Məhkəmə qərarları › İş №2-1(116)-791/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-791/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-791/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ şəhərində mülkiyyətində olan 300 kv.m torpaq sahəsində inşa edilmiş yaşayış evinə evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi hüquq müəyyənedici sənəd olan çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qəbələ şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 01.03.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Memarlıq layihə xidməti tərəfindən 11.02.2021-ci ildə "Qəbələ şəhər sakini İddiaçı məxsus olan birmərtəbəli, mansard tipli beş otaqlı fərdi yaşayış evinin planı" adlanan sənəd tərtib edilmişdir. Həmin sənəd göstərilən xidmətin icraçısı Z.Əlimirzəyev tərəfindən imzalanmış və xidmətin möhürü ilə təsdiq edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Qəbələ şəhərində yerləşən və mülkiyyətində olan 0,03 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 22.02.2021-ci il tarixli **********56 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, İddiaçı tərəfindən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyinə görə həmin ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, torpaq sahəsində inşa etdirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir. Həmin yaşayış evi başqalarının həyatı və sağlamlığı üçün maneçilik törətmir və başqalarının hüquqlarına, mənafeyinə toxunmur. Bu baxımdan yaşayış evi üçün hüquq müəyyənedici sənəd vermək mümkündür. Cavabdeh iddiaya qarşı 19.05.2021-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ şəhərində yerləşən 0,03 ha torpaq sahəsinə İddiaçı tam mülkiyyət hüququ 01.03.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 22.02.2021-ci il tarixli **********56 nömrəli imtina məktubundan görünür ki, İddiaçı tərəfindən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilmədiyinə görə həmin ərizənin icrası mümkün olmamışdır; - İşdə olan, "Qəbələ şəhər sakini İddiaçı məxsus olan birmərtəbəli, mansard tipli beş otaqlı fərdi yaşayış evinin planı" adlanan sənəddən görünür ki, həmin sənəd Memarlıq layihə xidməti tərəfindən 11.02.2021-ci ildə tərtib edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Cavabdehin 22.02.2021-ci il tarixli məktubundan göründüyü kimi, cavabdeh evə və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını bununla əsaslandırmışdır ki, fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. İddiaçı isə öz tələbini belə əsaslandırmışdır ki, o, evi öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyinə görə evə mülkiyyət hüququ vardır və həmin hüquq qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində deyilir ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.4-cü maddəsinə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 80.6-cı maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Sadalanan normalardan göründüyü kimi, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmasa da, onların tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Belə ki, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma bu barədə məlumat verməli və tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İddiaçının iddia ərizəsindən isə görünür ki, o, qanunvericiliyin sadalanan normalarına riayət etməmiş, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma bu barədə məlumat verməmiş və tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsində isə deyilir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin bununla yanaşı, həmin Məcəllənin 180.3-cü maddəsində göstərilmişdir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İddiaçının məhkəməyə təqdim etdiyiniz sənədlər bunu deməyə əsas verir ki, o, yaşayış evini şəhərsalma və tikinti qaydalarını ciddi surətdə pozmaqla tikdiyinə görə həmin ev özbaşına tikinti sayılır və bu səbəbdən iddiaçı ona mülkiyyət hüququ əldə etməmişdir. Belə olan halda isə, cavabdeh evə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Məhkəmənin 15.04.2021-ci il tarixli məktubu ilə iddiaçıya bu hallar bildirilmiş, eyni zamanda, ona izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə uyğun olaraq, sözügedən özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması üçün evin yerləşdiyi ərazi üzrə Qəbələ Rayon Məhkəməsinə müraciət edə bilər. Həmin özbaşına tikintiyə iddiaçının mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə tanınacağı halda, o, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edə biləcək. Lakin iddiaçı və nümayəndəsi həmin məktuba verdikləri yazılı cavabda yuxarıda qeyd olunanlarla razılaşmayaraq, iddia ərizəsində göstərilən halları təkrarlamış və bildirmişlər ki, hazırkı iddia Şəki İnzibati Məhkəməsi tərəfindən təmin edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas olmadığına görə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ şəhərində mülkiyyətində olan 300 kv.m torpaq sahəsində inşa edilmiş yaşayış evinə evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi hüquq müəyyənedici sənəd olan çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar