Məhkəmə qərarları › İş №2-1(116)-796/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-796/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-796/2024 25.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN-550 KOD 40111018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçilər mərhum X4, X5, İddiaçı1, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, İddiaçı3, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurrahman qızı, İddiaçı4 adları düzgün qeyd olunmaqla “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ya 1.63 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-550 KOD 40111018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçilər mərhum X4, X5, İddiaçı1, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, İddiaçı3, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurrahman qızı, İddiaçı4 adları düzgün qeyd olunmaqla Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və ya 1.63 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli yardım məktubu iddiaçının elektron kabinetinə ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsində JN-558 nömrəli Dövlət X1 ailə üzvlərinin texniki səhv nəticəsində Həlimə Emçiyeva, Elnarə Emçiyeva və Xacay Emçiyeva qeyd edildiyi göstərilmişdir. İddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbində isə JN-550 (düzgün qeyd edilməyib) nömrəli Dövlət Aktında mərhum atası Abdurahman Abdurahman oğlunun 6 nəfər ailə üzvü ilə birlikdə adları düzgün qeyd edilməklə Dövlət Aktının və ya çıxarışın verilməsi öz əksini tapmışdır. İzah olunmuşdur ki, çıxarış müvafiq daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatını əks etdirən sənəddir və hüquqmüəyyənedici sənəd əsasında verilir. Hazırkı iş üzrə hüquqmüəyyənedici sənəd qismində isə məzmununda texniki səhvə yol verildiyi bildirilən JN-558 nömrəli Dövlət Aktı çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Qanunun (xx.xx.2006) İİİ hissənin 4-cü bəndinə əsasən “Torpaq islahatı haqqında” Qanuna əlavə edilən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının nümunəsi çıxarılmışdır. Sözügedən Qanunun V hissəsinin 2-ci bəndində “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin aşağıdakı redaksiyada verilməsi təsbit edilmişdir. - Torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ... hüquqi torpaq kadastr sənədləri hesab olunur. Odur ki, cavabdeh orqanın iddiaçıların adlarının düzgün qeyd edilməklə Dövlət aktı tərtib etmək səlahiyyəti olmadığından müvafiq sənədin tərtib edilməsi ilə bağlı üzərinə öhdəlik qoyula bilməz. İzah olunmuşdur ki, arzuladı məqsədə çatmaq üçün JN-558 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 ilə bərabər, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus olması faktının müəyyən edilməsi üçün MPM-nin 307.2.5-ci maddəsinə əsasən Balakən rayon Məhkəməsinə müraciət etməlidir. (inzibati məhkəmə icraatı qaydasında hüquq müəyyənedici sənədlərin iddiaçılara aid olması faktına hüquqi qiymət verilməsi mümkün deyildir). Mülki Prossesual Məcəllə: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır: 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6, 6.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İddia tələbinin 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarış verilməsi (qeydə alınması tələb edilən hüququn növü qeyd edilməyib) hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyrimümkün olması tələbin həmin hissəsinin də mümkünsüzlüyünə səbəb olur. Odur ki, iddiaçılar ilk növbədə mülki məhkəmə icraat qaydasında hüquqmüəyyənedici sənədin özlərinə məxsus olması barədə məsələ qaldırmalı, həmin iddia müsbət həllini tapdıqdan sonra iddia olunan torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə, müraciətləri təmin olunmadıqda (cavabsız saxladıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Lakin, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “JN- 550 KOD 40111018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mülkiyyətçilər mərhum X4, X5, İddiaçı1, Emçiyeva (Əliyeva) Hürü Abdurahman qızı, İddiaçı3, Emçiyeva (Əfəndiyeva) Həpisət Abdurrahman qızı, İddiaçı4 adları düzgün qeyd olunmaqla Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və ya 1.63 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar