Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-799/2020 20.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Hərbi xidmətkeçmə barədə” Əsasnamənin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin ləğvi, işə bərpa edilməsi və boşdayanma ərəfəsində olan əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Hərbi xidmətkeçmə barədə” Əsasnamənin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin ləğvi, işə bərpa edilməsi və boşdayanma ərəfəsində olan əmək haqqının ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-698/2020 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Sözügedən inzibati iş xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin gündən inzibati icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0147əç nömrəli əmri ilə Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Kompüter bölməsinin operatoru (yığıcı) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən Hərbi Nəşriyyatın şəxsi heyətinin siyahısına daxil edilmişdir. Müdafiə Nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsi rəsinin xx.xx.2019-cu il tarixli 021 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunur ki, iddiaçının işdən azad edilməsinə səbəb onun iş yerinə sırğa ilə gəlməsi olmuşdur. İddiaçı uzun müddət hərbiçi kimi fəaliyyət göstərmiş və xidməti müddətində onun heç bir qüsurlu hərəkəti olmamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, işdən azad olunması haqqında müvafiq Əmr ona təqdim edilməmiş, ona məxsus hərbi biletin 21-ci səhifəsində qeyd aparılmışdır. Cavabdeh orqanın məhkəməyə göndərdiyi iddia tələbinə münasibət məktubunda qeyd edilir ki, ehtiyatda olan əsgər İddiaçı Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 2019-cu il tarixli 0147 əç №-li əmri ilə Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Kompüter bölməsinin operatoru (yığıcı) vəzifəsinə təyin edildiyinə görə rəisin 159 №-li xx xxxxxxx 2019-cu il tarixil əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. Nəşriyyatda olduğu qısa müddətdə, yəni 15 gündə iddiaçı hərbi Nizamnamələrin tələblərini, eləcə də günün nizam qaydalarını pozmuş, ona edilən iradlardan nəticə çıxarmamış, xidmətində dönüş yaratmamışdır. İddiaçı xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlığa təqdimat verilmişdir. Müdafiə nazirinin müavini Şəxsi Heyət Baş idarəsi rəisinin 021 əç №-li xx xxxxxxx 2019- cu il tarixli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh orqan göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr və həmin əmrin verilməsi üşün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçı Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0147 əç nömrəli əmri ilə Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Kompüter bölməsinin operatoru (yığıcı) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən Hərbi Nəşriyyatın şəxsi heyətinin siyahısına daxil edilmişdir. İddiaçının “Xidmət vərəqəsi”ndə Nizamnamə qaydalarını kobud şəkildə pozaraq rəhbər şəxs, ali rütbəli zabit haqqında onların şərəf və ləyaqətinə xələl gətirəcək qeyri-etik ifadələr işlətdiyinə və Nizamnamə qaydalarına uyğun olmayan hərəkətlərə yol verdiyinə görə ona xx.xx.2019-cu il tarixli, 87 nömrəli Əmrə əsasən “Şiddətli töhmət” verilməsi barədə qeydlər edilmişdir. Bundan başqa iddiaçıya məxsus digər “Xidmət vərəqəsi”ndə əvvəlki illərdə ona “Xidmət yerinə gəlmədiyinə”, “Xidmət yerinə gecikdiyinə”, Xidmət yerinə gecikdiyinə və mülki geyimlə xidmət yerinə yetirdiyinə” və “Hərbi hissəyə icazəsiz smart tipli telefon gətirdiyinə” görə “Töhmət” və “Şiddətli töhmət” verilməsinə dair qeydlər vardır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli 9896 nömrəli bildirişində qeyd olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Hospitala stasionar müayinə və müalicəyə daxil olmuşdur. İddiaçı “şəxsiyyətin orta dərəcəli dissosiativ tip pozulması dekompensasiya mərhələsi, təkrarlanan intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə göndərilən və iş materiallarına əlavə edilən Müdafiə Nazirliyi Hərbi Nəşriyyatının rəisi polkovnik-leytenant X2 nazirinin müavini Şəxsi Heyət Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 448 nömrəli “Raport”da qeyd edilir ki, Hərbi Nəşriyyatın Kompüter bölməsinin operatoru (yığıcı) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı Hərbi Nəşriyyata gəldiyi gündən Nizamnamə qaydalarına zidd olan davranışlar nümayiş etdirmişdir. MAHHXHQ əsgər İddiaçı Hərbi Nəşriyyatda xidmət etdiyi müddətdə xx.xx.2019-cu il tarixdə xidməti otağında ağladığı müşahidə olunmuşdur. Səbəbini soruşduqda məlumat verməmiş, lakin sonradan araşdırma zamanı məlum olmuşdur ki, əsgər İddiaçı Hərbi Nəşriyyatda xidmətə gəldiyi ilk gün N nömrəli hərbi hissənin Hərbi Nəşriyyata ezam edilmiş sürücüsü kiçik çavuş Himalay Mustafayev ona nahaq buranı xidmət yeri olaraq seçdiyini, kollektivdə qruplaşmanın olduğunu bildirmişdir. Bu məlumat ona pis təsir edərək ağlamasına səbəb olmuşdur. Ona görə də N nömrəli hərbi hissənin Hərbi Nəşriyyata ayrılan sürücüsü öz xidməti yerinə geri göndərilmişdir. xx.xx.2019-cu il tarixdə iclas zalında səhər yerbəyeri başa çatdıqdan sonra hər kəs xidməti otağına keçsə də əsgər İddiaçı leytenant Y.Nəbiyevin otağına keçməsi tələbinə məhəl qoymamış, burada qruplaşmanın olduğunu və Hərbi Nəşriyyatda xidmət etmək istəmədiyini bildirmişdir. Lakin bir neçə dəqiqə sonra baş redaktorun otağına gedərək mayor Valeh Əliyevə qarşı kobud və nəzakətsizlik edərək subordinasiya qaydalarını aşmış, xoşagəlməz ifadələrlə onu təhqir etmiş və hədələmişdir. Bundan başqa ona Nəşriyyatda xidmət etmək istəmədiyini və burada qalacağı təqdirdə özünü pəncərədən atacağı barədə hədə-qorxu gəlmişdir. xx.xx.2019-cu il tarixdə əsgər İddiaçı yenidən intizamsız şəkildə Baş redaktorun otağına daxil olaraq mayor V.Əliyevin üzərinə hücum çəkmiş, başqa zabitlərin yanında ona qarşı Nizamnamənin tələblərinə riayət etmədən rəis və tabe olan münasibətlərini kobud şəkildə pozmuşdur. Həmin vaxt S.Əfəndiyev otağa daxil olaraq ona intizamsız hərəkətlərinə son verməsini, özündən yuxarı rəhbərlə nizamnamə qaydalarına uyğun davranmasını bildirsə də, onun da göstərişlərinə əməl etmədən öz kobud hərəkət və davranışlarına davam etmişdir. Bütün bunlar əsgər İddiaçı intizamsız və nəzakətsiz hərəkətlərinə görə söhbət aparması üçün Hərbi Nəşriyyata dəvət edilmiş Müdafiə Nazirliyi Qadın və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə Şöbəsinin baş məsləhətçisi Sahirə Rəsulovanın bilavasitə gözü önündə baş vermişdir. Müdafiə Nazirliyi Qadın və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin baş məsləhətçisi Sahirə Rəsulova intizamlı, nəzakətli və təmkinli davranmağı ona tövsiyyə etsə də, İddiaçı ona da qarşı kobud və nəzakətsiz və təhdidli davranmışdır. Bir müddət əvvəl S.Əfəndiyev ona xidməti yerində bəzək əşyaları taxmamasını bildirsə də, o, bu göstərişə də riayət etməmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının geyim forması daşıma qaydalarını pozmuş və yenə də bəzək əşyalarını taxaraq xidməti yerinə gəlmişdir. 22.10 2019-cu il tarixdə iclas zalında keçirilən səhər yerbəyeri zamanı əsgər İddiaçı şəxsi heyət qarşısında yenə də S.Əfəndiyevə qarşı nəzakətsizlik edərək Nizamnamə qaydalarını kobud şəkildə pozmuş, fikrini tamamlamağa imkan vermədən, uca səslə danışaraq özünün haqlı olmasını sübut etməyə çalışmışdır. Ona dəfələrlə sözünü kəsməməsini söyləsə də, S.Əfəndiyevi rəis hesab etmədiyini, ona heç nə edə bilməyəcəyimi dedikdən sonra, əlavə 5 il general-mayor ali hərbi rütbəsi daşıyan bir zabiti süründürdüyünü bildirərək rəhbər şəxslərin və ali hərbi rütbəli zabitin şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətmişdir. Qeyd edilir ki, S. Həşimova Hərbi Nəşriyyata gəldiyi gündən Nəşriyyatda ünsiyyətdə olduğu hərbi və mülki qulluqçularla həmişə kobud rəftar etmiş, ixtisas hazırlığını artırmasına heç bir cəhd etməmiş, tutulan iradlara baxmayaraq iş vaxtının çox hissəsini mobil telefonla danışığa sərf etmişdir. Böyük rəislərin ona intizamlı olması, kollektivin digər üzvlərinə qarşı nəzakətli davranması və ixtisas hazırlığının artırması ilə bağlı bildirilən irad və tövsiyələrinə əməl etməmiş, əsgər İddiaçı təhdidedici ifadələr işlədərək onlara hədəqorxu gəlmişdir. Kompüter bölməsinin operatoru (yığıcı) MAHHXHQ əsgər İddiaçı intizamsız və nizamnamədənkənar davranışlarına son qoyması ilə əlaqədar şəxsən S.Əfəndiyevin özünün, eləcə də Hərbi Nəşriyyatın Qadınlar Şurasının üzvləri və Müdafiə Nazirliyi Qadın və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbəsinin baş məsləhətçisi Sahirə Rəsulovanın söhbət aparmasına baxmayaraq, o, yenə eyni hərəkətlərə yol verməyə davam edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq S.Əfəndiyev İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Azərbaycan Ordu sıralarından ehtiyata buraxılması barədə qərar qəbul edilməsi üçün vəsatət qaldırmışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə göndərilən və iş materiallarına əlavə edilən Müdafiə Nazirliyi Hərbi Nəşriyyatının rəisi polkovnik-leytenant Samir Əfəndiyevin iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün verdiyi xx.xx.2019-cu il tarixli Təqdimatda qeyd edilir ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı xx.xx.2019-cu il tarixdən Hərbi Nəşriyyatda xidmət edir. Xidmət etdiyi qısa müddət ərzində özünü intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, əsgər İddiaçı gəldiyi gündən Nizamnamə qaydalarına zidd olan davranışlar nümayiş etdirir. Hərbi Nəşriyyatın rəhbərliyi tərəfindən Nizamnamələrin tələblərinə ciddi riayət olunmaması barədə onunla aparılan söhbətlərə baxmayaraq, o eyni qayda da intizamsız davranışlara yol verməklə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərəcək hərəkətlərini davam etdirmişdir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə Hərbi Nəşriyyat rəisinin şəxsi heyətlə hərbi intizamın möhkəmləndirilməsinə dair apardığı söhbətə mane olmuş, ona özünü nəzakətli aparmasına dair verdiyi tövsiyələrə məhəl qoymamış, subordinasiya qaydalarını pozmağı davam etdirmişdir. Əsgər İddiaçı Nizamnamə qaydalarını, eləcə də günün nizam qaydalarını kobud şəkildə pozduğuna görə "Şiddətli Töhmət” elan olunmuşdur. Ona yuxarı rəislər tərəfindən Nizamnamə qaydalarına əməl etməyi dəfələrlə tövsiyə olunsa da bundan heç bir nəticə çıxarmamış, intizamsız xidmətini davam etdirmiş, xidmətində heç bir dönüş yaratmağa cəhd göstərməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Aktda qeyd edilir ki, həqiqətən də xx.xx.2019-cu il tarixdə saat 09:05 radələrində Hərbi Nəşriyyat rəisinin xidməti otağında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ilə söhbətləşmə aparılmasında iştirak edilmişdir. Hərbi Nəşriyyat rəisi polkovnik-leytenant Samir Əfəndiyev tərəfindən ona lazımi suallar verildi, onun “Hərbi xidmətkeçmə haqqında əsasnamə'’nin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq ehtiyata buraxıldığı və hansı imtiyazlardan istifadə edib-etməmək hüququnun olması qeyd edildi. Həmçinin həkim yoxlamasına ehtiyacı olub-olmaması barədə soruşuldu. Lakin əsgər İddiaçı heç bir həkim yoxlanışına ehtiyacının olmadığını qeyd etdi. Sonda ona söhbətləşmə aparılması barədə qeyd olunan müvafiq yerə imza atması deyildi. Amma o, heç bir sənədə imza atmayacağını və bundan imtina etdiyini açıq şəkildə bildirdi. Qeyd olunan təqdimat və digər sənədlər baxılması üçün Müdafiə nazirinin müavini Şəxsi Heyət Baş İdarəsinin rəisinə göndərilmiş və Müdafiə nazirinin müavini Şəxsi Heyət Baş İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli, 021 əç nömrəli Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Kompüter bölməsinin operatoru (yığıcı) qadın hərbi qulluqçusu İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya məxsus hərbi biletin 21-ci səhifəsində onun ehtiyata buraxılması barədə qeydlər mövcuddur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ******* nömrəli “Hərbi bilet”in təsdiq edilmiş surəti, cavabdehin iddiaya münasibət məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə AZ1069/********** nömrəli teleqram göndərərək mövcud vəziyyətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da. mahiyyət baxımından uğursuzdur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – əmrin ləğv edilməsinə dair tələb mümkündür. Cavabdeh orqanın mübahisə predmeti olan əmrinə qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın mümkünlüyü sual doğurmamalıdır. Çünki, sözügedən əmrlə iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından söhbət, şübhəsiz, İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Bununla yanaşı iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın, yəni əmrin ləğv edilməsinə yönəlmişdir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddəti ötürülməmişdir və iddia mümkün iddiadır. İddia mahiyyət etibarilə əsassızdır və rədd edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək, vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək, hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək, həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq, vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq hərbi qulluqçunun vəzifəsidir. 156-cı bəndinin e) yarımbəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 2019-cu il tarixli 0147 əç №-li əmri ilə Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Kompüter bölməsinin operatoru (yığıcı) vəzifəsinə təyin edildiyinə görə rəisin 159 №-li xx xxxxxxx 2019-cu il tarixil əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İddiaçının “Xidmət vərəqəsi”ndə Nizamnamə qaydalarını kobud şəkildə pozaraq rəhbər şəxs, ali rütbəli zabit haqqında onların şərəf və ləyaqətinə xələl gətirəcək qeyri-etik ifadələr işlətdiyinə və Nizamnamə qaydalarına uyğun olmayan hərəkətlərə yol verdiyinə görə ona xx.xx.2019-cu il tarixli, 87 nömrəli Əmrə əsasən “Şiddətli töhmət” verilməsi barədə qeydlər edilmişdir. Bundan başqa iddiaçıya məxsus digər “Xidmət vərəqəsi”ndə əvvəlki illərdə ona “Xidmət yerinə gəlmədiyinə”, “Xidmət yerinə gecikdiyinə”, Xidmət yerinə gecikdiyinə və mülki geyimlə xidmət yerinə yetirdiyinə” və “Hərbi hissəyə icazəsiz smart tipli telefon gətirdiyinə” görə “Töhmət” və “Şiddətli töhmət” verilməsinə dair qeydlər vardır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olduğu müddət ərzində barəsində tətbiq edilmiş intizam cəzalarından nəticə çıxarmayaraq qanunvericiliklə (Hərbi xidmətkeçmə haqqında Əsasnamə) üzərinə qoyulmuş vəzifə və öhdəliklərini yerinə yetirməmiş, onun şəxsi və peşə keyfiyyətləri hərbi xidmətini davam etdirməsi üçün kifayət deyildir. Məhkəmə hesab edir ki, xidməti vəzifələrinin icrasına laqeydlik nümayiş etdirən, xidməti vəzifələrinin öhdəsindən gələ bilməyən, xidməti və şəxsi keyfiyyətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini davam etməsinə imkan verməyən iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyyata buraxılması qanuni olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə Müdafiə nazirinin müavini Şəxsi Heyət Baş idarəsi rəisinin 021 əç №-li xx xxxxxxx 2019-cu il tarixli əmri ehtiyata buraxılması qanunauyğun olduğundan iddia tələbi əmrin ləğvi hissəsində əsassızdır və rədd edilməlidir. İddia tələbinin digər, yəni işə bərpa edilməsi və boşdayanma ərəfəsində olan əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianın qeyd olunan hissələri birinci hissənin (Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Şəxsi Heyət Baş idarəsi rəisinin 021 əç №-li xx xxxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi) həllindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddianın digər hissələri də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli “Hərbi xidmətkeçmə barədə” Əsasnamənin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin ləğvi, işə bərpa edilməsi və boşdayanma ərəfəsində olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-799/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-799/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver