Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-811/2025 06.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, “o xx.xx.1968-ci ildə Ucar rayonunda anadan olmuşdur, hazırda 56 yaşı var. İddiaçı 2014-cü ildən xroniki ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. 2014-cü ildən ambulator və stasionar müalicələr alır, həm dövlət xəstəxanalarında, həm də özəl xəstəxanalarda müalicəsi hazıradək davam etməkdədir. Xəstəliyi müalicələrlə yaxşılığa doğru getməmiş, ürək-damar xəstəliyi artaraq davam etmiş, nəticədə ürəyinə 5 stend qoyulmuşdur. Uzun sürən müalicələr nəticəsində xəstəliyinin düzələn olmadığı görülmüş və iddiaçı əlillik təyini üçün 2023-cü ildə Tibbi Sosial Ekspert Komissiyasına müraciət edilmişdir. Komissiya xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında nəzərədə tutulan siyahıda olmadığından əlillik təyinatından xx.xx.2023-cü il tarixdə imtina edilmiş, müalicə olunmağı tövsiyyə edilmişdir. Bundan sonra müalicəsi davam etmiş, xəstəliyi də hər hansı bir irəliləyiş olmamış, xəstəliyi və narahatçılığı artmış və nəticədə ürəyinə stent qoyulmuşdur. Onu da qeyd etmək istəyir ki, artan xəstəliklərlə iş yerinə belə gedə bilmir, xəstəliyi səbəbli daim qulluğa və köməyə ehtiyacı vardır, işlədiyi müəssisədən daim əmək qabiliyyətinin olmaması səbəbli işə çıxa bilmir. Nəhayət uzun sürən müayinə və müalicələr nəticə vermədiyindən və 2023-cü ildə ona təyin edilmiş xəstəlik dərəcəsi və səbəbləri artdığından stend qoyulduqdan sonra yenidən iddiaçıya əlillik təyini ilə bağlı göndəriş cavabdeh orqana göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü ıl tarixdə iddiaçıya əlillik dərəcəsi təyinindən imtina edilərək əlavə müalicəyə ehtiyacının olması, ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəyə davam edilməsi tövsiyyə edilmişdir. Xəstəliyi : (ÜİX.Stabil stenokardiyası İİ fs. Xroniki ürək çatmamazlığı ll(iki) fs.(AF-43%). İİ dərəcə mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət(2O23-2O24). Arterial hipertenziya İİ m). İddiaçı cavabdeh orqanın imtinası ilə razı deyil, 2014-cü ildən uzun sürən müayinə və müalicələrlə sağalmayan, get-gedə artan xəstəliyi sonunda ürəyinə 5 stend qoyulması ilə nəticələnmiş, xəstəliyi artaraq davam etmiş, ağciyərləri zədələnmişdir. İddiaçı Azərbaycan Respublikasının ən ixtisaslaşmış tibb müəssisə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad.C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda daim müalicə almış, son müayinə və müalicə də də iddiaçıya niyə əlillik dərəcəsi təyin edilmədiyinə həkimlər heyrətlə baxırlar. Həmin tibb müəssisəsində ona qoyulan diaqnoz ağır xəstəlik hesab edilir.Yuxarıda qeyd edilən və həkimlər tərəfindən iddiaçının xəstəliyinə qoyulan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda və həmin 2022-cı il 13 may tarixli 187 dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 235 saylı Qərarı ilə nəzərdə tutulan meyarlarda mövcuddur və həmin xəstəliklərlə bağlı əlillik dərəcəsi təyin edilməsi qaşınılmazdır. Odur ki, cavabdehin imtinasını əsassız hesab edir və iddiaçı əlillik dərəcəsi təyin edilməsini məhkəmədən xahiş etməli olmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinəm göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır” Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı elektron kabinet vasitəsi ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2024cü il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının surəti. - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1423/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - “Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi” nin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı düçar olduğu xəstəlik “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İ m.”) diaqnozu ilə əlaqədar ixtisaslaşdırılmış müalicəni davam etdirsə də onun aradan qalxması, tam reablitasiya mümkün deyildir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarınınpozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlarıntəqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya prosesiştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradanqaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında,natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan vəbilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertlərivə digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı Əlilliyinin qiymətləndirilməsi barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və iddiaçıya xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi təyin edilməsindən ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. İşin hallarından belə müəyyən olunur ki, iddiaçı barəsində göndəriş tərtib edən səhiyyə müəssisəsi “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023- 2024). Arterial hipertenziya İ m.” diaqnozu qoymuş, cavabdeh orqan əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina cavabı vermis,ixtisaslaşmış müalicəni davam etdirməsini məsləhət görmüşdür. Məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçının xəstəliyinin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Agentliyin imtinasında qanunvericiliyin tələblərinə əməl olunub olunmamasının aydınlaşdırılmasını zəruri hesab edir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri,digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir. İddiaçı adına Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş E002013505SFK saylı Forma 088 göndərişində qeyd edilmişdir..."xəstəlik xx.xx.2014-cü il tarixdə başlanmışdır. Xronikidir. XBT 10 kodu ilə TSEK-ə şöndərilərkən diaqnoz- Əsas diaqnoz: İ20.8-Stenokardiyanın digər formaları. ÜİX. Stabil stenokardiyası İİ f.s; Ağırlaşmalar: İ50.0-Durğunluq ürək çatmamazlığı. Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF- 43%); İ25.2- Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz; İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. İİ dərəcə mitral çatmamazlıq; Z95.5- Koronar angioplastik implantatın və transpıantatın olması. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Yanaşı xəstəliklər: İl 1.0- (Durğunluq) ürək çatmamazlığıilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi). Arterial hipertenziya İİ m. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 T 215/2025 saylı ekspert rəyindən görünür ki, “İddiaçı düçar olduğu xəstəlik “ÜİX. Stabil stenokardiyası İİ f.s.Xroniki ürək çatmamazlığı İl(iki) f.s.(AF-43%). İİ mitral çatmamazlıq. Stentləşmə əməliyyatından sonrakı vəziyyət (2023-2024). Arterial hipertenziya İ m.”) diaqnozu ilə əlaqədar ixtisaslaşdırılmış müalicəni davam etdirsə də onun aradan qalxması, tam reablitasiya mümkün deyildir.”. “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”nda (XBT 10) “Ürəyin işemik xəstəliyi (İ20- İ25)” “İ20 Stenokardiya (döş inağı)” “İ20.8 Stenokardiyanın digər formaları Gərginlik stenokardiyası Stenokardiya”, “Ürəyin digər xəstəlikləri (İ30- İ52)” İ50 Ürək çatmamazlığı” qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “2. Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.3-cü bəndində “Ürək çatışmazlığı”, 2.9.1-ci bənddə “ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyrirevmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması (Orqanizmin funksiyalarının pozulması faizi 35-60, Orqanizmin funksiyalarının pozulması müddəti 2 il) qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda və həmin Qərara 2022cı il 13 may tarixli 187 dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 235 saylı Qərarı ilə nəzərdə tutulan meyarlarda mövcuddur və həmin xəstəliklərlə bağlı əlillik dərəcəsinin təyin edilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, cavabdehin xx.xx.2024-cü il tarixli imtinasını əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.9.1-ci və 2.9.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, iddiaçının sağlamlıq məlumatlarında onun stabil stenokardiya, xroniki ürək çatmamazlığı, İİ mitral çatmamazlıq, arterial hipertenziyadan əziyyət çəkməsi aydın görünür. Qeyd edilən halların 3 ildən az olmayaraq baş verməsi onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması 2 il müddətinə 31-60 % müəyyən edilməlidir. Belə olan halda iddiaçının orqanizminin funksiyalarının pozulması faizləri nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1.3-cü bəndinə əsasən iddiaçıya İ dərəcə əlilliyin təyin edilməsi əsaslıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-185/2024 nömrəli, 2- 1(102)-1164/2024 nömrəli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2024-cü il tarixdən təyin edilməlidir. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, 10 iyul 2024-cü il tarixindən iddiaçıya 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 31-60 % müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı:
İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 10 iyul 2024-cü il tarixindən 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 31-60 % müəyyən edilməsi) təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Etibar Mustafayev.