Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-80/2023 25.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı daşınmaz əmlakın xx.xx.2011-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax şəhər sakini X2 JN 7276A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini satın almış və reyestr idarəsinin əməkdaşları tərəfindən şəhadətnamədə göstərilən torpaq sahəsi ölçülərək ona verilmiş və həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixdə Çıxarış almışdır. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmiş və bununla əlaqədar evə və həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün 17 saylı Yevlax ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, verilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxılmışdır. Ona görə də həyətyanı torpaq sahəsinin koordinantlarının naturada dəqiqləşdirilməsi ilə bağlı araşdırılma aparılmış və məlum olmuşdur ki, həyətyanı torpaq sahəsinin ilkin sənədi hesab edilən JN 7276A saylı şəhadətnamə reyestr xidmətinin bazasında qeydiyyata götürülməmiş və ya qeydiyyata salınmamışdır. Alqı-satqı müqaviləsindən sonra iddiaçıya verilmiş torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədəki ölçülərlə deyil, saxta koordinantlar əsasında verilmiş, nəticədə torpaq sahəsinin planı və ölçüsü şəhadətnamədə olan koordinantlarla üst-üstə düşməmişdir. Ona görə də fərdi yaşayış evinin torpaq sahəsinin hüdudlarından kənara çıxması yaranmış, bu səbəbdən fərdi yaşayış evi və torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamış və qeydiyyata alınmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Yevlax şəhərində yerləşən Yevlax Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-486 reyestr nömrəli müqaviləsi əsasında əldə etdiyi mülkiyyətində olan 0,05 ha həyətyanı torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınarkən, iddiaçıdan əvvəlki mülkiyyətçinin iştirakı ilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və sözügedən torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsində qeyd olunan qaz kəməri ilə yaşayış və ictimai binalar arasındakı müəyyən olunmuş (5 metr) məsafə nəzərə alınmaqla tərtib olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli **********05 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, elektron baza və arxiv məlumatlarına əsasən Yevlax şəhəri ərazisində iddiaçının mülkiyyətində olan **********41 reyestr nömrəli 0,05 hektar torpaq sahəsinin yerləşmə yeri və konfiqurasiyası elektron baza məlumatlarında göstərilsə də, torpaq sahəsinin həmin ölçülərə uyğun naturada döngə nöqtələrinin müəyyən edilməsinə etiraz etmişdir. Eyni zamanda iddiaçının inşa etdiyi fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxma ilə müşahidə olunur. Ona görə də iddiaçı könüllü qaydada inventarlaşma işlərinin aparılmasından imtina etmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Həyata keçiriləcək tədbirlər çərçivəsində adıçəkilən ərazidə yerləşən torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Fərmanının tələblərinə uyğun olaraq hazırlanacaq yekun xəritələr Ərazi İdarəsinə təhvil verildikdən sonra yenidən baxılacaqdır. Cavabdeh etiraz məkrubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-952/2022 nömrəli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: JN-7276A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon AİK-nın xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə X5 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. xx.xx.2011-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X8 0,05 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. AA seriyalı, 003963 nömrəli, xx.xx.2011-ci il tarixli plan-ölçü sənədinin surətindən görünür ki, Yevlax şəhərində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir (əsas Yevlax rayonu 1 saylı DNK, xx.xx.2011-ci il tarixli, 486 nömrəli alqısatqı müqaviləsi). Cavabdehin xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0,0558 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı torpaq sahəsidir. Mübahisəli 0,0558 ha torpaq sahəsinin 0,0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0130 ha hissəsi Yevlax bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Torpaq sahəsinin faktiki istifadəçisi X4r. Torpaq sahəsinin koordinatları əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin xəritə materiallarında (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş 0,05 ha torpaq sahəsinə dair məlumatlar olmadığından MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşübdüşməməsini, kənaraçıxmanın olub-olmamasını müəyyən etmək olmadı. Əlavə məlumat üçün bildirilir ki, JN-7276 A (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş ölçülərlə MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışda göstərilən ölçülər eynilik təşkil edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, şəhadətnamədə torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2011-ci il tarixdə alqı-satqı yolu ilə X3 0,05 ha həyətyanı torpaq sahəsi almışdır. Torpaq sahəsinə münasibətdə AA seriyalı, 003963 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, koordinatlar orada göstərilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmasına əsas qismində Yevlax rayonu 1 saylı DNK, xx.xx.2011ci il tarixli, 486 nömrəli alqı-satqı müqaviləsi qeyd olunmuşdur. Daha sonra mübahisəli torpaq sahəsi MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********41 reyestr nömrəli çıxarışla iddiaçının adına qeydə alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 0,0558 ha olmaqla, üçüncü şəxs Ş.Vəliyev tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir və torpaq sahəsi onun istifadəsindədir. xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyinə görə müəyyən olunur ki, Yevlax şəhəri ərazisində tərəflərin naturada göstərdiyi mübahisəli 0,0558 ha torpaq sahəsinin 0,0428 ha hissəsi **********41 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh etiraz məktubunda həmçinin qeyd etmişdir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxma ilə müşahidə olunur. Beləliklə iddiaçı tərəfindən fərdi yaşayış evinin çıxarışla ona ayrılmış torpaq sahəsində tikildiyi iddia olunaraq, torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlara uyğunlaşdırılması tələb olunsa da, məhkəmə araşdırması ilə çıxarışın verilməsi və ya torpaq sahəsinin planı və ölçüsü tərətib edilən zaman koordinatların düzgün göstərilməməsi faktı öz təsdiqini tapmamışdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin JN-7276A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən koordinatlar əsasında verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-80/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-80/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver