Məhkəmə qərarları › İş №2-1(116)-79/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-79/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-79/2020 05.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X20rşı "ünvan 1ində yerləşən evə və həmin evin yerləşdiyi 1,60 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş "Oğuz rayonunun Xaçmaz kəndində vətəndaşlarınmülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəl"də 45-ci sətirdə İddiaçı və ailə üzvləri X4, X7, X5, X10, X6 adları göstərilmiş, onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,30 ha qeyd olunmuşdur. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarına əsasən, İddiaçı və onun ailə üzvləri X4, X7, X5, X10, X6 mülkiyyətinə 0,94 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-045F kod 40509018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Eyni zamanda, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarına əsasən, həmim şəxslərin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,87 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-4xx xxx 40509018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. "xxxxxxxxxxxxxxxxx" MMC tərəfindən 2019-cu ildə "ünvan 1i ünvanında yerləşən 2016-cı ildə istifadəyə verilmiş fərdi yaşayış evi binasının memarlıq planlaşdırma həlli" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1ində yerləşən evə və həmin evin yerləşdiyi 1,60 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının istifadəsində olan 1,60 ha torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyinə görə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Eyni zamanda, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ümumi istifadədə olan "mal-qara düşərgəsi" kimi qeyd olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, ünvan 1ində "mal-qara düşərgəsi" adlanan ərazidə yerləşən 1,60 ha torpaq sahəsi onun istifadəsindədir. Göstərilən 1,60 ha torpaq sahəsi torpaq islahatı zamanı onun adına qeydə alınmışdır. Qeyd olunan torpaq sahəsinə indiyədək məlum olmayan səbəbdən müvafiq sənəd hazırlanmamışdır. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, təqdim olunan sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-4xx xxx 40509018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 nömrəli qərarı ilə İddiaçı, onun ailə üzvləri X9, X12, X11, X13, X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,87 ha torpaq sahəsi verilmişdir. - İşdə olan, JN-045F kod 40509018 nömrəli xx.xx.2006-cı il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Oğuz Rayon AİK-in xx.xx.1998ci il tarixli 67 nömrəli qərarı ilə İddiaçı, onun ailə üzvləri X4, X7, X5, X10, X6 ümumi mülkiyyətinə 0,94 ha həyətyanı torpaq sahəsi verilmişdir. - İşdə olan, "ünvan 1i ünvanında yerləşən 2016-cı ildə istifadəyə verilmiş fərdi yaşayış evi binasının memarlıq planlaşdırma həlli" adlanan sənəddən görünür ki, həmin sənəd "xxxxxxxxxxxxxxxxx" MMC tərəfindən 2019-cu ildə tərtib edilmişdir; - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, , iddiaçının istifadəsində olan 1,60 ha torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilmədiyinə görə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması mümkün deyil. Eyni zamanda, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla ümumi istifadədə olan "mal-qara düşərgəsi" kimi qeyd olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X22 xx.xx.2020-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, iddiaçının adına olan JN-045F kod 40509018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,94 ha torpaq sahəsi iddia olunan 1,60 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Elektron (DWG) baza məlumatlarına görə iddiaçının adına olan JN-045F kod 40509018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,94 ha torpaq sahəsi iddia olunan 1,60 ha torpaq sahəsindən 1640 metr şimal istiqamətində, iddia olunan 1,60 ha torpaq sahəsi isə "mal-qara düşərgəsi" adlandırılan dövlət mülkiyyətinə aid torpaq sahəsinin ərazisində yerləşir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi ünvan 1ində yerləşən evə və həmin evin yerləşdiyi 1,60 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hər hansı bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Yaranmış suallarla bağlı məhkəmə tərəfindən sorğu edilərək cavab məktubu alınmışdır. Həmin cavab məktubunda deyilir ki, iddiaçının adına olan JN-045F kod 40509018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,94 ha torpaq sahəsi iddia olunan 1,60 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Elektron (DWG) baza məlumatlarına görə iddiaçının adına olan JN-045F kod 40509018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,94 ha torpaq sahəsi iddia olunan 1,60 ha torpaq sahəsindən 1640 metr şimal istiqamətində, iddia olunan 1,60 ha torpaq sahəsi isə "mal-qara düşərgəsi" adlandırılan dövlət mülkiyyətinə aid torpaq sahəsinin ərazisində yerləşir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Göründüyü kimi, həyətyanı torpaq sahəsinin torpaq islahatı zamanı şəxsin mülkiyyətinə verilməsi üçün həmin torpaq sahəsi əvvəldən göstərilən şəxsin qanuni istifadəsində olmalıdır. Lakin müəyyən edildi ki, iddiaçının tələb etdiyi 1,60 ha torpaq sahəsinin iddiaçının, yaxud ailə üzvlərinin istifadəsinə verilməsinə dair hər hansı qərar, sərəncam, yaxud digər sənəd yoxdur. Digər tərəfdən, elektron DWG baza məlumatlarına əsasən, həmin 1,60 ha torpaq sahəsi mal-qara düşərgəsidir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə, mal-qara düşərgələrinin torpaqları dövlət mülkiyyətində saxlanılır. Həmin maddənin ikinci və üçüncü hissələrində deyilir ki, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı mal-qara düşərgələrinin torpaqları dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, 1,60 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud olmadığına görə, müvafiq olaraq evə də iddiaçının mülkiyyət hüququ yaranmadığına görə cavabdeh onun adına qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X20rşı "ünvan 1ində yerləşən evə və həmin evin yerləşdiyi 1,60 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar