Məhkəmə qərarları › İş №2-1(116)-801/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-801/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-801/2023 21.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş birinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş birinci dərəcəli əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: Ona,xx.xx.2018-ci il tarixdə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir. Bir müddət sonra pensiyası dayandırıldığından elektron sistemə əlillik vəziyyətinin yoxlanması məqsədi ilə baxış keçirmiş, hazırkı cavabdeh tərəfindən əlilliyinin etibarsız hesab edildiyini məlum olmuşdur. Bu barədə cavabdeh orqana müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C81-C96 - Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => C91 - Limfoid leykoz [limfoleykoz] => C91.1 - Xroni...; Diaqnozun mətni: C91.1 B-hüceyrə tipli xroniki limfositar leykemiya, xroniki limfoleykoz , İV mərhələ Ağırlaşma İ50 Ürək çatmamazlığı, QDÇ İİ dərəcə Ağırlaşma R16.1 Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, splenomeqaliya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən -instrumental müayinələrin nəticələri . status localis, mütəxəssislərin rəyi, anamnestik məlumatlar və TSEKə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C81- C96 - Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => C91 - Limfoid leykoz [limfoleykoz] => C91.5 - Böyük...; Diaqnozun mətni: B-hüceyrə tipli xroniki limfositar leykemiya, xroniki limfoleykoz , İV mərhələ ,CHOP sxemi üzrə 6 kurs PKM -ən s/v Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya. splenomeqaliya Durğunluq ürək çatmamazlığı, QDÇ İİ mərhələ Xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki böyrək çatmamazlığı İİ dər.; Məzkəzə göndəriimənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması məqsədə müvafiqdir” səbəbi ilə imtina verilmişdir. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C81- C96 - Limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların bədxassəli yenitörəmələri => C91 - Limfoid leykoz [limfoleykoz] => C91.1 - Xroni...; Diaqnozun mətni: B-hüceyrə tipli xroniki limfositar leykemiya, xroniki limfoleykoz , İV mərhələ ,CHOP sxemi üzrə 6 kurs PKM -ən s/v Ağırlaşma Xroniki böyrək xəstəliyi İİ mərhələ, xroniki böyrək çatmamazlığı İİ dər; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən laboratorinstrumental müayinələrin nəticələri, mütəxəssislərin rəyləri, status lokalis və TSEK-a göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən laborator-instrumental müayinələrin nəticələri, mütəxəssislərin rəyləri, status lokalis və TSEK-a göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, xx.xx.2020-ci il,xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müayinələrdən sonra əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Lakin, daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik, Əlillik altsistemində etibarsız hesab edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının əlillik təyinatlarının etibarsız hesab edilməsi ilə bağlı mövqeyini hər hansı bir maddi hüquq normasına istinad etməklə əsaslandırmamış, "xxxx" QSC-nin Həkim-sanitar xidmətinin xx.xx.2019-cu il tarixli, NVS-335 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 106 nəfərin adına verilən göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması barədə xahişini əsas gətirmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş məktub əsasında etibarsız hesab edilmişdir. Əlilliyin etibarsız hesab edilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci bəndinə əsasən, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilir. Qanunvericilik əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildiyi hallarda inzibati orqanın davranışının məcburi prosedur qaydalarını müəyyən etmişdir. Lakin cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədən iddiaçının əlilliyi faktiki olaraq etibarsız sayılmış, bununla da həm “İnzibati icraat haqqında” Qanunun, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, yalnız əyani müayinəyə cəlb edildikdən sonra və həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığının müəyyən edildiyi təqdirdə, cavabdeh bu barədə müvafiq inzibati akt qəbul edə bilərdi. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-59/2023 saylı Qərarında da əks olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmin Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılması əsasları göstərilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə,qeyd olunanları yekunlaşdıraraq hesab edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir.Bu baxımdan da inzibati prosedur qaydasına riayət edilmədən aktın etibarsız hesab edilməsi yolverilməzdir,cavabdeh əlilliyi etibarsız hesab etməkdə haqlı olmamışdır. Qeyd edək ki, “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində inzibati aktın etibarsız hesab edilməsi əsasları məhdud və dəqiq sayda təsbit olunmuşdur.Bu da hüquqi dövlət prinsipindən irəli gələrək vətəndaşın etimadının qorunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.2018-ci il tarixdən ümumi xəstəlik ilə əlaqədar təyin edilmiş birinci dərəcəli əlilliyin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar