Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-794/2020 03.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının nümayəndəsi X7, cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Şəki rayonu Kiş kəndində yaşayır. O, xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək X5 təhsil almış və dövlət ixtisas komissiyasının xx.xx.1977-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İddiaçı pensiya yaşına çatdığına görə xx.xx.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda pensiyasının məbləği 247,43 manat təşkil edir. Ona pensiya təyin edilərkən X5 təhsil aldığı müddət, eləcə də Şəki rayonu Kiş kəndi H.Əliyev adına 1 nömrəli tam orta məktəbdə işlədiyi müddətin 2008-ci ilin fevraldekabr ayları hissəsi onun sosial sığorta stajına daxil edilməmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ərizə ilə müraciət edərək göstərilən müddətlərin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, 2008-ci ilin fevral-dekabr aylarında iddiaçının fərdi hesabında məlumatlar əks olunmamışdır. Bundan başqa, qanunvericiliyə uyğun olaraq təhsil illərinin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə yeni iddia ərizəsi vermişdir. Daha sonra o, məhkəməyə cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması, 2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin üzərində qoyulması" barədə başqa bir iddia ərizəsi vermişdir. O, iddiasını belə əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik aktlarının tələbinə uyğun olaraq orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı pensiyaya çıxdığı vaxt ona aid məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı elektron formada əldə etmiş, lakin həmin məlumatda 2008-ci ildə fasiləsiz işləməsinə baxmayaraq yanvar ayından başqa digər aylar üçün fərdi hesabına müvafiq ödəmələrin olunmadığını bildirmişdir. Cavabdeh Şəki Şəhər Təhsil Şöbəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı 2008-ci ildə Kiş kənd 1 nömrəli tam orta məktəbində işləmişdir. İddiaçının 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya xx.xx.2019-cu ildə yaşa görə 247,43 manat əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçının əyani təhsil aldığı illər onun sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 18,80 manat artaraq 266,23 manat olacaqdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ю seriyalı 018106 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək X6 daxil olaraq, həmin texnikumda təhsil almış və dövlət ixtisas komissiyasının xx.xx.1977-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən Kiş kənd orta məktəbində müvəqqəti olaraq uzadılmış qrup tərbiyəçisi, xx.xx.1978-ci ildən həmin məktəbdə sinif müəllimi kimi işləmişdir. O, xx.xx.2005-ci ildən H.Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. - İşdə olan, Şəki Şəhər Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2008-ci ildə Kiş kənd 1 nömrəli tam orta məktəbində işləmişdir. İddiaçının 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2019-cu ildə yaşa görə 247,43 manat əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçının əyani təhsil aldığı illər onun sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 18,80 manat artaraq 266,23 manat olacaqdır. Əsaslandırma hissəsi: Məhkəmənin ayrıca qərardadı ilə iddianın cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı olan hissəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı qərarda iddianın yalnız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı olan hissəsinə qiymət verilir. Həmin cavabdehə qarşı olan tələb öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı tələbi aşağıdakı üç hissədən ibarətdir: 1) xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2) 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması, 3) xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması. Məhkəmə iddianın birinci hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək, o cümlədən iddiaçının təhsil aldığı müddətdə qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı həmin Qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən xx.xx.2006-cı ildən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Belə olan halda, iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək X5 təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. İddianın ikinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 10.2-ci maddəsinə görə, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə, yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Sadalanan normalardan göründüyü kimi, sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı yaşa görə əmək pensiyası məbləğinin hesablanması zamanı nəzərə alınan meyarlardan biridır. İşdən göründüyü kimi, İddiaçı 2008-ci ildə Şəki rayonu Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbində işlədiyi zaman Şəki Rayon Təhsil Şöbəsi tərəfindən onun əmək haqqından (3%) fevral-may aylarının hər birində 3,99 manat, iyun ayında 6,10 manat, iyul ayında 4,35 manat, avqust ayında 5,40 manat, sentyabr ayında 10,15 manat, oktyabr-dekabr aylarının hər birində 5,22 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Şəki Rayon Təhsil Şöbəsi tərəfindən işçilərin əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqları cəm şəkildə köçürüldüyünə görə həmin Şöbə iddiaçıdan tutulmuş məbləğin köçürülməsi barədə ayrıca sənəd təqdim edə bilmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı isə həmin məbləğin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmadığını bildirir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 4-cü abzasına (2008-ci ildə qüvvədə olmuş redaksiya) görə, məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək sığortaçının hüquqlarından biridir. Eyni zamanda, həmin Qanunda sığortaolunandan tutulan məcburi dövlət sosial sığorta haqqının köçürülməsi, yaxud bu köçürülməyə nəzarət edilməsi sığortaolunanların səlahiyyətinə aid edilməmişdir. Belə olan halda, iddiaçıdan tutulmuş məbləğin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ödənilməməsinə, eləcə də göstərilən məbləğin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığına görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də həmin filial iddiaçıdan 2008-ci ilin fevral-dekabr ayları üçün tutulmuş məbləği nəzərə almamaqda haqlı olmamışdır. Məhkəmə iddia tələbinin pensiyanın xx.xx.2019-cu ildən yenidən hesablanması barədə hissəsi ilə də razılaşır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının yenidən hesablanmanı tələb etdiyi müddət üç ildən az olduğu üçün tam təmin edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına aid hissədə təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı iddiası cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına aid hissədə təmin edilsin. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək X5 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və xx.xx.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-794/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-794/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver