Məhkəmə qərarları › İş №2-1(116)-790/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-790/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-790/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixində Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-1976-cı illərdə sabiq 1 May kolxozunda, 1977-2002-cı illərdə Ağdaş rayonunda fəaliyyət göstərən Ləki Pambıqtəmizləmə zavodunda işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədlərini toplayaraq ərizə ilə Əmək və X1 Nazirliyi yanında Dövlət X5 Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Sənədləri qəbul olunmuş, lakin ona bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1977-2002-ci illərdə Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi dövrün yoxlanılması, əmr kitablarının və əməkhaqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün həmin illərin sosial sığorta stajı kimi hesablanması mümkün deyil. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı Ağdaş Pambıq ATSC-də işlədiyi dövr əmək kitabçasında qanunauyğun şəkildə qeyd olunmadığı və şübhə doğurduğu üçün həmçinin 1977-2002-ci illərdə işlədiyi dövrün əmr kitabları və əməkhaqqı cədvəllərinin yoxlanılması mümkün olmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilmsi qaydalarına ziddir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubundan görünür ki, müəssisənin özəlləşdirmə planındakı (emissiya prospektindəki) məlumatlara əsasən əsas iş yeri Ləki Pambıqtəmizləmə zavodu olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmiş və xx.xx.1997-ci il tarixinə onun iş stajı 19 il 4 ay göstərilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus kolxozçunun əmək kitabçası, iddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçası, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 10 nömrəli Arxiv Arayışı, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 105 nömrəli məktubu, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli etirazı, Vergilər Nazirliyinin 9 saylı X2 xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər, Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 15 nömrəli məktubu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubuaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi dövr ИТ seriyalı ******* nömrəli əmək kitabçası və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********58 nömrəli məktubu ilə öz təsdiqini tapır. İşdə olan Dövlət X5 Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı tələbində qeyd olunan müddət sosial sığorta stajına daxil edilsə 25 il 6 ay 14 gün sosial sığorta stajı təşkil edəcək və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranacaq. Göründyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı işlədiyi illərin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1977-ci il tarixindən xx.xx.2002-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. “X4” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə İddiaçı xx xxxx 1977-ci ildən xx xxxxx 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx xxxxxx 2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsiöhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar