Məhkəmə qərarları › İş №2-1(116)-8/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-8/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-8/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı "Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, X8 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamının iddiaçının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha hissədə ləğv edilməsi" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri də daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Ucar rayon ərazisində olan "Acı nohur" adlanan ərazidəki qış otlaq sahəsinin torpaqları yerləşən sahədən 450 ha torpaq sahəsi seçilmiş, bu barədə 22.05.2007-ci il tarixli "Yerin seçilmə aktı" tərtib edilmişdir. Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X5 Ucar rayonu ərazisində qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsinin ayrılması barədə təqdim olunan torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən, Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatı arasında may 2007-ci ildə 450 ha torpaq sahəsi ilə bağlı 15 il müddətinə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi" bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi tərəfindən "Azərbaycan Respublikası Kürdəmir rayonu "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisindəki qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək məqsədi üçün icarəyə ayrılacaq torpaq sahəsinin sxematik yerquruluşu planı" tərtib edilmiş və Cavabdeh başçısı tərəfindən təsdiq edilmişdir. Bundan sonra, Cavabdeh başçısının 06.09.2017-ci il tarixli 89 nömrəli sərəncamına əsasən, X4 rayonun Təzə Şilyan kəndi ərazisindən təyinatı dəyişdirilərək əkin kateqoriyasına aid edilmiş və gələcəkdə aqropark yaradılması nəzərdə tutulan qış otlaq sahəsi ərazisindən 4000 ha torpaq sahəsinin 50 il müddətinə istifadəyə (icarəyə) verilməsi qərara alınmışdır. Həmin 4000 ha torpaq sahəsindən 2801 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 12.12.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, həmin 4000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, həmin 4000 ha torpaq sahəsindən 223 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamına əsasən, Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 45 nömrəli sərəncamı ilə X2 icarəyə verilmiş 200 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə, eləcə də Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X9 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra 29.04.2019-cu ildə "Vüqar fermer təsərrüfatı" məhdud məsuliyyətli cəmiyyətinin adı dəyişdirilərək İddiaçı adlandırılmışdır. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı "Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında “Vüqar” kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və eyni zamanda qanuni istifadəsində olan 450 ha qış otlaq sahəsinin X4 qış otlaq sahəsi kimi verilməsi haqqında Cavabdeh başçısının sərəncamının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, icarəsində olan 450 ha qış otlaq sahəsi təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin sərhədləri qoyulan zaman onların iştirakı ilə olmuş, istifadələrində olan 450 ha sahə bu sərhədlərdən kənarda qış otlaq sahəsi kimi qalmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində icarə hüquqlarına qanunsuz və əsassız olaraq 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamla xitam verilmiş və Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatı arasında bağlanmış müqavilə birtərəfli qaydada ləğv edilərək həmin torpaq sahəsi Cavabdeh 20.11.2017-ci il tarixli 110 nömrəli sərəncamı əsasında qış otlaq sahəsi kimi X4 icarəyə verilmişdir. Bundan sonra, Cavabdeh başçısının 30.04.2020-ci il tarixli 32 nömrəli sərəncamına əsasən, X6 ilə bağlanmış 06.09.2017-ci il tarixli 03 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" ləğv edilmişdir. Cavabdeh iddiaya qarşı 16.06.2020-ci il tarixli 511 nömrəli etirazında iddianı qəbul eməyərək onun təmin olunmamasını xahiş etmişdir. Bundan sonra iddiaçı 25.06.2020-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə göndərərək Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının ləğv edilməsi, "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamının və bu sərəncam əsasında bağlanmış icarə müqaviləsinin bərpa olunmasını xahiş etmişdir. Daha sonra Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamına əsasən, X8 rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. Həmin 2000 ha torpaq sahəsindən 801 ha torpaq sahəsinə X7 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.01.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan başqa, həmin 2000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X7 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Eyni zamanda, Cavabdeh başçısının 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamına əsasən, "xxxx" MMC-yə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. Həmin 2000 ha torpaq sahəsinə "xxxx" MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 01.12.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Məhkəmənin 16.06.2021-ci il tarixli qərardadı ilə X12 və "xxxx" MMC üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bundan başqa, məhkəmənin 21.06.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Daha sonra iddiaçı "xxxx" MMC 11.02.2022-ci ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə başqa ərizə göndərərək, Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı əsasında "Vüqar" kəndli fermer təsərrüfatına 450 ha qış otlaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının qanunsuz olduğu üçün ləğv edilməsi, X8 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha hissədə və "xxxx" MMC-yə 2000 ha torpaq sahəsinin icarəyə verilməsi barədə Cavabdeh başçısının 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamının icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha hissədə ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14.02.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərə və üçüncü şəxslərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər gəlmədiyinə, cavabdeh isə 06.05.2022-ci ildə məhkəməyə göndərdiyi teleqramda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamından görünür ki, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X5 Ucar rayonu ərazisində qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 15 il müddətinə 450 ha torpaq sahəsi ayrılması barədə təqdim olunan torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. - İşdə olan, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi"ndən görünür ki, Cavabdeh ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X13 arasında 450 ha torpaq sahəsi ilə bağlı 15 il müddətinə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" bağlanmışdır. - İşdə olan, 22.05.2007-ci il tarixli "Yerin seçilmə aktı"ndan görünür ki, "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri R.Kərimov da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Ucar rayon ərazisində olan "Acı nohur" adlanan ərazidəki qış otlaq sahəsinin torpaqları yerləşən sahədən 450 ha torpaq sahəsi seçilmişdir. - İşdə olan, Cavabdeh başçısının 06.09.2017-ci il tarixli 89 nömrəli sərəncamından görünür ki, X4 rayonun Təzə Şilyan kəndi ərazisindən təyinatı dəyişdirilərək əkin kateqoriyasına aid edilmiş və gələcəkdə aqropark yaradılması nəzərdə tutulan qış otlaq sahəsi ərazisindən 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilməsi qərara alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 2801 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 12.12.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 976 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin 4000 ha torpaq sahəsindən 223 ha torpaq sahəsinə X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamından görünür ki, Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X9 icarəyə verilmiş 450 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.03.2017-ci il tarixli 173s nömrəli sərəncamı ilə aqropark yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin tərkibinə daxil olduğuna görə Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X9 icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilmişdir. - İşdə olan, Cavabdeh başçısının 30.04.2020-ci il tarixli 32 nömrəli sərəncamından görünür ki, X6 ilə bağlanmış 06.09.2017-ci il tarixli 03 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında icarəsi müqaviləsi" ləğv edilmişdir. - İşdə olan, Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamından görünür ki, X8 rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. - İşdə olan, Cavabdeh başçısının 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan təyinatı dəyişdirilərək əkin dövriyyəsinə keçirilmiş kənd təsərrüfatı torpaqlarından əkinçiliyin inkişafı məqsədilə 2000 ha torpaq sahəsinin icarəyə (istifadəyə) verilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddialar üçün 30 günlük iddia müddəti müəyyən edilmiş və bu müddətin başlanğıcı inzibati aktın təqdim (elan) olunduğu, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxt nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin sərəncamlarının ləğvi üçün şikayət instansiyasına şikayət verməmiş, eləcə də sərəncamların ona təqdim (elan) olunması barədə sübut yoxdur. Məhkəmə hesab edir ki, belə olan halda, iddia müddəti buraxılmamışdır. İddianın mümkün sayılmaması üçün digər əsaslar da yoxdur. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatına Ucar rayonu ərazisində qış otlaq sahəsindən 15 il müddətinə icarəyə (istifadəyə) 450 ha torpaq sahəsi ayrılmış, bundan sonra cavabdehin 06.09.2017-ci il tarixli 89 nömrəli sərəncamı ilə X4 4000 ha torpaq sahəsi 50 il müddətinə istifadəyə (icarəyə) verilmişdir. Cavabdehin 24.10.2018ci il tarixli 98 nömrəli sərəncamına əsasən, "Vüqar" kəndli fermer təsərrüfatı ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş, bundan sonra cavabdehin 30.04.2020-ci il tarixli 32 nömrəli sərəncamı ilə X6 ilə bağlanmış icarə müqaviləsi ləğv edilmiş, daha sonra cavabdehin 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamı ilə X8 2000 ha torpaq sahəsi, 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamı ilə isə "xxxx" MMC-yə 2000 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı hazırda cavabdehin 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının tam, 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamının 214,8 ha hissədə və 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamının 198,2 ha hissədə ləğv olunmasını tələb edir. Cavabdeh özünün 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X17"nə uyğun olaraq, aqropark yaradılmaqla pambıq və taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı ilə əlaqədar təqdim edilmiş yerquruluşu planına əsasən Ucar rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 4000 ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. X2 Rayon İcra Hakimiyyəti başçısının 22.05.2007-ci il tarixli 45 nömrəli sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 200 ha torpaq sahəsi və "Vüqar" kəndli fermer təsərrüfatının rəhbəri X9 Rayon İcra Hakimiyyəti başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 450 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.03.2017-ci il tarixli 173s nömrəli sərəncamı ilə Aqropark yaradılması məqsədi ilə təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsinin tərkibinə daxildir. Göründüyü kimi, cavabdehin 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamında icarə müqaviləsinə xitam verilməsinin əsası kimi "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş 4000 ha torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Göründüyü kimi, Torpaq Məcəlləsində icarəyə verilmiş torpaq sahəsinin təyinatının dəyişdirilməsi icarə hüququna xitam verilməsinin əsası kimi nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdehin 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamında "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq maddələrinin əsas tutulduğu göstərilsə də, konkret olaraq hansı maddədən söhbət getdiyi göstərilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, əgər iddiaçının icarəsində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zərurəti yaranmış olsaydı, bu halda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməli idi. Həmin Qanunun 3.1-ci maddəsində deyilir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi zamanı cavabdehin istinad olunan əsas həmin maddədə də nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh mübahisələndirilən 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamın iddiaçıya aid hissəsini qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının iddiaçıya aid hissəsi iddiaçını icarə hüququndan məhrum etməklə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün həmin hissədə ləğv edilməlidir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-2700/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.10.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, iddia cavabdehin 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının iddiaçıya aid hissəsinin ləğv edilməsi hissəsində təmin edilməli, həmin sərəncamın qalan hissəsi isə başqa şəxs barədə olduğuna və iddiaçıya aidiyyəti olmadığına görə iddianın sərəncamın qalan hissəsi ilə bağlı hissəsi təmin edilməməlidir. Məhkəmə iddiada mübahisələndirilən 14.01.2021-ci il tarixli 03 nömrəli və 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin maddənin 6-cı bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. "İnzibati icraat haqqında" Qanunun 67.3-cü maddəsinə uyğun olaraq, cavabdehin qanunsuz əlverişsiz inzibati aktının, yəni 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamının hissəvi ləğv olunması həmin sərəncamın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığına görə bu sərəncamda göstərilmiş 450 ha torpaq sahəsi üzərində iddiaçının pozulmuş icarə hüququ bərpa edilməlidir. Belə olan halda, iddianın qeyd olunan hissəsinin həlli üçün ilk növbədə mübahisələndirilmiş 14.01.2021-ci il tarixli 03 nömrəli və 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamlarda üçüncü şəxslərə ayrılmış torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməlidir. Məhkəmə tərəfindən cavabdehə sorğu edilərək Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tələb olunmuş, cavabdeh isə 23.10.2020-ci il tarixli 986 nömrəli cavab məktubunda bildirmişdir ki, həmin qış otlaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli 60 nömrəli qərarınadək Qəbələ rayonunun istifadəsində olmaqla həmin torpaqların istifadə, icarə hüququ Qəbələ Rayon İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. Həmin 450 ha qış otlaq sahəsinin 15 il müddətinə "xxxx" fermer təsərrüfatına icarəyə verilməsi haqqında Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 20.04.2001-ci il tarixli 79 nömrəli sərəncamı verilmişdir. Həmin torpaq sahəsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon torpaq şöbəsi tərəfindən 31.05.2003-cü ildə "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli 60 nömrəli qərarından sonra "xxxx" MMC-nin Cavabdehnə müraciəti əsasında Cavabdeh başçısının 22.05.2007-ci il tarixli 46 nömrəli sərəncamı ilə 450 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi icarəyə verilərkən Qəbələ rayon torpaq şöbəsinin verdiyi "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"də göstərilən torpaqların koordinatları əsas götürülmüşdür. JN-3284 kod 90600001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"nin surəti məhkəməyə təqdim edilmişdir. Bundan sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, həmin "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"də göstərilmiş 450 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tələb olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 01.12.2021-ci il tarixli məktubu ilə aşağıdakı döngə nöqtələrinin koordinatları məhkəməyə təqdim edilmişdir: X=749362.7703 Y=4467997.5171 X=749247.3731 Y=4469110.5079 X=749341.3919 Y=4469397.7965 X=751040.9984 Y=4469530.6103 X=751052.6326 Y=4469331.2365 X=751101.6689 Y=4468117.3783 X=751773.6128 Y=4468184.9745 X=751744.0913 Y=4469352.3227 X=751052.6326 Y=4469331.2365 X=751040.9984 Y=4469530.6103 X=751581.0818 Y=4470534.3179 X=752414.2099 Y=4470307.0581 X=752211.6929 Y=4469043.2366 X=752021.9072 Y=4469115.7546 X=751862.9198 Y=4467988.6265 X=751801.9016 Y=4467648.8447 X=751619.5124 Y=4467571.3618 X=751537.9460 Y=4467570.1231 X=751318.7867 Y=4467675.4678 X=751208.3813 Y=4467782.4647 X=751172.4362 Y=4467910.9686 X=750851.1135 Y=4468028.3465 X=750464.4994 Y=4467968.1381 X=750287.5665 Y=4467979.0351 X=750137.6161 Y=4468003.9259 X=749737.7177 Y=4467923.1398 X=749526.9021 Y=4467926.7302 Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsinə sorğu ediıərək həmin koordinatlarda yerləşən 450 ha torpaq sahəsinin X8, "xxxx" MMC-yə, yaxud digər şəxsə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, düşürsə hansı koordinatlarda düşməsi barədə məlumat tələb olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən 21.01.2022-ci ildə alınan sxemlə müəyyən edilmişdir ki, göstərilən 450 ha torpaq sahəsinin 214,8 ha hissəsi X8, 198,2 ha hissəsi isə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. "İnzibati icraat haqqında" Qanunun 2.0.10-cu maddəsinə görə, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanununun 67.8-ci maddəsində deyilir ki, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Göründüyü kimi, Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli və 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamları üçüncü şəxslərə münasibətdə torpaq sahələrinin üst-üstə düşən hissəsində qanunsuz əlverişli inzibati aktlardır. Həmin sərəncamlar onlarda göstərilmiş torpaq sahələrinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddiaçının hüquqlarına ziyan vurur. Ona görə də məhkəmə bu qərara gəldi ki, 14.01.2021-ci il tarixli 03 nömrəli və 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamlar iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamı "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi üzərində icarə müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilsin. Cavabdeh başçısının 14.01.2021-ci il tarixli 03 nömrəli sərəncamı Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 214,8 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilsin. Cavabdeh başçısının 03.02.2021-ci il tarixli 17 nömrəli sərəncamı Cavabdeh başçısının 24.10.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə "Vüqar" kəndli fermer təsərrüfatına icarəyə verilmiş 450 ha torpaq sahəsi ilə üst-üstə düşən 198,2 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar