Məhkəmə qərarları › İş №2-1(116)-80/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-80/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-80/2021 27.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində N saylı hərbi hissənin tərkibində xidmət keçərkən hərbi hissə komandirinin əmri ilə döyüş bölgələrinə döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam edilmişdir. Belə ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Laçın, Kəlbəcər bölgələrində döyüşlərdə iştirak etmişdir. İddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədlərini Komissiyaya təqdim edərək, Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının tələbinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. Bu səbəblə də iddiaçıya “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli 465 nömrəli məktubuna əlavə edilmiş çıxarışların təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1992-1993-cü illərdə xidmət etdiyi hərbi hissə tərəfindən dəfələrlə döyüş bölgələrinə ezam edilmişdir. İş materiallarında olan Şəki şəhər (rayon) polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189- 12637-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, İddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/1764 nömrəli və Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/1995 nömrəli məktublarından görünür ki, İddiaçı barəsində qeyd edilən hərbi prokurorluqlarda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 63 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün Laçın rayonuna getdiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 66 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 84 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonuna döyüş tapşırığının yerinə yetirilməsi üçün texniki təminat aparması və ezam müddətinin 3 gün olması qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 90 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1992-ci il tarixdən Ağcabədi-Füzuli rayonlarına döyüş tapşırığının yerinə yetirilməsi üçün 3 gün müddətinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 4 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 16 gün müddətinə Ağdam şəhəri, N nömrəli hərbi hissəyə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdə ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 9 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən döyüş tapşırığının yerinə yetirilməsi üçün 14 gün müddətinə Ağdam şəhərinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 30 nömrəli əmrindən çıxarışda iddiaçının xx.xx.1993-cü il tarixdən Kəlbəcər rayonu, N nömrəli hərbi hissəyə döyüş tapşırığının yerinə yetirilməsi üçün 6 gün müddətinə ezam edildiyi qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 31 nömrəli əmrindən çıxarışda iddiaçının ezamiyyətdən qayıtdığı qeyd edilir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 670 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı məhkəməyə təqdim edilən əmrlərdən çıxarışlarında qeyd edilən müddətdə ezam olunmasının məqsədi döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi olmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. Cavabdeh orqan etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad edərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdeh orqan etirazında qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparılan bölgələrə ezamiyyətinin məqsədi döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. İş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 670 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının ezamiyyətinin məqsədi döyüş tapşırığının və döyüş təminatı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi olmuşdur. Elə cavabdeh orqanın istinad etdiyi Əsasnamənin 1-ci bəndində döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar