Məhkəmə qərarları › İş №2-1(116)-802/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-802/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-802/2021 17.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, üçüncü şəxs X12 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X8 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı "cavabdehin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid 644 nömrəli təsərrüfatbaşına kitabında təsərrüfat başçısı kimi qeyd olunmuş X9 təsərrüfatında arvadı İddiaçı1, X4, X8, İddiaçı2, İddiaçı3, İddiaçı5 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydiyyat aparılmışdır. Nümayəndəliyin 2001-2005-ci illərə aid 31 nömrəli təsərrüfatbaşına kitabında isə X13 və onun ailə üzvlərinin adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin, 1985-ci ildə tikilmiş, 81,6 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır. "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. Bundan sonra Şəki rayonu Şorsu kəndində islahat aparılan zaman X13 və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X8 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı X9 adına 14.03.2014-cü ildə texniki pasport da tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,16 ha, faktiki torpaq sahəsinin ölçüsü isə 0,27 ha qeyd olunmuşdur. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarına əsasən, 0,02 ha torpaq sahəsinin X2 qərara alınmışdır. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X10, İddiaçı5, X15 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı zəbtlərində olan 0,11 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə həmin iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)- 1857/2019 nömrəli qətnaməsi ilə Şəki Rayonu Şorsu Bələdiyyəsi ilə X17 arasında bağlanmış 10.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və X12 adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ləğv edilmişdir. Cavabdeh X17 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(107)-742/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)-1857/2019 nömrəli qətnaməsi Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmişdir. Bundan sonra iddiaçılar cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətlərində olan fərdi yaşayış evinin altında olan 0,11 ha zəbt torpaq sahəsinin Bələdiyyənin iclasında baxılaraq onlara satılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Şorsu Bələdiyyəsi İddiaçı2 ərizəsinə cavab olaraq 08.04.2021-ci il tarixli 19 nömrəli məktubla bildirmişdir ki, onların zəbtində olan Bələdiyyəyə məxsus 0,11 ha torpaq sahəsi qonşular arasında mübahisə predmeti olduğundan həmin ərazinin birbaşa onlara satılması mümkün olmadığı üçün ərazinin hərrac vasitəsilə satılması barədə Bələdiyyənin 07.04.2021-ci il tarixli 04 nömrəli iclasında qərar qəbul edilmişdir. Torpaq sahəsinin müvafiq sənədləri hazırlanaraq hərrac komissiyasına təqdim olunacaq və hərracın tarixi və keçiriləcəyi yer barədə onlara və həmin ərazini almaq istəyən digər şəxslərə məlumat veriləcəkdir. Hərracın qalibi olaraq şəhadətnamə alan şəxsə torpaq sahəsinin satılması qanunvericiliyə uyğun olaraq təmin ediləcəkdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, üçüncü şəxs X14 bələdiyyə tərəfindən satılan torpaq sahəsi məhkəmə qaydasında ləğv edildiyindən, həmin torpaq sahəsi islahat aparılan zamandan onların istifadəsində və zəbtində olduğundan bələdiyyə həmin torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara satmalıdır. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Üçüncü şəxs X17 16.05.2021-ci ildə məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində bildirmişdir ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,16 ha torpaq sahəsinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X8 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə isə X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan 14.03.2014-cü il tarixli 74 inventar nömrəli Texniki pasportdan görünür ki, həmin sənəd X9 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki sahə 0,27 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1985-ci il qeyd olunmuşdur. - İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)- 877/2017 nömrəli qərarından görünür ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. - İşdə olan, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli protokolundan çıxarışından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. - İşdə olan, üçüncü şəxs X12 16.05.2021-ci ildə məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsindən görünür ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 08.07.2021-ci il tarixli məktubdan görünür ki, "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, iddiaçıların iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi, 2) zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Birinci tələb mübahisələndirmə, ikinci isə məcburetmə haqqında iddia növünə aiddir. Hər iki iddia tələbi üzrə mümkünlük şərtlərinə, o cümlədən iddia müddətlərinə riayət edilmişdir. Digər tərəfdən, həmin tələblər bir-biri ilə əlaqəli olduğuna, bir cavabdehə yönəldiyinə, eyni məhkəməyə aid olduğuna görə onların bir iddiada birləşdirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğundur. Ona görə də məhkəmə iddianı mümkün hesab etdi. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (9.1-ci maddə) Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. (9.2-ci maddə) Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. (9.3-cü maddə) Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. (9.6-cı maddə) Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. (9.7-ci maddə) Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər isə göstərilən Qanunun 16-cı maddəsində nəzərdə tutulmuşdur. Hamin maddədə deyilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. (16.1-ci maddə) Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. (16.2-ci maddə) Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. (16.3-cü maddə) Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. (16.4-cü maddə) Müəyyən olundu ki, torpaq islahatı zamanı tərtib edilmiş "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nda iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha (cəmi 0,16 ha) qeyd olunmuşdur. Həmin 0,16 ha torpaq sahəsi onların mülkiyyətinə verilmiş və mülkiyyət hüququ 15.03.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların hazırda iddia etdikləri 0,11 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması həmin subyektlər siyahısında göstərilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən Respublika Dövlət Arxivinin Şəki flialına sorğu edilərək Şəki ŞİH başçısının Cumakənd icra nümayəndəliyinin 1996-2000-ci illər, Şorsu kənd icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə təsərrüfatbaşına kitablarının iddiaçılara aid hissələrindən çıxarışlar alınmışdır. Birinci kitabda ailənin istifadəsində olan torpaq sahəsi qrafasında 1998, 1999, 2000-ci illərdə 0,10 ha torpaq sahəsinin olması, ikinci kitabda isə 0,10 ha həyətyanı və 2,69 ha əkin torpağının olması göstərilmişdir. İddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin iddiaçıların istifadəsində olması həmin kitablarda göstərilməmişdir. Məhkəmə tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış 24.05.2021-ci il tarixli 21 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 və X17 arasında olan torpaq mübahisəsi 2013cü ildən başlayaraq hələ də öz həllini tapmamışdır. Şorsu Bələdiyyəsinə məxsus olan qeyd edilən 0,11 ha torpaq sahəsi adları göstərilən hər iki şəxsin həyətyanı torpaq sahələrinə bərabər hissədə bitişik ərazidir və həmin ərazini İddiaçı1 2000-ci ildə sonrakı illər ərzində hissə-hissə genişləndirərək istifadə etmişdir. Məhkəmənin 04.05.2021-ci il tarixli məktubu ilə iddiaçılara bildirilmişdir ki, iddiada bəhs olunan 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarla 0,02 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək onların qeyri-qanuni istifadəsində olması müəyyən edilmişdir. Göstərilən 0,11 ha torpaq sahəsinin qalan 0,09 ha hissəsi ilə bağlı isə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçılara təklif edilmişdir ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin onların qeyri-qanuni istifadəsində məhz "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsinlər. İddiaçılar həmin məktuba cavab olaraq məhkəməyə yazdıqları 31.05.2021-ci il tarixli ərizədə bildirmişlər ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin zəbtlərində və istifadələrində olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportda öz əksini tapmışdır. Müəyyən edildi ki, DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən X9 adına tərtib edilmiş 14.03.2014-cü il tarixli **********37-10301 nömrəli Texniki pasportda fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki isə 0,27 ha qeyd olunmuşdur. Həyətdə olan tikililərdən birinin (altıaçıq) bir hissəsi zəbt olunmuş torpaq sahəsində yerləşir. Göründüyü kimi, iddiaçıların 0,11 ha torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək zəbt etdiklərini təsdiq edən heç bir sübut yoxdur. Göstərilən torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olmasını təsdiq edən ilk sənəd yuxarıda göstərilən Texniki pasportdur, həmin sənədin tarixi isə 14.03.2014-cü il olmaqla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonraya aiddir. Məhkəmə qeyd edir ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ilə bələdiyyəyə məxsus 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X2 qərara alınmışdır. İddiaçı2, İddiaçı3, İddiaçı1, X10, İddiaçı5, X5 İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həmin qərarın ləğv olunmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Üçüncü şəxs X17 həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.08.2018-ci il tarixli 2- 1(107)-373/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərarlarla müəyyən edilmişdir ki, Bələdiyyənin qərarı ilə X3 0,02 ha torpaq sahəsi iddiaçıların zəbtində olmuşdur. Həmin 0,02 ha torpaq sahəsinin koordinatları DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən X12 adına verilmiş 01.12.2016-cı il tarixli 086061 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmişdir və aşağıdakı kimidir: № X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1 667788,74 4557673,22 1-2 10,09 2 667795,93 4557680,29 2-3 15,60 3 667808,23 4557670,69 3-4 3,83 4 667805,57 4557667,94 4-5 4,08 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı mövcud olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı iş üzrə proses iştirakçıları üçün məcburidir. Göstərilən məhkəmə qərarı ilə 0,02 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması müəyyən olunduğuna və 0,02 ha torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin qərarı məhz iddiaçıların iddiası əsasında ləğv olunduğuna görə hazırkı iddianın həmin 0,02 ha torpaq sahəsi ilə bağlı hissəsinin yenidən araşdırılmasına zərurət yoxdur və iddianın həmin hissəsi əsaslıdır. Torpaq sahəsinin qalan 0,09 ha hissəsinin isə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək iddiaçıların zəbtində olması barədə sübut olmadığına görə həmin hissə sözügedən Qanunun 16.3-cü və 16.4cü maddələrinin təsiri altına düşmür və belə olan halda, iddianın həmin hissəsi əsaslı deyil. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Sadalanan normalara istinadən, məhkəmə bu qənaətə gəldi ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli qərarı əlverişli inzibati akt olsa da, iddiaçıların zəbtində olan 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz olmaqla iddiaçıların hüquqlarına ziyan vurur. Ona görə də iddia qismən təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli qərarı 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilməli, həmin torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli qərarı aşağıdakı koordinatlarda yerləşən 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin: № X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1 667788,74 4557673,22 1-2 10,09 2 667795,93 4557680,29 2-3 15,60 3 667808,23 4557670,69 3-4 3,83 4 667805,57 4557667,94 4-5 4,08 Həmin 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar