Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-810/2022 17.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala rayon “Dan ulduzu” adına kolxozda işlədiyi müddət daxil olmaqla ona pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon “Dan ulduzu” adına kolxozda işlədiyi müddət daxil olmaqla, ümumilikdə 25 il 2 ay 27 gün əmək stajının sosial sığorta stajı kimi qəbul edilməsi və pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixdən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuş, xx.xx.1972-ci il tarixindən 23 iyul 1974-cü il tarixədək 111 nömrəli Qax kənd Texniki-Peşə məktəbində təhsil almışdır. Təhsil aldığı və hərbi xidmətdə olduğu müddətlərin (3 il 10 ay 27 gün) cavabdeh orqan tərəfindən onun sığorta stajına hesablanması qeyd edilmişdir. İddiaçı 1979-cu il tarixdən 1997-ci il tarixinədək “Dan ulduzu” kolxozunda işləmişdir. Kolxozda işlədiyi dövrdə iddiaçıya kolxoz tərəfindən əmək kitabçası verilməmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil dövrü, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla onun sığorta stajı 3 il 10 ay 27 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3 il 10 ay 27 gün sığorta stajına uyğun olaraq 2972,07 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşma çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1 -ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışına əsasən onun 21 il 4 ay, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər 3 il 10 ay 27 gün olmaqla, ümumilikdə 25 il 2 ay 27 cıün sosial sığorta stajı mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: İddiaçı tərəfindən təqdim edilmiş Zaqatala rayon Dövlət Arxivindən alınmış xx.xx.2021-ci il tarixli 5443 nömrəli Arayışdan 1972, 1974 və 1976-1997-ci illərdə Zaqatala rayon “Dan ulduzu” kolxozunda işlədiyi, həmçinin 1972, 1974, 1976, 1982 və 1984-cü il tarixlərdə kolxozçular üçün nəzərdə tutulmuş adam günü normasını yerinə yetirmədiyi görünür. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” haqqında Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi Zaqatala rayon “Dan oulduzu” adına kolxozda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçasında sözügedən qeydlər aparılmamışdır. Yuxarıda qeyd edilən mübahisələndirilən dövrlər 21 il 4 ay təşkil edir. İddiaçının ümumilikdə qeyd edilən 25 il 2 ay 27 gün sosial sığorta stajından həmin illəri çıxdıqda iddiaçının 3 il 10 ay 21 gün sosial sığorta stajı mövcud olur. Göstərilənlərə əsasən İddiaçı nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ərizəni təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Zaqatala rayonunun Mamrux kəndində anadan olmuşdur. 2783 nömrəli attestatın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək 111 nömrəli Qax kənd texniki peşə məktəbində təhsil almışdır. 3210002 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. İddiaçının təhsil və hərbi xidmət müddəti cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 10 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli 5443 nömrəli arxiv arayışından görünür ki, iddiaçının Zaqatala rayonu “Dan ulduzu” kolxozunda iş stajı aşağıdakı kimidir:
1. 1972-ci il üzrə - 61 adam günü (norma 240 adam günü);
2. 1974-cü il üzrə - 50 adam günü (norma 240 adam günü);
3. 1976-cı il üzrə - 196 adam günü; (norma 240 adam günü);
4. 1977-ci il üzrə - 287 adam günü (norma 240 adam günü) - tam il;
5. 1978-ci il üzrə - 268 adam günü (norma 240 adam günü) - tam il;
6. 1979-cu il üzrə - 412 adam günü (norma 240 adam günü) - tam il;
7. 1980-ci il üzrə - 322 adam günü (norma 240 adam günü) - tam il;
8. 1981-ci il üzrə - 300 adam günü (norma 240 adam günü) - tam il;
9. 1982-ci il üzrə - 202 adam günü (norma 240 adam günü);
10. 1983-cü il üzrə - 249 adam günü (norma 240 adam günü) - tam il;
11. 1984-cü il üzrə - 186 adam günü (norma 200 adam günü);
12. 1985-ci il üzrə - 230 adam günü (norma 200 adam günü) - tam il;
13. 1986-cı il üzrə - 271 adam günü (norma 200 adam günü) - tam il;
14. 1987-ci il üzrə - 307 adam günü (norma 200 adam günü) - tam il;
15. 1988-ci il üzrə - 231 adam günü (norma 200 adam günü) - tam il;
16. 1989-cu il üzrə - 240 adam günü (norma 200 adam günü) - tam il;
17. 1990-cı il üzrə - 241 adam günü (norma 200 adam günü) - tam il;
18. 1991-ci il üzrə - 203 adam günü (norma 200 adam günü) - tam il;
19. 1992-ci il üzrə - 288 adam günü (norma 200 adam günü) - tam il;
20. 1993-cü il üzrə - 222 adam günü (norma 200 adam günü) - tam il;
21. 1994-cü il üzrə - 206 adam günü (norma 200 adam günü) - tam il;
22. 1995-ci il üzrə - 296 adam günü (norma 200 adam günü) - tam il;
23. 1996-cı il üzrə - 262 adam günü (norma 200 adam günü) - tam il;
24. 1997-ci il üzrə - 223 adam günü (norma 200 adam günü) - tam il. Həmin illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən minimum adam günü norması 200 və 240 gün olmuşdur. İddiaçıya məxsus arxiv sənədlərində 1993-cü il ərzində aylar üzrə rəqəmlər ardıcıl qeyd edilsə də, yekun olaraq hesablanmış 222 adam gününün sayında qaralama olduğu aşkar edilmişdir. Beləliklə, iddiaçının kolxozçu kimi adıgedən kolxozda 1993-cü ildəki iş stajı nəzərə alınmazsa, 18 tam təqvim ili işlədiyi iş materiallarına əlavə olunmuş arxiv arayışları və Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 10 nömrəli məktubla məhkəməyə təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətləri ilə öz təsdiqini tapmışdır. İddiaçı 1972, 1974, 1976 və 1982-ci illərdə illik adam günü norması 240 gün olmasına baxmayaraq tam illik normaları ödəmədiyindən, həmin illər üzrə iddiaçının malik olduğu iş stajının hesablanması zərurəti yaranmış, qeyd olunan 4 il ərzində iddiaçının toplam 509 adam günü işlədiyi müəyyən edilmişdir. Göstərilən müddət isə təqvim ilinə hesablandıqda həmin illər ərzində iddiaçının 2 il 1 ay 14 gün əmək stajı topladığı müəyyən edilir. Minimum adam günü normasının 200 gün olduğu 1984-cü il üzrə iddiaçının işləmiş olduğu 186 adam günü 11 ay 9 gün əmək stajına bərabərdir. Beləliklə, iş materiallarında olan arxiv arayışı və sənədlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının kolxozda ümumi iş stajı (18 il+2 il 1 ay 14 gün+11 ay 9 gün) cəmi 21 il 23 gün olmuşdur. Cavabdeh tərəfindən iddiaçının təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 3 il 10 ay 27 gün iş stajına malik olması mübahisələndirilməmiş, işin mübahisəsiz halı kimi qəbul olunmuşdur. (21 il 23 gün+3 il 10 ay 27 gün=24 il 11 ay 20 gün) Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi üçün 10 gün əlavə iş stajına malik olması kifayət edir ki, 1993-cü ildə kolxozdakı iş stajının 222 adam günündən (illik norma 200 adam günü olmuşdur) az olduğu nəzərə alınsa belə iddiaçının qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verdiyi iş materialları ilə öz təsdiqini tapır. (24 il 11 ay 20 gün+10 gün=25 il) Beləliklə, iddiaçının ümumi 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Zaqatala rayon “Dan ulduzu” adına kolxozda işlədiyi müddət daxil olmaqla ona pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid İsmayılzadə