Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-8/2023 09.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-386/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanında yaşayan İddiaçı artıq aldığı əmək pensiyasının geri qaytarılması haqqında 22 oktyabr 2020-ci il tarixli, Q/004 nömrəli qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-8/2023 nömrəli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-8/2023 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 12 saylı regional ərazi filialı (Zərdab rayon filialı) - hüquq varisi Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya 17 aprel 2017-ci il tarixdə ona Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 14 aprel 2022-ci ilədək 2-ci dərəcəli əlillik təyin edilmiş, daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçının əlilliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dayandırılmışdır. Buna görə də cavabdeh orqan, iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək ödənilmiş 7190.14 manat əlilliyə görə əmək pensiyası məbləğini artıq ödənilmiş məbləğ kimi qiymətləndirmiş və sözügedən məbləğin ondan tutularaq ödənilməsi barədə pul tələbinin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərar qəbul etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibət bildirmişdir ki, 2-1(1161-8/2023 nömrəli is cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş. xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-19585/2023 nömrəli qərarla X1 əmək pensiyası əlillik müddətinin bərpa edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bərpa olunmuş və xx.xx.2020-ci il tarixdən hesablanmış fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.-1-1-ci maddəsinə əsasən ötən dövr üzrə ayların sayına bölünərək İddiaçı ödəniləcəkdir. İşin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi" tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, vəsatətlə eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi 7190.14 manat (yeddi min bir yüz doxsan manat 14 qəpik məbləğində artıq aldığı əmək pensiyasının tutularaq ödənilməsi barədə pul tələbi icraya yönəlmiş, həmin qərar məcburi qaydada icra edilməsi üçün Zərdab rayon İcra və Probı şöbəsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3-6/2-8566/2023 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)- 2823/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-1413/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-733/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-2823/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-19585/2023 nömrəli qərarından görünür ki, iddiaçıya DTSERA-dan daxil olan xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-19585/2023 saylı Xidməti məruzəyə, eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1413/2022 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək almalı olduğu pensiya ödənişi bərpa edilmiş, yenidən hesablanmış əmək pensiyasının məbləği - 268 manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı, cavabdeh orqanın qərarı ilə subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Cavabdeh orqanın mübahisələndirilən qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən sözügedən qərar xx.xx.2020-ci il tarxdə mübahisələndirilərək poçt xidməti vasitəsilə məhkəməyə göndərilmiş, xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bununla iddia tələbinin irəli sürülməsi üçün Azərbaycan Respublikası İPMin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət buraxılmamışdır. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi ərizəsində “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərara istinad edərək, mübahisənin artıq mövcud olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş, “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, iddiaçıya əlillik müddətinin bərpa edildiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyası ödənişlərinin bərpası, xx.xx.2020-ci il tarixdən hesablanmış fərq məbləğinin ötən dövr üzrə ayların sayına bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən qərarda iddiaçıdan xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək ödənilmiş 7190.14 manat əlilliyə görə əmək pensiyasının geri qaytarılması ilə bağlı mübahisələndirilən “xx.xx.2020-ci il tarixli Q/004 nömrəli” qərarın ləğv edilməsi ilə bağlı hər hansı qeyd yoxdur. Yəni, mübahisələndirilən qərar – “xx.xx.2017-ci ildən xx.xx.2020-ci illər üzrə artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” olduğu halda, mübahisənin aradan qalxması ilə bağlı istinad olunan qərar - “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan əlilliyə görə əmək pensiyası ödənişlərinin bərpası” barədədir. Cavabdeh orqan faktiki olaraq 7190.14 manat pul məbləğinin geri qaytarılması ilə bağlı qərarın hüquqi taleyinə aydınlıq gətirməmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar”, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, Q/004 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarın ləğvi kimi nəzərdən keçirilə və mübahisənin aradan qalxması kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə hazırkı mübahisəyə mahiyyəti üzrə baxaraq hüquqi qiymət vermişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək ödənilmiş 7190.14 manat əlilliyə görə əmək pensiyasının geri qaytarılması barədə pul tələbinin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərar qəbul etmişdir. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamışdır. “İnzibati İcraat Haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “7190.14 manat manat pul məbləğinin ödənilməsi haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələbinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. İİHQ-nun 82.2-ci maddəsində qeyd olunur ki, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırki iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. İşin hallarından göründüyü kimi, xx.xx.2020-ci il tarixli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın məzmunundan görünür ki, cavabdeh orqan iddiaçıya xx.xx.2020-ci il tarixdə göndərilmiş **********2 saylı bildirişi ilkin inzibati akt olaraq qiymətləndirmiş və 10 gün müddətində pul tələbinin ödənilməsinin borcludan tələb edildiyi qeyd edilmişdir. Lakin, iş materiallarında olan bildirişin məzmunundan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə göndərilmiş **********2 saylı bildiriş - aparılan ilkin inzibati icraatın tərkib hissəsi olmaqla, həmin bildirişdə hər hansı hüquq müdafiə vasitələri barədə qeyd, iddiaçıdan geri qaytarılması tələb edilən pul məbləğinin hansı müddətdə ödənilməsi öz əksini tapmamış və 7190.14 manat pul məbləğinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə konkret qərar qəbul edilməmişdir. Sözügedən bildiriş informativ xarakterli olmaqla, pul məbləği ödənilməyəcəyi halda məhkəmə instansiyasında iddia qaldırılacağı ilə bağlı iddiaçını məlumatlandırır. Yəni, istinad olunan bildirişin məzmunu onu deməyə əsas verir ki, inzibati orqan müvafiq qərarın qəbulu ilə bağlı səlahiyyətli olmamasını hesab edərək 7190.14 manat manat pul məbləği geri qaytarılmayacağı halda həmin məbləğin geri qaytarılması üçün məhkəmədə iddia qaldıracağı barədə iddiaçıya məlumat verir. İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Odur ki, məhkəmə hesab edir ki, istinad olunan bildiriş ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hər hansı hüquqi nəticə yaradan inzibati akt kimi nəzərdən keçirilə bilməz. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Mübahisələndirilən xx.xx.2020-ci il tarixli Q/004 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə, sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sözügedən qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prossesual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon filialı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, Q/004 nömrəli qərar ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-8/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-8/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver