Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-80/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli **********87 saylı imtina aktının ləğvi edilməsi, Göyçay rayon İcra Hakimiyyəti Aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubundan yaranan hüquqi münasibətlərin tanınması, Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13.01.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətində olması, tikilinin inşası üçün Göyçay RİHB-nin icazəsinin olması, tikilinin memarlıq-planlaşdırma bölməsinin tərtib edilməsi və Göyçay RİH tərəfindən istismara qəbul edilməsi ilə əsaslandırmışdır. Cavabdeh müraciətin təmin olunmasından imtinasını qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, Göyçay RİH-nin məktubunun təqdim edilməsi, Göyçay rayon İHB-nın 10.05.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi, qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - "xxxx" ASC “Mərkəzi Aran” regional Enerji Təchizatı və satış İdarəsi Göyçay Elektrik şəbəkəsinin 29.12.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının 5.7 metr məsafəsindən 110/35/10kV-luq Göyçay y/st-dan qidalanan 10 kV-luq iki dövrəli 6-cı şəhər və RRS-7 hava xətləri keçir.10 kV-luq 6-cı şəhər hava xətti işlək vəziyyətdə, RRS-7 hava xətti isə işlək vəziyyətdə deyildir. Qeydiyyatın aparılmasına etiraz edilmir. - X2 Agentliyi Kürdəmir filialının 04.11.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin ön divarına paralel şəkildə avtomobil yolunun kənarı ilə 10 kV-luq ikidövrəli hava elektrik veriliş xətti keçir. İkidövrəli xəttin sol tərəfində olan (avtomobil yoluna tərəf) 10kV-luq “RRS-7” hava xətti şəbəkədən açıqdır və hazırda istismarda deyildir. İkidövrəli xəttin sağ tərəfində yerləşən (obyektə tərəf) 10kV-luq “6-cı şəhər” hava xəttinin kənar naqillərinin yer səthindəki proyeksiyasından (şaquli müstəvidən) sözügedən obyektin çöl divarınadək olan məsafənin təqribən 5.2 m, obyektin giriş (ön) hissəsinin dam örtüyünədək olan məsafənin isə təqribən 3.2m olması müəyyən olunmuşdur. Vətəndaşa məxsus obyektin ön tərəfinin təqribən 4.8m (xəttə paralel) hissəsi ərazidən keçən 10 kV-luq hava elektrik veriliş xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda müəyyən olunur ki, sözügedən 10 kV-luq hava xəttinin mühafizə zonasında onlarla fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri mövcuddur. - Göyçay rayon İcra Hakimiyyətinin 02.02.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində müasir üslubda tərtib edilmiş layihə əsasında 14mx7m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. - Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən iddiaçıya məxsus qeyriyaşayış obyektinin memarlıq-planlaşdırma layihəsindən görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin layihəsi Göyçay rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir. - 16.10.2020-ci il tarixli 004141 №-li istismara hazırlıq aktından görünür ki, tikintinin başlanması tarixi 15.02.2015-ci il, tikintinin qurtarması tarixi isə 20.12.2015-ci il qeyd edilmişdir. Obyektin əsas göstəriciləri olaraq: 1 mərtəbəli binanın ümumi sahəsi 98.0 kv.m, tikintialtı sahəsi 115.4 kv.m, həcmi 550.0 kub.m göstərilmişdir. - 10.05.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. - ********** qeydiyyat nömrəli, 18.08.2020-ci il tarixli və ********** qeydiyyat nömrəli, 16.09.2020-ci il tarixli çıxarışlardan görünür ki, ünvan 2 ünvnında yerləşən müvafiq olaraq 0.0097 ha və 0.00562 ha torpaq sahələri iddiaçının tam xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 12.04.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdeh tərəfindən təqdim edilən 21.02.2022-ci il tarixli rəydən görünür ki, inşa olunmuş qeyri-yaşayış binasının bir hissəsi – 56.64 kv.m tikintialtı sahəsi – 0.0097 ha torpaq sahəsi üzərində inşa olunmuşdur. İnşa olunan qeyri yaşayış binası vətəndaşa məxsus, **********52 və **********74 reyestr nömrəli 0.0097 ha və 0.00562 ha torpaq sahələrinin üzərində inşa olunmuşdur. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas hesab olunur. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi 2015-ci ildən sonra tikilmişdir, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının tam xüsusi mülkiyyətindədir, tikilinin inşa edilməsinə Göyçay RİH-nin 02.02.2015-ci il tarixli məktubu ilə icazə verilmiş və 10.05.2019-cu il tarixli tikinti obyektinin istismarına icazə sənədi əsasında qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Həmçinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi tərtib edilmiş və Göyçay RİH-nin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmişdir. Müraciətin təmin edilməsindən imtina məktubundan və iddia tələbinə etirazdan görünür ki, cavabdeh orqanın iddia tələbinə etirazının dəlilləri aşağıdakılardır: - İddiaçı, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarı yox, Göyçay RİH-nin məktubunu təqdim etmişdir. - Göyçay rayon İHB-nın 10.05.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. - Qeyri-yaşayış binasının qərb hissəsindən 5.70 metr məsafədən 10kV-luq yüksək gərginlikli hava elektrik xətti keçir və qeyri yaşayış binası həmin xəttin mühafizə zolağında yerləşir. Cavabdehin etirazının “qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın yox, məktubun təqdim edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2015-ci ildə, yəni Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmişdir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Göründüyü kimi qanunverici icazənin verilməli olması ilə bağlı normanı həmin icazənin məhz qərar formasında olması ilə məhdudlaşdırmamışdır. Hər bir halda Göyçay rayon İHB-nın 02.02.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Göyçay şəhəri, Ə.Kərim küçəsi 56 ünvanda mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Yəni, iddiaçıya icazə buna səlahiyyətli olan inzibati orqan tərəfindən verilmiş, müvafiq məktub inzibati orqanın iradə ifadəsi olmuşdur. İnzibati praktikaya əsasən tikintiyə icazə sənədi adətən qərar formasında tərtib edilsə də, hazırkı halda icazənin məktub fomasında tərtib edilməsi heç də tikintiyə icazənin verilməməsi kimi qiymətləndirilməməlidir (yaxud tikilinin özbaşına tikili hesab edilməsinə səbəb olmamalıdır). İcazə sənədinin hansı formada verilməli olmasına cavabdehliyi Göyçay RİH daşımış və iddiaçının inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Odur ki, Göyçay rayon İHB-nın 02.02.2015-ci il tarixli məktubu məzmunu etibarilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktın əlamətlərini daşıdığından müvafiq məktub iddiaçının müraciətinin cavabdeh tərəfindən təmin edilməsi üçün yetərli olmuşdur. Cavabdehin etirazının – “10.05.2019-cu il tarixli, 17 №-li tikinti obyektinin istismarına icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6-cı maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə qeyd edilməli olan məlumatlardan biri Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsidir. Bundan başqa müvafiq icazə sənədinə tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; tikinti obyektinin istismar təyinatı; tikinti obyektinin əsas texniki göstəriciləri qeyd olunur. Müvafiq məlumatların qeyd olunması aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq kodun göstərilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Göyçay RİH cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Cavabdehin etirazının 10kV-luq yüksək gərginlikli hava elektrik xətti ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon İcra Hakimiyyəti aparatının 02.02.2015-ci il tarixli 69 saylı icazə məktubu əsasında tikintisinə icazə verilmiş, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.