Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-793/2022 29.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məftunə Nur İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ağdaş şəhər ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin üzərindəki yaşayış evi ilə birlikdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş şəhər ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki yaşayış evi ilə birlikdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-793/2022 nömrəli qərardadı ilə Ağdaş bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və ölan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi əvvəllər X2 faktiki istifadəsində olmuş, Kimya Novruzova sahibliyində olan həmin həyətyanı torpaq sahəsindən istifadə edə bilmədiyini bildirərək torpaq sahəsinin iddiaçıya verilməsinə köməklik göstərilməsi üçün Ağdaş bələdiyyəsinə müraciət etmişdir. Ağdaş bələdiyyəsi Kimya Novruzovanın və iddiaçının ərizələri əsasında xx.xx.2004-cü il tarixli 125 №-li sərəncam verərək şəhərin 19-cu məhəlləsindən 500 kv.m ölçüdə (64 saylı yer) həyətyanı torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasını qərara almış, bununla belə sözügedən torpaq sahəsinin iddiaçıya satılması həyata keçirilməmişdir. İddiaçı, Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 №-li sərəncamı əsasında faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi üzərində yaşayış evi ilə birlikdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu sözügedən torpaq sahəsini bələdiyyə qərarı ilə əldə etməsi ilə əsaslandırmışdır. Cavadeh iddia tələbinə etirazını Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 nömrəli sərəncamı əsasında verilmiş torpaqların alqı-satqısına dair akt və yerquruluşu planının DT və XK-nin Ağdaş rayon şöbəsində təsdiq edilməməsi ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 saylı qərarı ilə şəhərin keçmiş 19-cu məhəlləsində fərdi həyətyanı məqsədi üçün Ağdaş şəhəri Nəsimi küçəsi 2-6 saylı evdə yaşayan İddiaçı 500 kv.m ölçüdə (64 saylı yer) torpaq sahəsi ayrılaraq adına qeydiyyata alınmışdır. Ayrılmış torpaq sahəsinin Ağdaş bələdiyyəsində saxlanan arxiv sənədlərində torpağın ödəniş çeki və alqı-satqı aktı müəyyən edilməmişdir. Ağdaş bələdiyyəsinin şəxsi təsərrüfat kitabında Ağdaş şəhəri (keçmiş 19-cu məhəllə) indiki Ü.Hacıbəyov küçəsi 1/7 saylı ünavnda İddiaçı adına 500 kv.m həyətyanı torpaq sahəsi və 48 kv.m fərdi yaşayış evi qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ağdaş bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 125 №-li sərəncamında qeyd edilmişdir ki, Ağdaş şəhəri Nəsimi küçəsi 2/6 saylı evdə yaşayan İddiaçı ərizəsi və Ağdaş şəhər XDS icraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 01 saylı qərarı ilə şəhərin 19-cu məhəlləsindən 500 kv.m ölçüdə (64 saylı yer) həyətyanı torpaq sahəsi ayrılmış X2 razılıq ərizəsi (torpaqda heç bir tikinti işi yoxdur) nəzərə alınaraq həmin torpaq sahəsi ev tikintisi üçün İddiaçı adına qeydiyyata alınsın. Tapşırılsın ki, vətəndaş İddiaçı müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt tələblərinə əməl etməklə fəaliyyət göstərsin. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçıya Ağdaş şəhərin 19-cu məhəlləsində (indiki Pərviz Babayev küçəsi) ayrılmış (yerləşən) 0.05 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayrıma sənədləri) torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddia olunan fərdi yaşayış evinin həmin torpaq sahəsi üzərində yerləşməsini müəyyən etmək mümkün olmadı. Fərdi yaşayış evinin hündürlüyü 5.60 m.dir. Elektron məlumat bazasında mövcud olan X1 X3 əsasən iddiaçının naturada göstərdiyi 562 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə aid sxem torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ağdaş şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranma əsası olaraq Ağdaş bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 125 №-li sərəncamı təqdim edir. Lakin, sərəncamın məzmunundan göründüyü kimi Ağdaş bələdiyyəsi iddia olunan torpaq sahəsini iddiaçıya satmamışdır. Ümumiyyətlə Ağdaş bələdiyyəsi istinad olunan sərəncamı qəbul edərkən torpaq sahəsinin qeydə alınması ilə bağlı iradəsinin nədən ibarət olması anlaşılan deyil. Belə ki, sərəncamın birinci bəndində bələdiyyə Kimya Novruzovanın razılığı nəzərə alınaraq ona ayrılmış torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına qeydiyyata alınmasını qeyd edir. Həmin qeydə almanın nədən ibarət olması aydın olmasa da, bələdiyyə tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya satılmadığı işin mübahisəsiz halıdır. Torpaq sahəsinin qeydə alma qaydasında müraciət edən şəxslərin mülkiyyətinə əvəzsiz verilməsi isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda nəzərdə tutulmamışdır və birbaşa qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən Ağdaş bələdiyyəsi sərəncamın ikinci bəndində iddiaçıya vergi qanunvericiliyinə, uyğun olmaqla fəaliyyət göstərməsini tapşırır. Göründüyü kimi Ağdaş bələdiyyəsi istinad olunan qanunsuz sərəncamı verərəkən torpaq sahəsinin hansı məqsədlə qeydə alınmasını belə həll edə bilməmiş, bir tərəfdən torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün qeydə alınmasını, digər tərəfdən isə iddiaçının vergi qanunvericiliyinə əməl olunmaqla fəaliyyət göstərməli olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli 32 nömrəli qəbz təqdim edilsə də, həmin qəbz möhürlə təsdiqlənmədiyindən iş üzrə mötəbər sübut olaraq qəbul edilmir. Cavadeh orqan iddia tələbinə etirazında Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 125 nömrəli sərəncamı əsasında verilmiş torpaqların alqı-satqısına dair akt və yerquruluşu planının DT və XK-nin Ağdaş rayon şöbəsində təsdiq edilməməsini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı prosedur həyata keçirilməmiş və alqı-satqı baş verməmişdir. Belə ki, Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması barədə sənədlər Ağdaş bələdiyyəsindən sorğu edilmiş, lakin təqdim edilmiş sənədlərlə bir daha müəyyən edilmişdir ki, Ağdaş bələdiyyəsi qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən kənara çıxaraq X4 ilə iddiaçı arasında yaranmış şifahi razılaşmanı təsdiq edən qurum kimi çıxış edərək yuxarıda məzmunu qeyd edilmiş qanunsuz sərəncamı vermişdir. Odur ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpaq sahəsinin dəyərinin ödənilməsi və bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçıya satılması müəyyən edilmir. İddia tələbinin “fərdi yaşayış evinə aid” hissəsinə münaisbətdə isə məhkəmə aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; İşdə olan mütəxəssis rəy ilə müəyyən edilir ki, inşa edilmiş fərdi yaşayış evinin hündürlüyü 5.60 m.-dir. Həmin fərdi yaşayış evinin inşa edilidiyi il məlum olmasa da, hər bir halda tikili üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqi əsas mövcud deyil. Belə ki, torpaq sahəsinin iddiaçının istifadədə olan torpaq sahəsində yerləşməsi nəzərə alınarsa tikilinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi və ya yaşayış evinin istismara qəbul aktı olmalıdır ki, hazırkı işdə qeyd olunan sənədlər mövcud deyil. Tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmaması isə işin mübahisəsiz halı olduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair qanunvericiliyin müəyyən etdiyi şərtlərin ödənilməməsi mübahisəsizdir. Eyni zamanda iddia olunan tikili ilə bağlı məlumatlandırma və icazə icraatı həyata keçirilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair müəyyən olunmuş tələblər də yerinə yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin fərdi yaşayış evi ilə bağlı hissəsi də hər bir halda əsassızdır. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı qanunsuz olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi Ağdaş bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanuna uyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli istinad olunan qərarın məzmunundan göründüyü kimi bələdiyyə tərəfindən qərar qəbul edilərkən yol verilmiş pozuntulara hüquqi qiymət verilərkən həmin pozuntuların qəbul ediləcək yekun qərarın hüquqi qüvvəsinə təsiri nəzərə alınmalıdır. Hazırkı işdə isə bələdiyyənin qəbul etdiyi yekun qərarın özü qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Yəni, bələdiyyə tərəfindən səlahiyyəti olmadığı halda qanunvericiliklə satılması nəzərdə tutulan torpaq sahəsi əvəzsiz qaydada, tərəflər arasında yaranmış şifahi razılaşmanın leqallaşdırılmasına cəhd edilməklə iddiaçıya verilmişdir. Odur ki, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Ağdaş şəhər ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin üzərindəki yaşayış evi ilə birlikdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.