Məhkəmə qərarları › İş №2-1(116)-805/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-805/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-805/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəki bələdiyyəsi) “Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 10 nömrəli iclas protokol qərarı əsasında fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 10 nömrəli iclas protokol qərarı əsasında fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Şəki rayon 2 saylı Notariat kontoru tərəfindən verilmiş 27.10.2009-cu il tarixli etibarnamədən müəyyən edilmişdir ki, 27.10.2009-cu il tarixdə İddiaçı tərəfindən Nümayəndə1 verilmiş etibarnamədə İddiaçı adından məhkəmədə iddia qaldırmaq, iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilməmişdir. Etibarnaməyə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsindəki imza iddiaçının müvafiq etibarnamədə olan imzasından xeyli dərəcədə fərqlənir. Həmçinin imzanın İddiaçı tərəfindən icra edilməməsi və başqa şəxsə aid olması aşkar görünür. İddia ərizəsi iddiaçı tərəfindən və ya iddia ərizəsini imzalamaq səlahiyyəti notariat qaydada etibarnamə ilə verilmiş şəxs tərəfindən imzalanmadığından, hazırkı iddia tələbinə baxılmasında İddiaçı hüquqi marağının mövcudluğunun müəyyən edilməsi zərurəti yaranmışdır. İddia ərizəsinin iddiaçı tərəfindən tərtib edilməsi ilə bağlı şübhənin aradan qaldırılması üçün iddia ərizəsində iddiaçının nümayəndəsi qismində qeyd edilən Nümayəndə1 ilə telefon əlaqəsi saxlanılmış, Nümayəndə1 bildirmiş ki, o, iddiaçının nümayəndəsidir və etibarnamə əsasında iddia ərizəsini özü imzalamışdır. Bundan başqa Nümayəndə1 09.03.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsində olan imza Nümayəndə1 nümayəndəsi X2 məxsusdur. Həmçinin iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçı sonuncu dəfə 29.05.2019-cu il tarixində ölkə ərazisini tərk etmişdir. Belə olan halda məhkəməyə 21.01.2022-ci il tarixdə daxil olan iddia ərizəsinin İddiaçı tərəfindən şəxsən imzalanması mümkün ola bilməzdi. Eləcə də iş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin icraatında olan (hakim Fərid İsmayılzadə) iddiaçı X1 cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbinə dair 2-1(116)-806/2022 nömrəli işdə olan iddia ərizəsində icra edilmiş imza ilə hazırkı iddia ərizəsində olan imza eynilik təşkil edir. Hazırkı işdə X3 tərəfindən icra edilən imza istinad olunan iş üzrə iddia ərizəsindəki imza ilə eyniyyət təşkil edir ki, bu da hər iki iddia ərizəsinin eyni şəxs tərəfindən imza edildiyini göstərmiş olur və tələb üzrə İddiaçı hüquqi marağının mövcudluğu istisna edilir. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın İddiaçı aid olmaması məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir və inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması müəyyən edilmir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəki bələdiyyəsi) “Şəki bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 10 nömrəli iclas protokol qərarı əsasında fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar