Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-812/2023 10.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Firmasının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsinə və onun üzərində olan qeyriyaşayış binası üzərində hüququnun birlikdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı "xxxx" Kiçik Firması cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsinə və onun üzərində olan qeyri yaşayış binasına hüququnun birlikdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsinin əsaslarına görə, Yevlax şəhərində Yevlax-Bakı şössesinin cənub tərəfində maye-qaz satışı məntəqəsi “Əli kiçik firması”-nın adına 10 sentyabr 1989-cu ildə 01 nömrəli Reyestr kitabının 04-cü səhifəsində 13 Reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd olunan əmlak yəni “Əli Kiçik firması”na aid olan maye-qaz satışı məntəqəsinin binası texniki İnventanlaşdırma bürosunun qeydiyyat vəsiqəsi ilə X7 tam mülkiyyətində olmuşdur. Bu barədə Yevlax şəhər İcra Hakimiyyətinin başçısının 64 №-li xx.xx.1998-ci i tarixli sərəncamı vardır ki, həmin sərəncama əsasən X7 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli Kiçik firması”nın ehtiyacı nəzərə alaraq Yevlax-Bakı şosessində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qeyd olunan məntəqə tikilmişdir. Bu barədə Yevlax şəhərinin baş memarının çıxarışı vardır. Bundan başqa həmin torpaq sahəsində maye-qaz satışı üçün 23 kub.m həcmində çən yerləşdirilməsi və həmin ərazidə zəruri işlərin aparılması qeyd edilmişdir. Bundan başqa “Əli kiçik firması”na torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmiş akt tərtib edilmiş, maye qaz doldurma məntəqəsinin istismarını həyata keçirmək üçün 5 illik lisenziya verilmişdir. Eynilə Yevlax şəhəri Əli firmasının əmlakını qiymətləndirilməsi haqqında AT 5131№-li ekspert rəyi hazırlanmış və məntəqənin istismarına razılıq verilmişdir. İddiaçı, “Əli kiçik firması” üçün nəzərdə tutulmuş Yevlax Bakı Şossesinin mərkəzi yolun cənub tərəfindən ayrılmış 0,2 ha olan torpaq sahəsinə maye qaz satışı məntəqəsinin bina hissəsi ilə birlikdə mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddaçı Yevlax şəhəri, Yevlax- Bakı şossesinin cənub tərəfində yerləşən qeyri-yaşayış binasına dair əvvəllər tanınmış hüquqların qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət müəllifinə bildirilmişdir ki, qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan araşdırma aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, sənədləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür. Bu da iddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. İddia tələbinin mahiyyətindən görünür ki, tələb qeyri-müəyyəndir və uğursuzdur. Belə ki, imtinada qeyd olunduğu kimi iddiaçının tələb etdiyi daşınmaz əmlakın digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi iddianın motivinə ziddir. İddiaçı tələbində daşınmaz əmlak üzərində digər hüququn eyni zamanda qeydiyyata alınmasını tələb edir, lakin burada digər hüquq sahibinin mülkiyyət hüquqlarının mənsubiyyətini nəzərə almadan məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikasının 29-cu maddəsinin 3-cü bəndində qeyd olunur ki, mülkiyyət hüquqları qanunla qorunur. Tələbdə digər şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının mübahisələndirilməməsi hazırkı tələbin təmin olunmasına dəlalət vermir. Ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4-cü və 8-ci maddələrində, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda, iddia tələbinin əsaslandırıldığı məqam mövcud deyil və tələbin qeyrimüəyyən olması açıq-aydın ortadadır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinə dair ayrıc aktı yoxdur, yalnız 2 mücərrəd texniki akt var ki, bu aktlarla da torpaq sahəsinin ayrılması məqbul sayılır. Ümumiyyətlə, iddiaçıya ayrılan torpaq sahəsinin dəqiq harada yerləşməsi rəsmi sənədlərdə öz əksini tapmır. Nəzərə almaq lazımdır ki, sərəncamın tarixi 1998-ci ilə təsadüf edir. Sərəncamın verilməsindən 25 il ötmüş, sərəncamda adı qeyd olunan X10 vəfat etmiş, iddia ərizəsinin mətnindən isə aydın olur ki, ərizə onun həyat yoldaşının adından tərtib olunsa da Əli” kiçik firmasının direktoru Ağayev tərəfindən imzalanmışdır. Bu 25 il müddət ərzində "xxxx" kiçik firması tərəfindən halhazırda onun şəxsi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı nəinki heç bir rəsmi mübahisə predmeti olmamış, hətta heç bir mübahisə təşəbbüsü olmamışdır. O, həmin torpaq sahəsinin birinci mülkiyyətçisi deyildir. ’’Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 17 saylı Yevlax ərazi idarəsinin verdiyi mütəxəssis rəyi tərtib edilərkən idarənin əməkdaşları onun şəxsi mülkiyyətində olan torpaq sahəsinə iddiaçının nümayəndəsi ilə birgə aralıdan baxış keçirmiş və iddiaçının nümayəndəsinin sözlə deməsi, şifahi mülahizələri, az qala əl işarəsi əsasında rəy bildirmişlər. Hesab edir ki, belə bir formada mütəxəssis rəyinin verilməsi idarənin əməkdaşlarının səriştəliliyini şübhə altına salır. Belə məntiqlə, sənədləri qaydasında olmayan hər bir şəxs şifahi mülahizələr yürütməklə şəxsi mülkiyyəti mübahisə altına alar. Maye-qaz satışı və digər işlərlə məşğul olması üçün torpağın ayrılması barədə 29 aprel 1998-ci il tarixli 64 saylı sərəncamda qeyd olunmuşdur ki, torpaq sahəsi boş və istifadəsizdir. Məhkəmə bildirişinə əlavə olunan 14 oktyabr 1998-ci il tarixli lisenziyaya əsasən "xxxx" firmasına maye qaz doldurma məntəqəsinin istismarına icazə verilmişdir. İddia ərizəsində qeyd olunur ki, torpaq sahəsinin üzərində tikililər vardır. Əgər torpağın üzərində tikili-maye qaz doldurma məntəqəsi var idisə, bu tikilinin sənədi də olmalı idi. Maye qaz doldurma məntəqəsi sənədsiz tikilib-qurula bilməzdi. O, həmin torpaq sahəsini 2021-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada aldığı zaman da orada heç bir tikili yox idi. Həmin torpaq sahəsi ona satılmazdan əvvəl "İpək Yolu-2009” MMC-nin xüsusi mülkiyyətində olmuş, 2021-ci ildə notariat kontorunda alqı-satqı müqaviləsi əsasında "İpək Yolu - 2009” MMC-dən alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud olmamış, qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlanılmışdır. ünvan 1 ünvanda yerləşən 0,8877 ha ibarət torpaq sahəsinin özünə məxsus olması barədə xx.xx.2021-ci il tarixli çıxarışı, planı və ölçüsü mövcuddur. Üçüncü şəxs “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarına istina edərək vicdanlı alıcı olmasını qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, iddia olunan torpaq sahəsinin Yevlax-Bakı şosse yolunun cənubunda boş sahə olması göstərilsə də, həmin sahənin koordinatlarını müəyyənləşdirməyi mümkün edən müddəalar, istinad nöqtələri mövcud deyildir. Bununla da iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri qeyri-müəyyəndir. Sözügedən torpaq sahəsinə dair iddiaçının hər hansı hüququ mövcud deyildir, torpaq sahəsi iddiaçı tərəfindən özəlləşdirilməmiş, torpaq sahəsinə dair iddiaçının olmayan istifadə və ya icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı "xxxx" Kiçik Firmasının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Üçüncü şəxs həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına istinad edərək iddianın mümkün sayılmamasını, həmçinin hazırkı inzibati mübahisəyə aidiyyəti olmayan digər maddi hüquq normalarını sadalayaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Digər üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı nümayəndəsi və iddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Yevlax şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 64 nömrəli sərəncamdan görünür ki, X7 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli kiçik” firmasının ehtiyacını nəzərə alaraq Yevlax-Bakı şossesində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" firmasının Nizamnaməsindən və ******* nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Yevlax şəhəri 31-ci məhəllədə yerləşən "xxxx" firması xx.xx.1998-ci il tarixli 10/61 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X12 dövlət qeydiyyatına alınmışdır. - xx.xx.1999-cu il tarixli 122 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Yevlax şəhəri Yevlax-Bakı şossesinin cənub tərəfdə maye-qaz satışı məntəqəsi "xxxx" kiçik firması adına mülkiyyət hüququ əsasında X7 payı müəyyən edilməklə Dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1081/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 122 inventar nömrəli (xx.xx.1999) texniki pasportda göstərilmiş cizgi əsasında "xxxx" Kiçik Firmasına ayrılmış 0.20 ha torpaq sahəsi ilə "xxxx" Kiçik firmasının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin “X3 X8"ndə mövcud olan xəritəsinə əsasən iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, 0.1664 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qalan 0.0336 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 21B ünvanında yerləşən 0,8877 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərr şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı 0.20 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına münasibətdə birlikdə hüququnun Dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini qeyd etsə də, qeydə alınmasını tələb etdiyi hüququn növünü göstərməmişdir. Bununla belə iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı, cavabdeh orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun digr daşınmaz əmlakla birlikdə qeydə alınmasından imtina cavabını mübahisələndirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış binası üzərində "xxxx" Kiçik Firmasının mülkiyyət hüququnun cavabdeh tərəfindən vahid daşınmaz əmlak kimi Dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin 0.1664 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, qalan 0.0336 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışın AA618625 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənədin tərtib edilməsinə əsas Gəncə şəhəri 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-84 saylı alqı-satqı müqaviləsi olmuşdur. Odur ki, iddiaçı tələbdə qeyd edilən 0.20 ha torpaq sahəsi və qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq üçün ilk növbədə həmin torpaq sahəsinin üst-üstə düşdüyü üçüncü şəxs Etibar Kərimovun mülkiyyətində olan 0.8877 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışı və onun verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini mülki icraat qaydasında üst-üstə düşən hissədə mübahisələndirməli, müsbət həll olunduğu halda hazırkı tələblə cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadığı (və ya cavabsız saxlandığı) halda isə anoloji iddia ilə məhkəməyə müraciət etməlidir. Yəni, iddia olunan torpaq sahəsinin 0.1664 ha hissəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər subyektlərin sözügedən daşınmaz əmlak üzərində (torpaq sahəsi və qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak olaraq) mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya və onun vəkilinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Kiçik Firmasının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsi və onun üzərində olan qeyri yaşayış binasına birlikdə hüququnun DƏDR-də qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-812/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-812/2023
10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver