Məhkəmə qərarları › İş №2-1(116)-81/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-81/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-81/2020 18.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə 04.07.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. İddiaçıya 18.05.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən iknci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmiş və 02.10.2017-ci il tarixli qərarla ona əlilliyə görə pensiya təyin edilmişdir. Lakin cavabdeh orqanın 04.07.2019-cu il tarixli qərarına əsasən əmək kitabçasında yazılmış qeydlərin şübhə doğurması səbəbi ilə pensiya ödənişi dayandırılmışdır. Odur ki, iddiaçı “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə 04.07.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsinin cavabdehin üzərinə qoyulması“ tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: DSMF-nin İsmayıllı rayon şöbəsinin 05 sentyabr 2019-cu il tarixli **********5 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət Sosial Müdaifə Fondu İsmayıllı rayon şöbəsinin 01.01.2017-01.01.2019-cu il tarixədək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı pensiya işi nöqsanlı hesab edilmiş və əmək kitabçası üzrə 10.12.1991-ci il tarixdən 28.06.1999-cu il tarixinədək “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-dəki iş stajının yoxlanılması barədə şöbəyə tapşırıq verilmişdir. İş stajının yoxlanılması ilə əlaqədar Nazirlik yanında DSMF-nin Binəqədi rayon şöbəsinə sorğu göndərilmiş, lakin “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədləri mövcud olmadığı üçün yoxlamaq mümkün olmamışdır. Əlilliyə görə pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyasının 04.07.2019-cu il tarixdə keçirilən iclasında baxılarkən sığorta stajı təsdiq olunmadığı üçün ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün sayılmamışdır. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh 05.07.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və 04.07.2019-cu il tarixli qərarın təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin 15.08.2019-cu il tarixli **********3 nömrəli etiraz məktubu, DSMF-nin İsmayıllı rayon şöbəsinin 15.08.2019-cu il tarixli **********5 nömrəli vəsatəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin 02.10.2017-ci tarixli 41 nömrəli qərarının surəti, iddiaçının DSMF-nin İsmayıllı rayon şöbəsinə təqdim etdiyi 29.09.2017-ci il tarixli ərizənin surəti, TSEK-in sonuncu müayinəyə dair X1 çıxarışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin 08.06.2017-ci il tarixli 201 nömrəli arayışının surəti, Dövlət Arxivinin 11.09.2019-cu il tarixli 1500 nömrəli arayışı, Vergilər Nazirliyinin 13.09.2019-cu il tarixli **********688700 nömrəli arayışı, Bakı şəhər İH başçısının aparatının 02.10.2019-cu il tarixli 7-3316/17 nömrəli məktubu, “NewMed” tərəfindən verilən 02.06.2019-cu ilı tarixli çıxarışın surəti, Milli Onkologiya Mərkəzi tərəfindən verilən çıxarışın surəti, Məhkəmə Ekspertiza Mərkəzinin 26.12.2019-cu il tarixli 30245 nömrəli rəyi və rəyə dair 1 nömrəli cədvəl, Məhkəmə Ekspertiza Mərkəzinin 13.01.2020-ci il tarixli 30243/30543 nömrəli rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar 04.07.2019-cu il tarixində qəbul edilmiş, iddiaçı 17.07.2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. Həmçinin, iddia əsaslıdır. Cavabdehin iddiaçının əlilliyə görə pensiyasını dayandırmasının səbəbi “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədlərinin mövcud olmadığı üçün iş stajının yoxlamağın mümkünsüzlüyü olmuşdur. Məhkəmə qeyd olunan səbəbi qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26.12.2019-cu il tarixli 30245 nömrəli və 13.01.2020-ci il tarixli 30243/30543 nömrəli rəylərində də əmək kitabçasında olan qeydlərin saxta olmaması müəyyən olunmuşdur. İş materiallarında olan cavabdehin arayışından (səh.17) görünür ki, İddiaçı müxtəlif idarə və təşkilatlarda işləməklə qazamış olduğu sığorta stajı 5 il 11 ay 21 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş 10.12.1991 ci il tarixdən 22.06.1999-cu il tarixədək olanı iş stajı ümumi iş stajının tərkibində nəzərə alınmamışdır. Əgər T.S.Həşimovun 10.12.1991-ci il tarixdən 22.06.1999-cu il tarixədək olan iş stajı təsdiqlənərsə, vətəndaşa əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olacaqdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 18 may 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə 18 may 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı 18 may 2017-ci il tarixdə 49 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 4 ay sosial sığorta stajı tələb olunur (49 il - 15 il = 34x4ay /12 = 11 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasınaəsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il 4 ay sosial sığorta stajı tamamlanır. (mübahisələndirilməyən 5 il 11 ay 21 gün və mübahisələndirilən 7 il 1 ay 12 gün, cəmi 13 il 1 ay 3 gün) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, DSMF-nin İsmayıllı rayon şöbəsinin 04.07.2019-cu il tarixli qərarı ləğv edilməli və cavabdehin üzərinə iddiaçının əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci və 110.2-ci maddələrinə əsasən cavabdehin üzərinə qoyulur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci, 110.1-ci və 110.2-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın 04.07.2019-cu il tarixli qərarı ləğv edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsi öhdəliyi qoyulur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndənekspertiza tədqiqatının dəyəri olan 194 manat 52 qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar