Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-804/2021 12.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini N-cü ilin sonlarında Beyləqan və Füzuli rayonlarının uğrunda döyüşlərə göndərilməsi, Füzuli rayonunun Alxanlı kəndinin işğaldan azad edilməsində şəxsən iştirak etməsi, həmçinin digər ərazilərdə də (Bəytəpə, Bəhrəmtəpə və s.) döyüşməsi, 28 yanvar 1994-cü ildə xildmətə olarkən (döyüş zamanı) «kontuziya» alması, 28 yanvar 1994-cü ildən 08 fevral 1994-cü ilə kimi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunması ilə əsaslandırmışdır. İddiaçı ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08 iyul 2019-cu il tarixli 548 saylı qərarından görünür ki, həmin travma hərbi travmadır, Azərbaycan Respulikasının müdafiəsi zamanı alınmışdır. O, ağır döyüşlərdə iştirak etmiş, çoxsaylı düşmən tələfatlarının verilməsinə töhvə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N-cü ildə hərbi xidmətə göndərilərkən N nömrəli hərbi hissəyə təhvil verilmiş, Beyləqan rayonunda ”Kərpiç zavodu” adlanan ərazidə dekabr ayının 29-31-i tarixlərində döyüş əməliyyatlarında iştirak edərək Bəhramtəpənin alınmasında iştirak etmiş, sonuncu dəfə Füzuli rayonununda Alxanlı kəndində döyüşmüşdür. 28.01.1994-cü ildə yaralandıqdan sonra 1N gün müddətində Sabirabad mərkəzi rayon Xəstəxanasında, daha sonra isə Bakı Hərbi Hospitalında 3 gün müalicə almış, 1994-cü ilin fevral ayında Bakı Hərbi Hospitalından evə qayıtmış, iki həftə evdə qaldıqdan sonra hərbi komissarlığa getmişdir. 1994-cü ilin mart ayında N saylı hərbi hissəyə qayıtmış, N gün qaldıqdan sonra korpusa göndərilmiş, lakin ona “kantuziya almısan sənə silah verə bilmərik deyilmiş” və orada N gün qaldıqdan sonra evə qayıtmışdır. Yəni, müalicə aldıqdan sonra hərbi hissəyə qəbul edilmədiyindən faktiki olaraq xidmətini davam etdirə bilməmişdir. Cavabdeh inzibati orqan 04.06.2021-ci il tarixli vəsatətində Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-nın iddiaçı barəsində onun hüquqlarını məhdudlaşdıran hər hansı inzibati akt qəbul etməməsini bildirmiş, qeyd etmişdir ki, iddiaçının hərbi biletində onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətinə dair qeydlər olmadığından və Müdafiə Nazirliyinin Mərkəzi arxivinə sorğu verilməsi mümkün olmadığından iddiaçının xidmət dövrünü dəqiq göstərməklə Komissiyaya müraciət etməli olduğu bildirilmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.02.2021-ci il və 21.11.2020-ci il tarixli məktubları, - SHXÇDX-nin Yevlax rayon Şöbəsinin 16.06.2021-ci il tarixli 589 nömrəli arayışı, - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həkim Komissiyasının 08.07.2019-cu il tarixli 548 nömrəli Qərarı, - Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli məktubu, - Şəki Şəhər Rayon Polis Şöbəsinin 25.05.2021-ci il tarixli 189-13646-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamə, - SHXÇDX-nin Yevlax rayon Şöbəsinin 20.05.2021-ci il tarixli 657 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının surəti, - Tərtər Hərbi Prokurorluğunun 06.05.2021-ci il tarixli 22HP2289 nömrəli məktubu, - Qarabağ Hərbi Prokurorluğunun 31.05.2021-ci il tarixli 18/2553 nömrəli məktubu, - Azərbaycan Respublikası Hərbi Prokurorluğun 14.06.2021-ci il tarixli HP12/30- 5356 nömrəli məktubu, - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26.07.2021-ci il tarixli 9/2-5176 nömrəli məktubu və ona əlavə edilmiş, N №-li hərbi hissə komandirinin 11.12.N-cü il tarixli və 09.07.1994-cü il tarixli əmrlərindən çıxarşlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, cavabdehin hazırki iddianın mümkün sayılmaması ilə bağlı vəsatətini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 02.02.2021-ci il və 21.11.2020-ci il tarixli məktublar müraciətin təmin edilməsindən imtina cavabı kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh inzibati orqan "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət edərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, əlavə sübutlara zərurət olduqda onları öz təşəbbüsü ilə toplamağa borclu olduğu halda bunu etməmişdir. Qeyd olunan tələb “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində öz öksini tapmış hüquq normalarından irəli gəlir: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Tərtər Hərbi Prokurorluğunun 06.05.2021-ci il tarixli 22HP2289 nömrəli məktubundan görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda heç bir məlumat yoxdur. İş materiallarında olan, SHXÇDX-nin Yevlax rayon Şöbəsinin 20.05.2021-ci il tarixli 657 nömrəli məktuba əlavə etdiyi, İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə heç bir qeyd yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həkim Komissiyasının 08.07.2019-cu il tarixli 548 nömrəli Qərarından görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 28.01.1994-cü ildə aldığı və 28.01.1994-cü ildən 08.02.1994-cü ilə kimi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Kontuziya”, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 02.02.2021-ci il və 21.11.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin araşdırılması istiqamətində hər hansı hərəkət edilməmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.06.2021-ci il tarixli HP12/30-5356 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26.07.2021-ci il tarixli 9/2-5176 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixdən iyul 1994-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması, müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamış, Sabirabad rayon Mərkəzi Xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş N №-li hərbi hissə komandirinin 11.12.N-cü il tarixli, 8 №-li əmrindən çıxarışda İddiaçı 08.12.N-cü il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş N №-li hərbi hissə komandirinin 09.07.1994-cü il tarixli, 157 №-li əmrindən çıxarışda hərbi hissəni N gündən artıq özbaşına tərk etmiş İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. İş materiallarında olan, Şəki Şəhər Rayon Polis Şöbəsinin 25.05.2021-ci il tarixli 189-13646-1221 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan, Qarabağ Hərbi Prokurorluğunun 31.05.2021-ci il tarixli 18/2553 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan, Füzuli Hərbi Prokurorluğunun 09.06.2021-ci il tarixli 16/2861 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. İş materiallarında olan, SHXÇDX-nin Yevlax rayon Şöbəsinin 16.06.2021-ci il tarixli 589 nömrəli arayışından görünür ki, iddiaçı 08.12.N-cü il tarixdə keçmiş hərbi komissarlıq tərəfindən səfərbərliklə göndərilmiş və N saylı hərbi hissəyə təhvil verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılmasının iş materialları ilə təsdiq edilməməsi ilə bağlıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26.07.2021-ci il tarixli 9/2-5176 nömrəli məktubunda iddiaçının yaralanması və müalicəyə göndərilməsi barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində dekabr N-cü il tarixdən iyul 1994-cü il tarixədək məlumatın aşkar olunmadığı qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həkim Komissiyasının 08.07.2019-cu il tarixli 548 nömrəli Qərarı ilə iddiaçının 28.01.1994-cü ildə aldığı travmaya görə (diaqnoz: Kontuziya) 28.01.1994-cü ildən 08.02.1994-cü ilə kimi Sabirabad Mərkəzi Rayon Xəstəxanasında müayinə və müalicə olunması, travmanın Hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir. İddiaçının 08.12.N-cü il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi işin mübahisəsiz halıdır və işdə olan sənədlərlə sübut olunur. Lakin, iddiaçının müalicədən sonrakı hərbi xidməti barədə iş materiallarında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş N №-li hərbi hissə komandirinin 09.07.1994-cü il tarixli, 157 №-li əmrindən çıxarışda isə iddiaçının hərbi hissəni N gündən artıq özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. İddiaçı, hərbi hissəni özbaşına tərk etmədiyini, kantuziya aldığına görə onun hərbi hissəyə qəbul edilmədiyini və buna görə geri qayıtmalı olduğunu bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir halda iddiaçının müalicədən sonra hərbi xidmətini davam etdirməsi müəyyən edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsi verilə bilməzdi. Belə ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Buna görə də iddiaçı müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmalı və qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı barəsində cavabdeh inzibati orqanda 1994-cü ilin iyul ayından sonra məlumatların olmamasının səbəbi faktiki olaraq iddiaçının müalicədən sonra hərbi xidmətinin davam etdirməməsi ilə bağlı olmuşdur. Qeyd edilən fakt onu deməyə əsas verir ki, iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamış və 09.07.1994-cü il tarixdə N №-li hərbi hissənin şəxsi heyətinin siyahısından hərbi hissəni N gündən artıq müddətdə özbaşına tərk etməsi qeyd edilərək çıxarılmışdır. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-804/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-804/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver