.xx.1960-cı ilə dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1963cü il” kimi qeyd edilmişdir. Akt qeydindən görünür ki, doğum həkim məntəqəsinin xx.xx.1963-cü il tarixli yoxlamasına əsasən qeydə alınmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində, hərbi biletində, xx.xx.1963-cü il tarixdə verilən AZ seriyalı 362606 nömrəli doğum haqqında şəhadətnaməsində doğum tarixi “xx.xx.1963-cü il” yazılmışdır. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan nikah haqqında akt qeydində də doğum tarixi "xx.xx.1963-cü il” yazılmışdır. Doğum və nikah haqqında akt qeydində doğum tarixinin “xx.xx.1963-cü i!”dən “xx.xx.1960- cı il”ə dəyişiklik edilməsi üçün hər- hansı bir hüquqi əhəmiyyətli sənəd təqdim edə bilmədiyindən həmin akt qeydində müvafiq dəyişikliyin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin müddəaların 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. Qeyd edilənlərə əsasən doğum və nikah haqqında akt qeydində doğum tarixinin “xx.xx.1963-cü il”dən “xx.xx.1960-cı il”ə dəyişiklik edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir” Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. 14.08.2017-ci il tarixdə verilmiş AZE seriyalı 16106602 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,vəsiqə X1 verilmişdir.

3. BT 030512 seriya nömrəli diplomun surəti.

4. 600 nömrəli Uşağın inkişafı tarixi kitabçası.

5. 0602253 seriya nömrəli İddiaçı məxsus əməək kitabçasının surəti.

6. Şəki rayon dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Nuxa rayonu Orta əyzid ZDS İcraiyyə Komitəsinin 1960-1962, 1963-1965-ci illərin təsərrüfatbaşına kitabında İddiaçı doğum tarixi xx.xx.1963-cü il kimi qeyd edilmişdir.

7. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.1963cü il təvəllüdlü İddiaçı barəsində məlumat qeyd edilmişdir.

8. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1963-cü il tarixdə tərtib edilmiş 188№-li doğum aktı qeydinin surətindən görünür ki, iddiaçının doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmişdir.

9. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1992-ci il tarixdə tərtib edilmiş 68 №-li doğum aktı qeydinin surətindən görünür ki, X3 atası İddiaçı doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmişdir.

10. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 60 №-li doğum aktı qeydinin surətindən görünür ki, X4 atası İddiaçı doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmişdir.

11. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1990-ci il tarixdə tərtib edilmiş 10 №-li nikahın bağlanması haqqında aktı qeydinin surətindən görünür ki, İddiaçı doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmişdir.

12. SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartasında iddiaçının doğum tarixi xx.xx.1963-cü il kimi qeyd edilmişdir.

13. İddiaçıya məxsus НЗ ******* seriya nömrəli hərbi biletin surəti.

14. Şəki rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışının surəti.

Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı tələbdə iddiaçının hüquqi marağı səhv hesab etdiyi Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1963-cü ildən xx.xx.1960-cı ilə dəyişdirilməsindən ibarətdir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, sözügən doğum haqqında akt qeydi tərtib edilən zaman qüvvədə olan “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 184-cü maddəsinə əsasən doğumun qeydiyyatı, uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud da onlardan birinin yaşadığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Doğum haqqında yazılı və ya şifahi formada məlumat valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar valideynlərin razılığı olduqda, doğumun təntənəli şəraitdə qeyd olunmasını təmin edirlər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci üç ay ərzində, uşaq ölü doğulduqda isə doğum vaxtından ən geci üç gün müddətində verilməlidir. Göründüyü kimi mübahisəli akt qeydi tərtib edilən dövrdə mövcud qanunvericiliyə əsasən doğumun qeydiyyatını aparan müvafiq orqana məlumat uşaqların doğulduğu yerdə və ya valideynlərin, bu mümkün olmadıqda isə uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilməsi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.1963-cü il tarixli doğum haqqında akt qeydində doğumun qeydiyyatı həkim məntəqəsinin xx.xx.1963-cü il tarixli yoxlamasına əsasən qeydə alınmışdır. Bu halın mövcudluğunu istisna edən hər hansı bir dəlil iş üzrə təqdim edilməmişdir. Bununla yanaşı iddiaçının iddiasında doğum haqqında şəhadətnaməninin alınması ilə bağlı gec müraciət olunması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrüdə “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 185-ci maddəsinin tələbinə görə bu doğum haqqında məlumatı verməli olan şəxslərin məsuliyyət sferasına aid olan məsələ olduğundan burada qeydiyyatı aparan orqanın hərəkətlərinin qanunsuz olmasına istinad edilə bilməz. Bununla yanaşı işdən belə müəyyən edilir ki, iddiaçının şəxsiyyət vəsiqəsində, hərbi biletində, “nikah haqqında akt qeydi”ndə, xx.xx.1963-cü il tarixdə verilən AZ seriyalı 362606 nömrəli “doğum haqqında şəhadətnamə”sində doğum tarixi “xx.xx.1963-cü il” kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən əldə edilən “Orta Zəyzid təsərrüfatbaşı kitabı”nda (770-814) İddiaçı doğulduğu il xx.xx.1963-cü il göstərilmişdir. Göründüyü kimi iddiaçıya aid bütün sənədlərdə onun doğum tarixinin eyni xx.xx.1963-cü il tarix göstərildiyi halda, yalnız 1967-ci ildə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinin birinci sinifinə getməsi və Zəyzid Ambulatoriyası tərəfindən açılan fərdi vəsiqədə doğum tarixinin 30 dekabr 1960 il olmasına əsaslanaraq doğum tarixnin qeydiyyat orqanı tərəfindən yanlış olaraq qeyd edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin qurumların iddiaçının doğum tarixinin 30 dekabr 1960 kimi qəbul olunmasının əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim edilməməklə yanaşı bu halın təkzibolunmazlığı məhkəmə araşdırılması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 13-N nömrəli Qərarının 7.1-ci bəndinə əsasən qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1.7. doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək; “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1963-cü ildən xx.xx.1960-cı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar