Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-81/2021 01.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “cavabdehin 10 fevral 2020-ci il tarixli C-3/26-1081 saylı imtinasının qanunsuz hesab edilməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 fevral 2020-ci il tarixli C-3/26-1081 saylı imtinasının qanunsuz hesab edilməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində Şəki rayonu, Turan qəsəbəsi ərazisində 8.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. İddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edərək ailəsini dolandırır. Lakin M-5 Yevlax-Zaqatala-Gürgüstan dövlət sərhəddi avtomobil yolunun yenidən qurulması ilə əlaqədar iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.50 ha hissəsi zəbt edilmişdir. Beləliklə iddiaçının mülkiyyətində olan 8.05 ha torpaq sahəsinin 0.50 ha hissəsi həmin avtomobil yolunun altına düşmüşdür. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 10.02.2020-ci il tarixli, C-3/26- 1081 nömrəi məktubla ona bildirmişdir ki, müraciətlə bağlı məsləhətçi və podratçı şirkətlərin nümayəndələri tərəfindən sözügedən əraziyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, avtomobil yolunun həmin hissəsində tikinti-quraşdırma işləri mövcud yolun təhkim zolağı daxilində aparılmış və heç bir kənara çıxmalar olmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 08.06.2020-ci il tarixli, 3/09-3819 nömrəli etiraz məktubunda qeyd edilir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük: 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcüdluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə inzibati mühakimə icraatı qaydasında baxılan öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı, 2. İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; 3. İddia qaldırmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Bu baxımdan qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, 28 noyabr 2018-ci il tarixində X17 dövlət sərhədi avtomobil yolunun 0+300- 33+100 km Xaldan-Suçma hissəsinin (LOT-1) tikintisi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə X15 Cəmiyyəti arasında müqavilə bağlanmış və müqavilə üzrə tərəflər sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, podratçı isə X15 Cəmiyyəti adlandırılmışdır. Müqavilənin 2.3-cü bəndinə görə “Podratçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”-yə yerinə yetirilməli olan yolların təmiri işlərinin aparılması ilə əlaqədar bütün işlərin başa çatdırılmasını öhdəsinə götürmüşdür. Hazırda isə həmin ərazidə işlər podratçı tərəfindən görülür və 2020-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulmuşdur. Hesab edirlir ki, iddiaçının iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icratı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə cavab verilməli olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh qismində olmadığından iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 05.02.2021-ci il tarixli, 2-1(116)-81/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə təsdiq edilmiş surətləri əlavə edilən A seriyalı, 361436 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və RX seriyalı ******* nömrəli 19.02.2019-cu il tarixli çıxarışdan görünür ki, Şəki rayonu, turan qəsəbəsində yerləşən 8.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətləri əlavə edilən sənədlərdən müəyyən edilir ki, Şəki rayon AİK-nın 18.11.1998-ci il tarixli, 59 saylı qərarı ilə 16.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvləri, X16, X11, X12, X23 və X4 mülkiyyətinə verilmişdir. Şəki şəhərində bağlanmış 11.09.2007-ci il tarixli müqaviləyə əsasən İddiaçı və X16 16.42 ha torpaq sahəsinin 7.50 ha hissəsini X7, 0.8626 ha hissəsini isə X3. Bundan sonra iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində 8.05 ha torpaq sahəsi qalmış və bununla bağlı A seriyalı, 361436 nömrəli 19.02.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və RX seriyalı ******* nömrəli 19.02.2019-cu il tarixli çıxarış tərtib edilərək 8.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Daha sonra, yəni 30.06.2020-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçının ailə üzvləri olan X8, X14 və X16 özlərinə məxsus hissədən 4.02 ha hissəni digər ailə üzvlərinin rəsmi razılıqlarına əsasən alıcı X2. Bundan sonra yerdə qalan 4.03 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, 20.07.2020-ci il tarixli çıxarış və A seriyalı 518769 nömrəli 20.07.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və 4.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X11 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.10.2020-ci il tarixli, **********45 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, A seriyalı 361436 nömrəli plan-ölçü sənədində qeyd olunan torpaq sahəsinin 5672 kv.m hissəsi M5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun mühafizə hissəsi ilə üst-üstə düşür. AA seriyalı 518769 nömrəli planölçü sənədində qeyd olunan torpaq sahəsinin 5952 kv.m hissəsi M5 Yevlax-Zaqatala- Gürcüstan dövlət sərhədi avtomobil yolunun mühafizə hissəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1-ci bəndinə görə bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və dəyişdirilməsi; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. Həmin Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanunun 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Göründüyü kimi, torpaqların yolların çəkilməsi məqsədilə alınması dövlət ehtiyacı hesab edilir və dövlət ehtiyacı üçün alınmış torpaq sahəsinə görə isə alınmanın təsirinə məruz qalmış şəxsə kompensasiyanın ödənilməli olması qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçıya kompensasiya ödənilmədən ona məxsus torpaq sahəsində sözügedən yolun çəkilməsi ilə bağlı cavabdeh tərəfindən müəyyən işlər görülməklə həmin torpaq sahəsinin istifadəsiz vəziyyətə gətirilməsi onun konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmiş və bununla da iddiaçıdan dövlət ehtiyacları üçün torpaq sahəsi qanunla nəzərdə tutulmuş şərtlərə əməl olunmadan alınmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Həmin Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmasa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə imkanı məhdudlaşdırılmış və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləridə pozulmuşdur. Bu halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin iş materiallarına əlavə edilən mütəxəssis rəyində də qeyd edildiyi kimi AA seriyalı 518769 nömrəli plan-ölçü sənədində qeyd olunan torpaq sahəsinin 5952 kv.m hissəsi M5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun mühafizə hissəsi ilə üst-üstə düşür. Bunun da nəticəsində iddiaçı tərəfindən qeyd olunan sahədən təyainatı üzrə istifadədə məhdudiyyət əmələ gəlir ki, bu da yuxarıda qeyd olunan normaların tələbi baxımından alınmaya məruz qalma kimi qəbul edilməli və cavabdeh tərəfindən buna görə iddiaçıya kompensasiya verilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən kompensasiyanın məbləği ilə bağlı tələb irəli sürülməmişdir. Bununla belə məhkəmə hesab edir ki, iş materiallarında olan alqı-satqı müqaviləsi və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçıya ağlabatan kompensasiyanın hesablanıb ödənilməsi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçılar ona dəymiş ziyanın cavabdeh orqanın hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Avtomobil X10 10 fevral 2020-ci il tarixli, C-3/26-1081 saylı imtinası qanunsuz hesab edilir. Cavabdeh Azərbaycan Avtomobil X10 üzərinə İddiaçı mülkiyyətində olan M5 Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikinti zamanı zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya verilməsi öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc cavabdeh orqana aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 72 manat 60 qəpik cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X20 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: ********** hesab: AZ23AİİB********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-81/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-81/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver