Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-795/2025 15.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2765/2024 nömrəli qərardadı ilə Ucar rayonu Alpout Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-795/2025 nömrəli qərardadı ilə Ucar rayonu Alpout Bələdiyyəsi hüquqi varisi olan Ucar rayonu Qarabörk bələdiyyəsi ilə əvəz edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və Ucar rayonunun Alpout kəndində yaşayır. Ucar rayonunun Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonunun Alpout kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0.12 hektar torpaq sahəsi ona satılmışdır. İddiaçı 2020-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Bu yaxınlarda həmin evə elektrik xətti çəkdirmək istəyirdi. Buna görə də müvafiq orqana müraciət etdi. Lakin ona bildirildi ki, bunun üçün fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata aldırmalıdır. İddiaçı bundan sonra cavabdehə müraciət etmək məcburiyyətində qaldı. Lakin cavabdeh Ucar rayonunun Alpout bələdiyyəsinin torpaq sahəsinin ona Bələdiyyə torpaqlarının torpaq hərracları müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanuna uyğun satılmaması səbəbindən iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Həmçinin iddiaçı bildirir ki, torpaq sahəsi satılarkən bələdiyyə mülkiyyəti olması mübahisəsiz halıdır. Yəni bunun əksi cavabdeh tərəfindən iddiaçıya qanunvericiliyə uyğun satılmaması səbəbindən iddiaçının icrasından imtina edə bilməzdi.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması öhdəliyi barədə iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3-36/2-2742/2024 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin ayırılması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, bələdiyyə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqə yolu vasitəsilə torpaq sahəsi ayıra bilərdi. Bundan əlavə, DVJ məlumatlarında torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüşdür. Qeyd olunanlarla yanaşı təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmadı. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, torpaq sahəsində yarımçıq tikili mövcuddur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələriüzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilmısindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 25.07.2011-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Ucar rayon Alpout Bələdiyyəsinin hesabına ödəmişdir.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli, 10 nömrəli protokoldan çıxarış qərarı ilə, İddiaçı Ucar rayon Alpout Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmışdır.
4. Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli, 10 nömrəli protokoldan çıxarış qərarının surətindən görünür ki, İddiaçı Ucar Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmışdır.
5. Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 37 nömrəli arayışı.
6. Ucar rayon Qarabörk bələdiyyəsinin xx.xx.2025 tarixli 32 nömrəli məktubundan görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi,torpaqların alqısatqısına dair aktla ayrılmış torpaq sahəsi ilə eyni ərazidədir və iddia olunan torpaq sahəsi hər hansı üçüncü şəxsin maraqlarına toxunulmur. Həmin torpaq sahəsinin ətrafında yaşayış sahəsi mövcuddur.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-5272/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia təlbi üzrə iddiaçının hüquqi marağı Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evi tikmək üçün ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Cavabdeh imtinanın əsası kimi torpaq sahəsinin bələdiyyə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqə yolu vasitəsilə ayırılmasının mümkün olmasına və DVJ məlumatlarında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, uqodiyasının örüş olmasına istinad etmişdir. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli, 10 saylı iclasında qəbul edilmiş qərarla İddiaçı Ucar rayon Alpout Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması xx.xx.2012-ci il tarixli qərar, xx.xx.2012-ci il tarixli alqı-satqı aktı, ödəniş qəbzi və torpaq sahəsinin sxemi təsdiq edilir. İş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, Ucar rayon Alpout bələdiyyəsinin xx.xx.2012-cı il tarixli qərarı ilə, İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcu olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanl iddiaçının naturada göstərdiyi faktiki istifadə etdiyini bildirdiyi, üzərində yarımtikili mövcud olan 0,12 ha torpaq sahəsi kənd təsərrufatı təyinatlı torpqlar, kateqoriyalı, islahat uqodiyası örüş, faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında uqodiyası həyətyanı torpaq sahəsi göstərilməklə bələdiyyə mülkiyyətinə aiddir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem işə əlavə olunur. Cavabdehin mübahisəli torpaq sahəsinin ayırılmasının qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə mübahisəsiz qaydada təsdiq olunur. Ucar rayonu Qarabörk bələdiyyəsinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin torpaqların alqısatqısına dair aktla ayırılmış torpaq sahəsi ila eyni ərazidə olması, iddia olunan torpaq sahəsinin har hansı üçüncü şəxslərin maraqlarına toxunmadığı, torpaq sahəsinin ətrafında yaşayış sahələrin mövcud olduğu qeyd edilmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz xx.xx.2012-ci il tarixli qərarda və xx.xx.2012-ci il tarixli alqı-satqı aktıda ifadə olunur. İddiaçı və üçüncü şəxs arasında alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn hərəkətlər qarşılıqlı olaraq həyata keçirilmiş, iddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsait ödənilmiş və qarşılığında hazırda mübahisəli torpaq sahəsini əldə etmişdir. Odur ki, cavabdehin torpaq sahəsinin müvafiq qanunvericilik aktlarının tələbləri pozulmaqla ayırılması ilə bağlı dəlilləri yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas kimi qəbul edilə bilməz. Cavabdehin “DVJ məlumatlarında torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası örüş” olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə əldə edilmiş rəydən belə müəyyən olunur ki, sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında uqodiyası həyətyanı torpaq sahəsi göstərilməklə bələdiyyə mülkiyyətinə aiddir. Ucar rayonu, Alpout Bələdiyyəsinin 30 iyul 2012-ci il tarixli qərarı ilə həyətyanı sahə qismində iddiaçıya satılmış 0,12 ha torpaq sahəsinin kateqoriyasında cavabdehin elektron baza məlumatları arasında uyğunsuzluğun olması həmin qərarın mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin qərarın mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin qərarda göstərilən torpaq sahəsi ilə elektron baza məlumatlarında uyğunsuzluq olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı iddia edilən texniki uyğunsuzluğun aradan qaldırılmasının cavabdeh inzibati orqanın məsuliyyət sferasına aid olduğu mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Ucar rayonu Alpout bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata almaq öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Ucar rayonu Alpout Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Alpout kənd ərazisindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.