Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-79/2024 17.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı, “Əvəz Bərəkət” fərdi firmasının rəhbəri olmuş Maraqlı şəxs, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajını əmək kitabçasına əsasən nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “yaşa görə təyin edilmiş pensiya stajını 45 il 1 ay 4 gün hesab edib, yenidən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajını əmək kitabçasına əsasən nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. xx.xx.1976-cı il xx.xx.2018-ci il tarixədək müxtəlif müəsissələrdə işləmişdir. Ona xx.xx.2018-ci il tarixində 30 il 5 ay sığorta stajı hesablanaraq yaşa görə əmək pensiyası təyin edilmiş,sonradan yenidən hesablanma aparılaraq əmək kitabçasında nəzərdə tutulan sıra dövrlər nəzərə alınmadan pensiya məbləği azaldılmışdır.İddiaçı pensiyasının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı pensiyasının məbləği xx.xx.2006-cı ilədək sığorta stajı 13 il 2 ay olduğu halda 30 il 5 ay sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Nəticədə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya verilmiş pensiya təyinatı zamanı təqdim edilmiş əmək kitabçası dublikat olnuşdur. Həmin əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək X5 Konstruksiyası Kombinatının (6 il 9 ay 8 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 1 ay 20 gün) və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixıdıj Əvəz Bərəkət fərdi firmasının (4 il 10 ay 25 gün) arxiv sənədlərinin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də həmin dövrlərin araşdırılması mümkün olmamış və sığorta stajına əlavə edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən əməl fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 13 il 2 ay 22 gün sığorta stajı və X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 5.024,15 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 886.60 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın (284.26 manat) dəyişiklik olmuşdur.İddiaçının zəruri sığorta stajının müəyyən edilməsi üçün ilk növbədə əmək kitabçasının mötəbərliyi öz təsdiqini tapmalıdır.Bütün bunları nəzərə alaraq iddiaçının iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954cü il təvəllüdlüdür.
2. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
3. Ю 005980 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1971-ci il tarixdə Bakı Plan-İqtisad Texnikumunda tikintidə planlaşdırma ixtisası üzrə təhsil almışdır.
4. İddiaçıya məxsus № ******* saylı Əmək kitabçası.
5. İddiaçıya məxsus № ******* saylı Əmək kitabçasının dublikatı.
6. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
7. 05.02.2001-ci il tarixli 1 nömrəli Əmrin surətindən görünür ki, Maraqlı şəxs “Əvəz Bərəkət” firmasına direktor təyin edilmişdir.
8. “Əvəz Bərəkət” firmasının əmrlər kitabında qeyd olunan xx.xx.2001-ci il tarixli 2 saylı Əmrlə iddiaçı firmaya baş mühasib təyin olumnmuşdur.
9. 24.07.2007-ci il tarixli 27 nömrəli Əmrin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə firmanın baş mühasibi İddiaçı verilmiş töhmət əsasında işdən azad edilmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmasından ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2018-ci il tarixində yaranmış,ona həmin tarixdən pensiya təyin edilmişdir.Hazırkı mübahisənin yaranma səbəbi cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması həyata keçirimiş,bu zaman xx.xx.2006-cı il tarixədək əvvəl nəzərə alınmış 30 il 5 ay müddətin bir hissəsinin mötəbər hesab edilməmiş və qəbul edilən 13 il 2 ay müddət əsasında yenidən hesablanma aparılmışdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı,o cümlədən mübahisələndilən xx.xx.2006-cı il tarixinədək olan araşdırılmışdır.Belə ki,cavabdehin qəbul etmədiyi,iddiaçının əmək kitabçasında qeyd olunan sığorta stajı dövrləri aşağıdakılar olmuşdur :
1. xx.xx.1976-cı il xx.xx.1983-cü il X5 Konstruksiyası Kombinatının (6 il 9 ay 8 gün),
2. xx.xx.1993-cü il xx.xx.1995-ci il Ucar çörək zavodu; (2 il 1 ay 20 gün)
3. xx.xx.1996-cı il xx.xx.2000-ci il Ucar çörək zavodu; (04 il 07 ay 15 gün)
4. xx.xx.2001-xx.xx.2006-cı il “Əvəz-Bərəkət” fərdi firması (4 il 10 ay 25 gün) Həmin dövrlərin araşdırılması zamanı iddiaçının əmək kitabçası üzrə qeydlərin öz təsdiqini tapması sübuta yetirilmişdir.Belə ki,iddiaçıya məxsus xx.xx.2008-ci il tarixidə doldurulmuş, № ******* saylı Əmək kitabçası iddiaçının həmin dövrdə çalışmış olduğu ADDY Ucar elektrik təchizatı distansiyası tərəfindən təsdiq edilmişdir. İddiaçının xx.xx.1993-cü il xx.xx.1995-ci il, xx.xx.1996-cı il xx.xx.2000-ci illərdə Ucar çörək zavodunda işlədiyi dövr (06 il 09 ay 05 gün) Ucar rayon dövlət arxivinin xx.xx.2023cü il tarixli məktubuna əlavə edilmiş zavoda aid arxiv sənədlərinə əsasən təsdiq olunur.Belə ki iddiaçının xx.xx.1993-cü il tarixli əmrlə baş mühasib vəzifəsinə qəbul edilməsi və həmin dövrə aid əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin mübahisələndirdiyi xx.xx.2001-xx.xx.2006-cı il tarixlərində iddiaçının “Əvəz-Bərəkət” fərdi firmasında (4 il 10 ay 25 gün) işlədiyi dövrün araşdırılması zərurəti ilə əlaqədar olaraq müəssusənin rəhbəri olmuş Maraqlı şəxs məhkəməyə dəvət edilmişdir.O izahatından iddiaçının mübahisələndiriklən dövrdə müəssisədə mühasib vəzifəsində işlədiyini təsdiq etmiş, müəssisəyə aid əmrlər kitabını təqdim etmişdir. Həmin kitaba baxış keçirilmiş,iddiaçının xx.xx.2001-ci il tarixli 2 saylı Əmrlə firmaya baş mühasib təyin edildiyi təsdiq olunmuşdur.İddiaçı xx.xx.2006-cı il tarixindən də sonra firmada çalışdığından və cavabdeh tərəfindən onun məcburi sosial sığorta haqqının ödənilməsi mübahisələndirilmədiyindən işdən çıxmasına dair qeydə münasibət bildirilməsinə zərurət qalmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajı (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) tam olaraq öz təsdiqini tapdığından cavabdehin iddiaçının pensiyasının yenidən hesablanılması zamanı stajı 13 il 2 il kimi nəzərə almasına dair hərəkəti əsassız olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək olan sosial sığorta stajı tam olaraq təsdiq olunduğundan (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) iddia təmin edilməli,cavabdeh tərəfindən həmin dövrlər nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2006-cı il tarixədək olan 30 il 5 ay sosial sığorta stajı nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.