Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-810/2023 07.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “24 iyul 2021-ci il tarixdə vəfat etmiş X3 aid doğum haqqında və ölüm haqqında akt qeydlərində “İlduz” adının “Ulduz” ilə əvəz olunaraq düzəliş edilməsi və yeni şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “24 iyul 2021-ci il tarixdə vəfat etmiş X3 aid doğum haqqında və ölüm haqqında şəhadətnamələrə düzəliş edilməsi və yeni şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “24 iyul 2021-ci il tarixdə vəfat etmiş X3 aid doğum haqqında və ölüm haqqında akt qeydlərində “İlduz” adının “Ulduz” ilə əvəz olunaraq düzəliş edilməsi və yeni şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin olunmuşdur. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş X5 ilə evlənmişdir. X5, 24 iyul 2021-ci il tarixdə vəfat etmiş və onun ölümü xx.xx.2021-ci il tarixli, 479 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Sonradan ona məlum olmuşdur ki, ərinin doğum haqqında və ölüm haqqında şəhadətnamələrində adı səhvən “Ulduz” əvəzinə “İlduz” kimi yazılmışdır. Bu isə onun və uşaqlarının atası X1 vərəsəlik hüquqlarını məhdudlaşdırır. Belə ki, onların nikah haqqında şəhadətnamələrində, uşaqlarının doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində ata adı “Ulduz” olaraq yazılmışdır. İddiaçı X4 məxsus doğum haqqında və ölüm haqqında şəhadətnamələrə düzəliş edilməsi üçün Cavabdehnə müraciət etmiş,cavabdeh xx.xx.2022-ci il tarixli məktubla onun tələbinin icrasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda X2 doğum və ölüm akt qeydlərində adının “İlduz” olaraq yazıldığını,şəxsiyyət vəsiqəsinin də “İlduz” adına verildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir. - İİİ-ЖГ seriyalı 499559 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 15 dekabr 1986-cı ildə 01 fevral 1959-cu il təvəllüdlü X5 adlı şəxslə nikaha daxil olmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reystri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-49/2023 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Əliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X6 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş 1959-cu il tarixli 48 nömrəli doğum aktı qeydinin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Ağdaş rayonu Gürcuva kəndində doğulmuşdur. - Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 203279 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Lakin, iddia mahiyyət etibarı ilə əsassızdır.Məhkəmə aşağıdakı qanunvericilik aktlarını işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:
2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1959-cu il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydinin “ad” qrafasında şəxsin adı “İlduz” olaraq yazılmışdır. Həmçinin,xx.xx.2021-ci il tarixli ölüm haqqında akt qeydi müvafiq sənədlərə uyğun olaraq X2 adına tərtib edilmişdir. Ağdaş RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş fərdi uçot kartoçkasının surətindən görünür ki, X2 adına şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X6 xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.Belə ki,vətəndaşa doğulanda “İlduz” adı verilmiş,bu ad onun vəfat etdiyi günədək olan bütün rəsmi sənədlərdə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “24 iyul 2021-ci il tarixdə vəfat etmiş X3 aid doğum və ölüm haqqında akt qeydlərində “İlduz” adının “Ulduz” ilə əvəz olunaraq düzəliş edilməsi və yeni şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.