Məhkəmə qərarları › İş №2-1(116)-798/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-798/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-798/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illərin iş stajına daxil edilməklə ikinci qrup əlilliyə görə əmək pensiyasının dayandırıldığı və yaşa görə müavinətin təyin olunduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək PMK-64 6 saylı Trestdə 4-cü dərəcəli üzləyici bənna kimi işlədiyi illərin iş stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1969-cu il tarixdə 38 saylı Texniki Peşə Məktəbinə (indiki 1 nömrəli (Gəncə Peşə Məktəbinə) “armatur qaynaqçısı” ixtisası üzrə əyani daxil olmuş və xx.xx.1971-ci il tarixdə isə 3-cü dərəcə verilməklə həmin ixtisas üzrə məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra iddiaçıya 1205 nömrəli attestat verilmişdir. Bundan sonra iddiaçı xx.xx.1971-ci ildə Mingəçevir şəhər 39 saylı orta texniki Peşə Məktəbinin 1 illik rəngsaz ixtisasına daxil olmuşdur. Həmin kursu xx.xx.1972-ci ildə bitirmişdir. İddiaçı əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə Ağdaş rayon Təmir-tikinti sahəsində dördüncü dərəcəli suvaqçı kimi başlamışdır. İddiaçı xx.xx.1074-cü ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq öz ərizəsi ilə işdən azad olunmuşdur. 27 may 1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1976-cı il tarixdə Ağdaş kolxozlararası Tikinti idarəsinə 4-cü dərəcəli suvaqçı qəbul edilmişdir. İddiaçı xx.xx.1976-cı il tarixdə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1977-ci ildə 33 saylı Tikinti İdarəsi, 3 saylı Trestdə 3-cü dərəcə ilə suvaqçı vəzfəsinə qəbul olunmuşdur. İddiaçıya xx.xx.1977-ci ildə dördüncü dərəcə, xx.xx.1981-ci ildə isə 5-ci dərəcə verilmişdir. İddiaçı xx.xx.1982-ci ildə 3 saylı trestdən işdən azad olunmuşdur. İddiaçı xx.xx.1982-ci ildə Texniki rezin məmulatları zavodunun təmir-tikinti idarəsinə 5-ci dərəcəli bənna işinə qəbul olunmuşdur. O, xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1983-cü ildə Uralsk taksi parkına 5-ci dərəcəli bənna işinə qəbul olunmuş və xx.xx.1985-ci ildə işdən azad olunmuşdur. O, xx.xx.1983-cü ildə Texniki rezin məmulatları zavodunun Təmir-tikinti idarəsinə bənna işinə qəbul olunmuş və xx.xx.1984-cü ildə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1984-cü ildə 5-ci dərəcəli bənna vəzifəsinə qəbul olunmuş və xx.xx.1986-cı ildə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə kimi “malyar” vəzifəsində işləmiş, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə kimi X1 5-ci dərəcəli bənnasuvaqçı kimi işləmişdir. İddiaçı xx.xx.1987-ci ildə MPMK-171 saylı sənaye-tikinti trestində 5-ci dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuş və xx.xx.1987-ci ildə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1987-xx.xx.1988-ci illərdə CMP-518 Nəqliyyat tikinti Trestində 4cü dərəcəli bənna, xx.xx.1988-xx.xx.1988-ci illərdə Sənaye Tikinti İdarəsində 5-ci dərəcəli suvaqçı vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdə PMK-64, 6 saylı trestdə üzləyici vəzifəsinə, xx.xx.1992-ci ildə köçürmə yolu ilə PMK-68-ə 5-ci dərəcəli üzləyici bənna qəbul olunmuşdur. İddiaçıya xx.xx.1992-ci ildə işin öhdəsindən gəldiyi üçün 6-cı dərəcə verilmişdir. İddiaçı xx.xx.1998-ci ildə ərizəsinə əsasən işdən azad olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək iddia tələbində qeyd olunan illərin onun sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixində əlilliyinin müddəti bitdiyi üçün əmək pensiyasının ödənişi dayandırılmışdır. Təqdim edilən sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək və xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 19 il 1 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 1 ay sığorta stajına uyğun olaraq 13.788,08 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası X2 filialının xx.xx.2021-ci il tarixli № 1252(373)/3 saylı arayışına əsasən Gəncə şəhəri 6 saylı Trestin xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan arxiv sənədləri X2 filialına təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-798/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********2 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək və xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 19 il 1 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 1 ay sığorta stajına uyğun olaraq 13.788,08 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası X2 filialının xx.xx.2021-ci il tarixli 1252(373)/3 nönrəli arayışına əsasən Gəncə şəhəri 6 saylı Trestin xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan arxiv sənədləri X2 filialına təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən iddiaçı “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illərin iş stajına daxil edilməklə 2-ci qrup əlilliyə görə əmək pensiyasının dayandırıldığı və yaşa görə müavinətin təyin olunduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. 1 nömrəli Gəncə Peşə Məktəbinin xx.xx.2021-ci il tarixli 24 nömrəli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.1969-cu il tarixdə 38 №-li Texniki Peşə Məktəbinə (indiki 1 nömrəli Gəncə Peşə Məktəbinə) “Armatur qaynaqçısı” ixtisası üzrə (əyani) daxil olmuş, xx.xx.1971-ci il tarixdə isə 3-cü dərəcə verilməklə “Armatur qaynaqçısı” ixtisası iizrə məktəbi bitirərək 1205 nömrəli attestat almışdır. (1 il 9 ay 11 gün) Mingəçevir Peşə Məktəbinin xx.xx.2021-ci il tarixli 14 nömrəli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.1971-ci ildə Mingəçevir şəhər 39 №li orta Texniki Peşə Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) 1 (bir) illik “Rəngsaz” ixtisasına daxil olmuş və həmin kursu xx.xx.1972-ci ildə bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona ikinci dərəcəli rəngsaz ixtisası üzrə Attestat № 1454 verilmişdir. (10 ay 16 gün) Azərbaycan Respublikası X2 filialının xx.xx.2022-ci il tarixli 378 (108)/3 nömrəli məktubunda qeyd olunur ki, Gəncə şəhəri PMK-64 6 saylı Trestinin arxiv sənədləri X2 Filialında təhvil verilməmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçmişdir. (2 il 0 ay 5 gün) İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki: xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü ilədək Ağdaş rayon Təmir-tikinti sahəsində dördüncü dərəcəli suvaqçı (10 ay 28 gün); xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı ilədək Ağdaş kolxozlararası Tikinti idarəsinə 4-cü dərəcəli suvaqçı (2 ay 29 gün); xx.xx.1977-ci ildə 33 saylı Tikinti İdarəsi, 3 saylı Trestdə 3-cü dərəcə ilə suvaqçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə dördüncü dərəcə, xx.xx.1981-ci ildə isə 5-ci dərəcə verilmiş, xx.xx.1982-ci ildə işdən azad olunmuşdur (5 il 2 ay 6 gün); xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Texniki rezin məmulatları zavodunun təmirtikinti idarəsində 5-ci dərəcəli bənna (9 ay 13 gün); xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Uralsk taksi parkında 5-ci dərəcəli bənna (2 ay); xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək Texniki rezin məmulatları zavodunun Təmir-tikinti idarəsində bənna (9 ay 10 gün); xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi 33 nömrəli Tikinti İdarəsində (1 il 7 ay 19 gün); xx.xx.1986-xx.xx.1986-cı ilədək МПМК-da suvaqçı-rəngsaz (6 ay 4 gün); xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək X1 5-ci dərəcəli bənna-suvaqçı (6 ay 5 gün); xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək MPMK-171 saylı sənaye-tikinti trestində 5-ci dərəcəli suvaqçı (26 gün); xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək CMP-518 Nəqliyyat tikinti Trestində 4-cü dərəcəli bənna (5 ay 15 gün); xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Sənaye Tikinti İdarəsində 5-ci dərəcəli suvaqçı (6 ay 12 gün); xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək Mingəçevir PMK-64 6 nömrəli TREST-də (3 il 1 ay 20 gün); xx.xx.1992-xx.xx.1998-ci ilədək PMK-64-də işləmişdir (5 il 11 ay). Əmək kitabçasının 12-13-cü səhifələrində olan qeydlərə əsasən iddiaçıya xx.xx.1984-cü il tarixdə 1983-cü ildə əldə etmiş olduğu uyurlara görə təşəkkür elan edilmiş, xx.xx.1988-ci il tarixdə isə fəxri fərmanla mükafatlandırılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubuna əlavə olunmuş iddiaçının pensiya işindən görünür ki: İddiaçıya xx.xx.2015-ci il tarixdə 2-ci qrup əlilliyə görə pensiya təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2021-ci il olaraq göstərilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə müavinət təyin olunmuşdur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı təhsil, hərbi xidmət və əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti ilə məşğul olduğu müddətlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdə 25 il 6 ay 9 gün əmək stajına (sosial sığorta) malikdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2019-ci il tarixdə 64 yaş 6 ayı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Bununla yanaşı, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilərək ödənildiyindən, ona yaşa görə əmək pensiyası ikinci qrup əlilliyə görə əmək pensiyasının dayandırıldığı və yaşa görə müavinətin təyin olunduğu xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illər onun iş stajına daxil edilməklə 2-ci qrup əlilliyə görə əmək pensiyasının dayandırıldığı və yaşa görə müavinətin təyin olunduğu xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar