Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-805/2024 20.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Hacallı kəndi ərazisində Qəbələ-Ağdaş yolunun sağ tərəfində xx.xx.2006-cı il tarixli müraciəsi əsasında Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ticarət obyektinin tikilməəsi məqsədi ilə verilmiş 40.5 kv metr torpaq sahəsinin X1 gedən yolun layihə hissəsinə düşməmiş qalan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın, eləcə də plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Hacallı kəndi ərazisində Qəbələ-Ağdaş yolunun sağ tərəfində xx.xx.2006-cı il tarixli müraciəsi əsasında Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ticarət obyektinin tikilməəsi məqsədi ilə verilmiş 40.5 kv metr torpaq sahəsinin X1 gedən yolun layihə hissəsinə düşməmiş qalan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın , eləcə də plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3219/2023 nömrəli qərardadı ilə Qəbələ rayon Hacallı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonun Hacallı kəndi ərazisində Qəbələ- Ağdaş yolunun sağ tərəfində 29 iyul 2006-cı il tarixdə müraciəti əsasında Hacallı Bələdiyyəsinin 14 oktyabr 2006-cı il tarixli, 12 saylı qərarı ilə iddiaçıya ticarət obyektinin tikilməsi məqsədi ilə 40,5 kv.m torpaq sahəsi satılmışdır. Bələdiyyə tərəfindən 17 oktyabr 2006-cı il tarixdə isə 620 saylı Torpaqların alqı-satqısına dair' akt tərtib edilmişdir. O cümlədən də həmin dövrdə fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı tərtib edilmişdir. Müraciətimə görə də 01 noyabr 2006-cı il tarixdə “Tikinti üçün torpaq sahəsinin ayrılması və obyektin mühəndis təminatına aid texniki şərtlərin razılaşdırılması haqqında’’ akt tərtib edilərək aidiyyəti təşkilatların məsul şəxsləri tərəfindən imzalanmaqla möhürlərlə təsdiq edilmişdir. Bundan sonra, 10 dekabr 2007-cı il tarixdə Qəbələ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 212 saylı “Ticarət obyektinin tikintisinə icazə verilməsi barədə" Sərəncam təqdim olunmuşdur. Həmin torpaq sahəsində ticarət obyekti inşa etmişdir. Lakin ərazinin Qəbələ-Ağdaş yolunda Hava Limanına gedən yolun tikintisi ilə əlaqədar aparılan yolun genişləndirilmə zolağına düşdüyünü bəhanə edilərək ticarət obyektimi sökmüşlər. Torpaq sahəsinin çox az bir hissəsi həmin layihə yerinə düşmüşdür. Torpaq sahəsinin böyük bır hissəsi isə hazırda qalır. Buna baxmayaraq qalan torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahəsinə dair mülkiyyət sənədini almaq məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakın cavab məktubu ilə tələbim təmin olunmamış və imtina verilmişdir. Cavabdeh Məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 40.5 kv.melr həyətyanı torpaq sahəsinin X2 gedən yolun laihə hissəsinə düşməmiş qalan torpaq sahəsinin ayrılmasına dair sənədləri və eyni zamanda "Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədi təqdim edilməmişdir.Qeyd edilən səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Üçüncü şəxsin nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 212 saylı “Ticarət obyektinin tikintisinə icazə verilməsi barədə" Sərəncamının surətindən görünür ki, iddiaçıya 40.5 kv m torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilir.
3. Qəbələ rayonun Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarının surəti;
4. İddiaçının təqdim etdiyi xx.xx.2008-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı bələdiyənin mülkiyyətinə 20 manat ödəniş etmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1639/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş,tələbinin icrasından imtina olunduğundan iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsaslı deyil. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Qəbələ rayon Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ayrılmış. 40.5 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Məhkəmə tərəfindən hazırkı iş üzrə araşdırılma predmeti iki istiqamətdə aparılmışdır. 1.hüquqmüəyyənedici sənədin mötəbərliyi. 2.İddia olunan torpaq sahəsinin iddiaçıya ayrılan torpaq sahəsi ilə eyniliyi. İddiaçı tərəfindən təqdim edilən Qəbələ rayon Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarının və həmin qərarın qəbul edildiyi göstərilən xx.xx.2006-ci il tarixli bələdiyyənin iclas protokolunun arxiv nüsxəsinin təqdim edilməsi üçün müvafiq sorğular verilmişdir.Sorğulara əsasən həmin sənədlərin arxiv nüsxəsi aşkar olunmamışdır.İş materiallarına əlavə edilmiş Qəbələ rayon Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı bələdiyyə sədri tərəfindən imzalanmış, kollegial orqanın iclas protokoluna istinad edilməmişdir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının faktiki istifadəsində torpaq sahəsi yoxdur.İddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd isə təqdim edilməmişdir.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1639/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Qəbələ rayon Hacıallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 40,5 kv.m torpaq sahəsinə aid üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə sərhədlərinin döngə nöqtələrini təyin etmək mümkün deyildir. Bu səbəbdən torpaq sahəsinin xüsusiyyətlərini müəyyən etmək mümkün olmamışdır.İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0042 hektar (42,0kv.m) torpaq sahəsi Qəbələ rayonu Hacıalılı kənd İzibati ərazisi daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız ümumi istifadə olan bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün ayrılmış ərazidir. Hacıalılı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə ayrılmış 40,5 kv.m torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə faktiki ölçülmüş torpaq sahəsi ilə üst- üstə düşməsini təyin etmək mümkün deyil. İddiaçı tərəfindən göstərimiş naturada ölçülmüş 0,0042 hektar (42,0kv.m) torpaq sahəsinin üzərində digər vətəndaşlar tərəfindən inşa edilmiş qeyri-yaşayış tikililəri mövcuddur və İddiaçı istifadəsində deyil. Faktiki naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsinin 0,00326 hektar (32,6kv.m) hissəsi Hava Limanına gedən yolun qoruma zolağına düşmür, 0,00094 hektar (9,4kv.m) hissəsi isə Hava Limanına gedən yolun qoruma zolağına düşür, iddiaçı tərəfindən göstərilmiş naturada ölçülmüş 0,0042 hektar torpaq sahəsi digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ). Həmçinin,“Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında”Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Hacallı kəndi ərazisində Qəbələ-Ağdaş yolunun sağ tərəfində xx.xx.2006-cı il tarixli müraciəsi əsasında Hacallı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 saylı qərarı ilə ticarət obyektinin tikilməəsi məqsədi ilə verilmiş 40.5 kv metr torpaq sahəsinin X1 gedən yolun layihə hissəsinə düşməmiş qalan torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın , eləcə də plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə