Məhkəmə qərarları › İş №2-1(116)-796/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-796/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-796/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, 1 oktyabr 1960-cı ildə anadan olmuşdur. Göyçay rayonu, Çaxıriı kənd Q.İsmayılov adına kolxozun əmək günü və hesablaşma kitablarında 1978-ci ildə 26 adam günü, 1979-cu ildə isə 33 adam günü iş stajı qeyd olunub. (Arxiv arayışı əlavə olunur). 01 sentyabr 1979-cu ildə Şəki pedaqoji məktəbinin “İbtidai sinif müəllimi” ixtisasına daxil olmuş, 1982-ci ilin iyun ayında həmin pedaqoji məktəbin “Ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 03 iyul 1982-ci il tarixli qərarı ilə ona “İbtidai sinif müəllimi’ ixtisası verilmişdir (Diplomun surəti əlavə olunur). 01 sentyabr 1982-ci il tarixdə Göyçay rayonu, Çaxırlı kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin sonlarında müxtəlif xəstəliklərdən əziyyət çəkdiyindən uzun müddət öz hesabına müalicədə olmuş və 2008-ci ilin yanvarında əlilliklə pensiyaya çıxmışdır. 01 fevral 2008-ci ildə ərizəsinə əsasən Göyçay rayonu, D.Məmmədov adına Çaxırlı kənd orta məktəbindən işdən azad olunmuşdur. O, 1 oktyabr 1960-cı ildə anadan olduğundan 15 aprel 2024-cü ildə yaşı 63 il 6 ay olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi barədə Dövlət Sosial Müsafiə Fondunun Göyçay rayon şöbəsinə müraciət etmişdir. Müraciəti ilə bağlı cavabdeh tərəfindən "Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ünvanına 06 iyun 2024-cü il tarixli, 3-17-112-N-132091 /2024 saylı məktub göndərilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır : - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhaiinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 2 saylı X5 filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə Mərkəzi Filiala göndərilmiş, Mərkəzi Filialda aparılan araşdırma nəticəsində İddiaçı qanunvericiliklə nəzərdə tutulan iş stajına (25 il) və pensiya təyinatı üçün tələb olunan minimum pensiya kapitalına sahib olmadığı müəyyənləşdirilmiş, bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı 25 il iş stajına sahib olduğunu iddia etsə də, Mərkəzi Filialın araşdırması nəticəsində bunun doğru olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982ci il tarixdən xx.xx.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X5 filialı ilə X5 Təhsil idarəsinin xx.xx.2024-cü il tarixdə birgə tərtib etdiyi akta əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən 01,02.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək haqqı aldığı 20 ay, həmçinin X6 Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi 3 ay sığorta stajına daxil edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1979-cu ii tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil illəri də, nəzərə alınmaqla sığorta stajı ümumi 4 il 9 ay təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, ona avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatı mümkün olmamışdır. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2 -ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxıl edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır 01,07.2023-cü il tarixindən 01,07.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 22—1 1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AR Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Göyçay rayonu Təhsil sektorunun 20 fevral 2024-cü il tarixli 21 nömrəli arayışı, İT-İ ******* nömrəli əmək kitabçası (əmək fəaliyyəti müddəti: 01.09.82-xx.xx.2008), AZE № 0*******-li şəxsiyyət vəsiqəsi, K 804712 nömrəli diplom, X3 Filialının 25 nömrəli arayışı, AR Elm və Təhsil Nazirliyi X5 Təhsil İdarəsi Göyçay rayonu Təhsil sektoru üzrə Çaxırlı kənd tam orta məktəbinin 130,91,82,162,133,182,162,74,136 nömrəli əmrləri və digər sənədlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Bunun üçün iddiaçı 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsini cavabdeh orqandan tələb edir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 63,5 yaşda (1 iyul 2023 – 30 iyun 2024), yəni xx.xx.2023-cü il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1960-cu ildə doğulub). Cavabdeh orqan X5 Təhsil idarəsi ilə birgə akt tərtib etdiyini və İddiaçı xx.xx.1982-ci il tarixdən 01,02.2008-ci il tarixədək Göyçay rayon D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində əmək haqqı aldığı 20 ay, həmçinin X6 Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi 3 ay sığorta stajına daxil edildiyini bildirmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1979-cu ii tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla ümumi sığorta stajını 4 il 9 ay olaraq qəbul edir. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən sosial sığorta stajına dair sənədlər X5 Təhsil İdarəsi tərəfindən sorğu edilərək yoxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyini təsdiq edən sənədlər (işə qəbul haqqında sənəd, əmək haqqı ödənişləri, işə aid digər rəsmi sənədlər) mövcuddur. Bu sənədlər iddiaçının təhsil sahəsində rəsmi işlə təmin edildiyini sübut edir. Müəllimlərin dövlət təhsil müəssisələrində işə qəbul edilmələri rəsmi prosedur əsasında aparıldığından, bu cür fəaliyyətin inandırıcılığı və qanuniliyi şübhə doğurmur. Dövlət məktəblərində müəllimlərin əmək haqları dövlət büdcəsi tərəfindən maliyyələşdirilməklə rəsmi qaydada həyata keçirilir. Odur ki, hər hansı bir müəllimin dövlət təhsil müəssisəsində çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz. İddiaçının Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində işlədiyi müddətin (23 il 3 ay 8 gün) üzərinə xx.xx.1979-xx.xx.1982-ci illər üzrə təhsil müddətini və kolxozda işlədiyi, mübahisələndirilməyən 3 ay müddəti topladıqda 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Beləliklə, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi müddət nəzərə alındıqda onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlandığından, məhkəmə mübahisələndirilən dövrlər üzrə iddiaçının əmək fəaliyyəti ilə bağlı cavabdehin subyektiv şübhələrinə əlavə olaraq hüquqi qiymət verilməsinə lüzum görmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə 01 sentyabr 1982-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinədək Göyçay rayonu D.Məmmədov adına Çaxırlı kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi müddətin İddiaçı sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar