Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-794/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində A389993 nömrəli plan-ölçü sənədində göstərilən 599.52 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhərində yerləşən 599.52 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək təqdim etdiyi ərizəsində, Oğuz şəhərində A389993 nömrəli plan-ölçü sənədində göstərilən 599.52 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-794/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-248A nömrəli şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda Oğuz rayon X5 Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 25 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrılmış və həmin torpaq sahəsinə dair A389993 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. İddiaçı, A389993 nömrəli plan ölçü sənədində qeyd edilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsinə şəhadətnamənin hazırlanmasını, hüquqların qeydiyyatı üçün tələb edilən sahəyə dair yalnız plan-ölçü sənədinin təqdim edildiyini, hər iki sənədin AİK-nın qərarı əsasında verildiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçünçü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - A389993 №-li plan ölçü sənədindən görünür ki, iddiaçıya ayrılmış 599.52 kv.m həyətyanı torpaq sahəsinin Oğuz RAİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə verilməsi qeyd edilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ünvan 1 ünvanlandığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Oğuz rayon rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı əsasında Oğuz şəhər sakini X2 599.52 kv.metr həyəlyanı torpaq sahəsi verilmişdir. Oğuz şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı və bağ sahələrinə şəhadətnamə hazırlanan zaman onun istifadəsində olan torpaq sahəsinə müvafiq sənəd hazırlanmamışdır. İlkin torpaqayırma sənədləri əsasında onun qanuni istifadəsində olan torpaq sahəsinə AN 389993 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Hazırlanmış ilkin torpaqayırma sənədlər əsasında torpaq sahəsinin Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Qeydiyyatına alınması məqsədəuyğundur. - ünvan 3 ünvanlandığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının 05 noyabr 1998-ci il tarixli 75 saylı qərarlarına və 21 fevral 2012-ci il tarixli AN 389993 saylı «Torpaq sahəsinin plan və ölçü» sənədinə əsasən X1 mülkiyyətinə verilmiş 599.52 kv. metr həyətyanı torpaq sahəsinə vətəndaşın adına mülkiyyət hüququnu təsdiq edən sənədlərin hazırlanmasına Oğuz bələdiyyəsi etiraz etmir. - Cavabdehin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 248A nömrəli şəhadətnamə və AN 389993 nömrəli plan-ölçüdə göstərilən torpaq sahələri üst-üstə düşmür. AN 389993 nömrəli plan-ölçüdə göstərilən torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olan ərazidir. Faktiki naturada ölçülmüş 0,0632 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir (yerquruluşu planı 1,2,3,4). Yerquruluşu planında iddia olunan torpaq sahəsinin 1017B nömrəli şəhadətnamə ilə üst-üstə düşdüyü qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda 1017B nömrəli şəhadətnamənin arxiv sənədlərində aşkar edilmədiyi qeyd edilmişdir. - Jn-248A nömrəli şəhadətnamədən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə 0.06 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.1994-cü il tarixli Oğuz rayon X5 Rəyasət heyətinin 25 nömrəli qərarından görünür ki, iddiaçıya 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. İşin hallarından göründüyü kimi Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə 0.06 ha torpaq sahəsi ayrılmış və JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, xx.xx.1994-cü il tarixli Oğuz rayon X5 Rəyasət heyətinin 25 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair A389993 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Cavabdehin təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən edilir ki, JN-248A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə A389993 nömrəli planölçü sənədində qeyd edilmiş 599.52 kv.m torpaq sahəsi üst-üstə düşmür və tamamilə fərqli ərazilərdə yerləşirlər. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin 1017B nömrəli şəhadətnamə ilə üst-üstə düşdüyünü bildirsə də, həmin şəhadətnamənin arxiv nüsxəsinin mövcud olmadığını bildirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Göründüyü kimi 1017B nömrəli şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil və üstüstə düşmə barədə məlumat elektron məlumatlara əsaslanır. Halbuki həmin torpaq sahəsinə dair kağız daşıyıcıda - A389993 nömrəli plan-ölçü sənədində - zəruri məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında - 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar ... hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. Göründüyü kimi xx.xx.1994-cü il tarixli Oğuz rayon X5 Rəyasət heyətinin 25 nömrəli qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müstəqil əsasdır. Cavabdeh orqan iddia tələbinə etirazını aqrar islahat zamanı iddiaçının adına JN- 248A nömrəli şəhadətnəmin hazırlanması ilə əsaslandırsa da məhkəmə qeyd edir ki, qanunverici 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxlamasını müəyyən etmişdir. Sözügedən şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinin tələbləri baxımından mülkiyyət hüququnun qeydə alınması üçün əsas olduğundan həmin şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə xx.xx.1994-cü il tarixli Oğuz rayon X5 Rəyasət heyətinin 25 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi eyniləşdirilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz şəhərində A389993 nömrəli plan-ölçü sənədində göstərilən 599.52 kv.m həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-794/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-794/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver