Məhkəmə qərarları › İş №2-1(116)-790/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-790/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-790/2022 15.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı doğum haqqında şəhadətnaməsinin alınıb ona verilməsi barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: Yevlax rayonu Tanrıqulular kəndində yaşayan İddiaçı Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, nə şəxsiyyət vəsiqəsinin, nə də doğum haqqında şəhadətnaməsinin olmadığını, dəfələrlə müraciət etdiyini, amma bugünə kimi müraciətinə baxan olmadığını, hər şey tam əksinə olaraq süründürməçiliyə yol verildiyini bildirmiş və doğum haqqında şəhadətnaməsinin alınıb ona verilməsini xahiş etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin İddiaçı ərizəsində cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı göstərilməmişdir. Eyni zamanda, iddiaçının doğumunun qeydə alınıb-alınmaması, əvvəllər doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin olub-olmaması ərizədə göstərilmədiyinə görə, iddia tələbi tam aydın deyil. Belə ki, iddiaçının doğumu qeydə alınmışdırsa və ona əvvəllər doğum haqqında şəhadətnamə verilmişdirsə, o, doğum haqqında təkrar şəhadətnamənin verilməsini, əks təqdirdə, doğumunun qeydə alınmasını tələb etməlidir. Hazırkı vəziyyətdə isə iddia mümkün sayıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı tələb öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini və bu müraciətin müsbət nəticə verməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin İddiaçı doğum haqqında şəhadətnamə verilməsi üçün Yevlax Rayon Qeydiyyat Şöbəsinə müraciət etməsini və həmin Şöbənin onun tələbini təmin etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu hal da iddianın mümkün sayılmasını istisna edir. Şəki İnzibati Məhkəməsinin 21.01.2022-ci il tarixli məktubu ilə həmin hallar İddiaçı diqqətinə çatdırılmış və göstərilən çatışmazlıqların aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilərək İddiaçı imza etdirilməklə təqdim olunmuşdur. "Poçt göndərişinin verilməsi haqqında xəbərnamə"də məktubun ona çatdırıldığı tarix əlyazma üsulu ilə yazılmasa da, xəbərnamənin üzərinə poçt müəssisəsi tərəfindən vurulmuş ştampda 28.01.2022-ci il tarixi yazılmışdır. Belə olan halda aydın olur ki, məktub iddiaçıya 28.01.2022-ci ildən gec olmayaraq çatdırılmışdır. Lakin təyin olunmuş müddət ərzində, nə də ondan sonra ötən günlərdə İddiaçı göstərilən çatışmazlıqları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Bu səbəbdən də məhkəmə bu qənaətə gəldi ki, onun iddiası mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, yazılı icraat qaydasında qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı doğum haqqında şəhadətnaməsinin alınıb ona verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar