Məhkəmə qərarları › İş №2-1(116)-806/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-806/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-806/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1977-ci ildə Göyçay rayonunda anadan olmuşdur. xx.xx.1996-cı, xx.xx.1996-xx.xx.1999-cu illərdə N saylı hərbi hissənin tərkibində Ağdam istiqamətində döyüş bölgəsində xidmət etmişdir. Hərbi xidmətdə olduğu dövrdə sağlamlığında qüsurlar yaranmış, tibbi sənədlərə əsasən və keçirilmiş müayinələrdən sonra xx.xx.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 23 saylı Qərarı ilə 1996-ci ildə hərbi xidmətə çağırılmağı, xx.xx.1997- xx.xx.1997-ci il tarixlərində N nömrəli hərbi hissənin tərkibindəki tibb bölüyündə müayinə və müalicə olunduğu həkim arayışları və mütəxəssis rəyləri ilə təsdiq edilmişdir. Həmin Qərarda hərbi xidmət zamanı aldığı xəstəliyinin hərbi xidmət dövründə əmələ gəlməsi öz təsdiqini tapmış, həkim qərarı ilə “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır" rəyi qoyulmuşdur. Əlillik pensiyası 2020-ci ilin avqust ayına qədər almışam, daha sonra əlillik dərəcəm əsassız olaraq ləğv edilmiş, iddiaçı uzun sürən məhkəmə proseslərindən sonra əlillik dərəcəm bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-943/2023 qərarı ilə də qətiləşən Məhkəmələrin qərarları ilə hüquqlarım qorunmuş, əlilliyimin kəsilməsi əsassız hesab edilmişdir. Bundan sonra yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 04.11,2023-cü il tarixli reyestr nömrəsi xxxxxxxQ00002 saylı Qərarı ilə xəstəliynmin hərbi xidmət dövründə alındığı bir daha öz təsdiqini tapmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hərbi xidmət dövründə aldığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-13760/2024 nömrəli məktubla bundan imtina etmişdir.Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 04.11,2023-cü il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi hissənin tibb bölüyündə müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017- ci il tarixli Qərarına əsasən İddiaçı ilkin olaraq xx.xx.2017-ci il tarixdə 5 illlik müddətə olmaqla (xx.xx.2022-ci il tarixədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Bununla da yuxarıda qeyd olunan şərtlər iddiaçıya münasibətdə tam ödənilmir. Belə ki, iddiaçıya təyin edilmiş əlilliyin ümumi xəstəlik səbəbindən və iddiaçının xəstəliklə əlaqədar ehtiyata buraxıldığı tarixdən 20 (iyirmi) il sonra (yəni xx.xx.2017-ci il tarixdə) müəyyən edilməsi iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, iddiaçının 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə bağlı məlumatlar onun xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən əlilliyi müəyyən edildiyindən qeyd olunmuş Fərmana əsasən iddiaçıya sözügedən birdəfəlik ödəmənin verilməsi mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavadehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının inzibati orqana ilkin müraciəti təmin edilməmişdir.

2. İddiaçıya məxsus hərbi biletin surəti.

3. Cavadehin iddia tələbinə dair xx.xx.2025-cİ il tarixli etiraz məktubu və ona əlava edilmiş sənədlər;

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddiaçının hüquqi marağı hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsindən ibarətdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanı (bundan sonra - Fərmanın) ilə təsdiq edilmişdir. Fərmanın 1 -ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmələrin (İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il arixli, 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” nın: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 2.1. Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. Yuxarıda qeyd olunan normaların tələblərini işin faktiki hallarına tətbiq edərkən belə müəyyən olunur ki, iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir. İddiaçının xəstəliyinin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə baş verməsi, onun əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməsi, əlilliyin xəstəliklə əlaqədar iddiaçının ehtiyata buraxıldığı gündən 3 il müddətində müəyyən edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 04.11,2023-cü il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi hissənin tibb bölüyündə müalicə olunmuşdur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı ilkin olaraq xx.xx.2017-ci il tarixdə 5 illlik müddətə olmaqla (xx.xx.2022-ci il tarixədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş əlilliyi ümumi xəstəlik səbəbidir və onun xəstəliklə əlaqədar ehtiyata buraxıldığı tarixdən (xx.xx.2017-ci il tarixdə) 20 (iyirmi) il vaxt ötmüşdür. Belə olan halda iddiaçının əsaslandığı faktiki hallar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ç) bəndi ilə uzlaşmır. Odur ki, iddia əsaslı hesab edilə bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən cavabdehin imtinası qanuni olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İPM-nin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar