Məhkəmə qərarları › İş №2-1(116)-794/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-794/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-794/2021 27.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın torpağın plan və ölçüsü sənədinə uyğun işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın torpağın plan və ölçüsü sənədinə uyğun işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, idddiaçıya verilən 0,43 ha pay torpaq sahəsinin planı və ölçüsü sənədləri və buna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi aşağıda qeyd olunan uyğunsuzluğa yol vermişdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında yaşayış məntəqələrinin torpaqları (əkin) sözləri qeyd olunub. Lakin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda isə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasında yaşayış məntəqəsinin torpaqları yazılmış, əkin sözü isə qeyd edilməmişdir. Məhz bu səbəbdən torpağın kateqoriyasında olan yanlışlığa görə həmin 0,43 ha torpaq sahəsi çıxarışda həyətyanı kimi yazılmışdır. Plan ölçü sənədlərində isə doğru olaraq əkin sahəsi kimi göstərilmişdir. Halbuki bu sahə həqiqətən əkin torpağıdır. 0,43 ha torpaq sahəsi həyətyanı ola bilməz. Bütün qeyd edilənlərə baxmayaraq cavabdeh düzəliş etməkdən imtina edir. İmtinaya əsas olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi səlahiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə aid olduğu göstərilir. Cavabdehin məktubunda qeyd edildiyi kimi verilmiş sənəddə torpağın məqsədli təyinatı əkin sahəsi kimi göstərilmişdir. Belə olan halda, heç bir torpağın təyinatından söhbət gedə bilməz. Sadəcə yanlışlığı düzəltmək həmin sahəni həyətyanı kimi deyil, əkin sahəsi kimi göstərmək lazımdır. Bu fakt Zaqatala rayon Lahıc bələdiyyəsi tərəfindən verilmiş arayışla təsdiq olunur. İddiaçı qeyd edilənlərə və Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 10.03.2021-ci il tarixli **********26 nömrəli imtinasında göstərmişdir ki, ərazi idarəsi tərəfindən iddiaçının adına verilmiş çıxarışda düzəliş edərək 0,43 ha torpaq sahəsinin həyətyanı kimi deyil, pay torpağı kimi çıxarışın verilməsinə köməklik göstərilməsi barədə iddiaçının ərizəsinə baxılmışdır. Ərizə ilə əlaqədar bildirilmişdir ki, ərizədə qeyd edilmiş ünvan 1i ünvanında yerləşən 0,43 ha torpaq sahəsi Zaqatala rayon Aqarar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinizin mülkiyyətinə verilmiş və ləğv olunmuş DTXK Zaqatala rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə (təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı əkin olmaqla) JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Daha sonra qeyd olunan torpaq sahəsinə Zaqatala rayon 2 saylı Notariat ofisi tərəfindən JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd olunan mülkiyyətçilərdən biri vəfat etdiyindən 27 fevral 2020ci il tarixində 2V-197 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə tərtib edilmiş və həmin şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində (JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə uyğun) təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı isə əkin qeyd edilməklə dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”. Torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Cavabdeh 26.05.2021-ci il tarixli **********33 nömrəli etirazında bildirmişdir ki, İddiaçı öz adına verilmiş çıxarışda düzəliş edərək 0,43 ha torpaq sahəsinin həyətyanı kimi deyil, pay torpağı kimi çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan məsələnin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində olmamasından iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 10.03.2021-ci il tarixli, **********26 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan 1i ünvanında yerləşən 0,43 ha torpaq sahəsi Zaqatala rayon Aqarar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli, 110 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və ləğv olunmuş DTXK Zaqatala rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə (təyinatı (kateqoriyası) “yaşayış məntəqələrinin torpaqları”, məqsədli təyinatı - “əkin” olmaqla) JN-344A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədi tərtib edilmişdir. Daha sonra qeyd olunan torpaq sahəsinə Zaqatala rayon 2 saylı Notariat ofisi tərəfindən JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd olunan mülkiyyətçilərdən biri vəfat etdiyindən 27.02.2020-ci il tarixində 2V-197 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə” tərtib edilmiş və həmin şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində 30.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışda torpaq sahəsinin məqsədli təyinatı “həyətyanı" kimi göstərilməmişdir. Çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) - “yaşayış məntəqələrinin torpaqları" göstərilmişdir. ünvan 1i ünvanında yerləşən 0,43 ha torpaq sahəsinin JN-344A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və dövlət reyestrindən verilmiş 30.03.2020-ci il tarixli, AN 496654 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, məqsədli təyinatı isə əkindir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.11-cü maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Həmin Qanunun 13.11-1-ci maddəsinə görə dövlət reyestri elektron formada “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə aparılır. Kağız daşıyıcıda olan sənəd formasında təqdim olunmuş ərizələr və hüquqların dövlət qeydiyyatı üçün digər sənədlər elektron formada aparılan dövlət reyestrinə daxil edilməsi üçün qeydiyyat orqanı tərəfindən elektron təsvir formasına keçirilir. Göründüyü kimi JN-344A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də və onun əsasında dövlət reyestrindən verilmiş 30.03.2020-ci il tarixli, AN 496654 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,43 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları və məqsədli təyinatı isə - əkin göstərilmiş və bu məlumatlar qanunun imperativ tələbinə görə üstünlük təşkil edir, həmçinin təqdim edilən elektron çıxarışda qanunla müəyyən edilmiş kateqoriyalardan biri göstərilir. Həmin Fərmanda təqdim edilən elektron çıxarışda torpaq sahəsinin məqsədli təyinatının göstərilməsi ilə bağlı bənd yoxdur. Cavabdeh qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan 30.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı, X2, X4 və X1 paylı mülkiyyətində olan (daşınmaz əmlakın reyestr nömrəsi **********45) 0,43 ha torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilmişdir. Torpaq sahəsinə dair 30.03.2020-ci il tarixdə tərtib edilmiş A 496654 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində hüquq sahibi kimi X3 qeyd edilmiş, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi isə “yaşayış məntəqələrinin torpaqları (əkin)” göstərilmişdir. Plan ölçünün tərtib edilməsinə əsas kimi “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə (2V-197, 27.02.2020) qeyd olunmuşdur. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.09.2021-ci il tarixli **********95 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyi 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. ŞM-157 nömrəli 16.09.2021-ci il tarixli Mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlərin müəyyən edildiyi göstərilmişdir. ünvan 1ində İddiaçı adına tərtib edilmiş A seriyalı 496654 nömrəli torpaq sahəsi 0,43 hektar göstərilsə də, naturada istifadəsindəki torpaq sahəsi 0,55 hektardır. Sözügedən torpaq sahəsi X7 öz əksini tapmış kompleks yerquruluşu layihələrində kənd təsərrüfatı təyinatlı əkin sahəsi olub, torpaq sahəsinin mülkiyyətçiləri kimi İddiaçı, X2, X5 və X6 göstərimişdir. Həmçinin sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları öz əksini tapmaqla tərtib edilmiş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Sxemdə torpaq sahəsinin dörd tərəfdən fındıq ağacları ilə əhatə olunduğu öz əksini tapır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivinin məhkəməyə təqdim etdiyi 01.10.2021-ci il tarixli 84 nömrəli məktubunda bildirilmişdir ki, Zaqatala rayon Lahıc kənd “Nizami” adına kolxozunun YAİK-in torpaq payı almaq hüququ olan subyektlərin siyahısı araşdırılarkən İddiaçı və onun ailə üzvlərinin qeyiyyatı həmin siyahıda aşkar edilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun 1.2-ci bəndinə əsasən Dövlət reyestrindən elektron çıxarışı dövlət reyestrində saxlanılan məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının dövlət dilində tərtib edir. 2.1.11-ci bəndinə görə isə, torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda göstərilən məlumatlardan biridir. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin 1-ci hissəsinə əsasən bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. 4.4-cü bəndinə görə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) plan və ölçüdə göstərilən məlumatlara aid edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9.2-ci maddəsinə görə məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları; 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir; 10.1-ci maddəsinə görə torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir; 10.2-ci maddəsinə əsasən torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 10.4-cü maddəsinə görə, torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aid edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq olunmuşdur. Beləliklə, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas qismində Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxış etmişdir. İddiaçı faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın Torpaq sahəsinin plan ölçüsü sənədinə uyğun işlənməsini tələb etmiş, cavabdeh tərəfindən müvafiq imtina verilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının və onun ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı təyinatlı əkin sahəsi”dir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” qrafasında “yaşayış məntəqələrinin torpaqları (əkin)” kimi düzəliş aparılması tələbinə dair iddiası əsassızdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın torpağın plan və ölçüsü sənədinə uyğun işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar