Məhkəmə qərarları › İş №2-1(116)-812/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-812/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-812/2025 18.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “Əlilliyin qiymətləndirilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və aldığı xəsarətlə əlaqədar yaranmış xəstəliyə uyğun olaraq müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əlilliyin qiymətləndirilməsinə dair cavabdehin xx.xx.2024-cü il tarixli imtinasının əsassız hesab edilməsi və aldığı xəsarətlə əlaqədar yaranmış xəstəliyə uyğun olaraq müvafiq əlillik dərəcəsi təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, "Azərişıq ” ASC-nin X1 və Satışı İdarəsinin Hava və X2 Xidmətinin Ucar Elektrik şəbəkəsində elektrik mantyoru vəzifəsində işləyib. xx.xx.2022-ci il tarixdə kənd hava xəttində yaranmış qüsurun aradan qaldırılması işləri ilə məşğul olarkən naqilin açılması nəticəsində elektrik cərəyanının təsirinə məruz qalaraq xəsarət almışdır. Xəsarət nəticəsində sağlamlığına xeyli ziyan dəymiş, ambulator kitabdan çıxarışda da qeyd edildiyi kimi T29.3, T75.4. W85 kodlarla qeyd edilmiş xəsarət almışdır. Müalicəsi uzun müdət davam etmiş, hərəkət qabiliyyəti olmamışdır. Xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi təyini üçün Dövlət Tibbi Sosial Ekspert Komissiyasına müraciət edilmiş, Komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona əlillik dərəcəsi təyinindən imtina edilmişdir. Sağlamlığında düzəlmə olmadığından müalicəsinə dövlət müəssisələrində davam etdirmiş, xəstəliyində hər hansı bir düzəlmə olmamışdır. Tam tərsinə o yerimə qabiliyyətini itirmişdir. Uzun müalicələr sonrasında ona əlillik təyini üçün yenidən göndəriş verilmiş, xəstəliyi cavabdeh orqan tərəfindən qiymətləndirilərək xx.xx.2024-cü il tarixdə əlillik dərəcəsi təyinindən imtina edilmişdir. Xəstəliyi ilə əlaqədar Diaqnoz: Bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyyəsində olan yanıqdan qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayaqın İV-V barmaqların kontrakturası. Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyyəsində olan yanıqdan qalıq əlamətləridir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ucar rayon sakini xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona təyin edilmiş əmək qabliyyətinin itirilmə dərəcəsindən narazı olduğundan yenidən əlilliyin gücləndirilməsi məqsədi ilə göndəriş rəsmiləşdirilmiş və əlillik səbəbi istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olduğundan əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən iş tapşırığını yerinə yetirən zaman elektrik cərəyanının təsirindən xəsarət aldığını bildirmiş, bunu təsdiq edən xx.xx.2023-cü ildə tərtib edilmiş xx.xx.2022-ci il saat 18:50 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks elətdirən "xxxx" ASC tərəfindən təqdim edilmiş İz forması təqdim etmiş, elektrotravmadan sonra bədənin bəzi nahiyyələrinə dəri köçürülməsi icra edildiyini söyləmiş, bəzi müayinə və stasionar müalicə sənədləri təqdim etmişdir. Obyektiv müayinə zamanı sol qulaq seyvanının arxa səthinin, sol çiyin qurşağı, sol bazunun bayır səthinin, sağ saidin ön səthinin, qarnın ön səthinin, hər 2 pəncənin ayaqaltı səthinin lll-İV dərəcəli yanıqdan sonrakı dəri köçürülən sahələri izlənilmiş, dəri köçürülən sahələrdə trofiki pozğunluq aşkarlanmamışdır. Yanıq çapığından sonra yuxarı və aşağı ətraf əzələləri paralel izlənilmiş, əzələ tonusu normal olmuş, ayaqlarda hərəkət məhdudluğu aşkar edilməmişdir. Anamnestik məlumatlar obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etmir”, əmək qabiliyyətinin 20% (iyirmi faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004), Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubu, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina etmişdir. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi ona qoyulmuş diaqnozların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.7.1-ci bəndinə uyğun olmasını bildirmişdir. Tibb müəssisəsinin istinad etdiyi 13.7.1-ci bəndə münasibətdə müəyyən edilir ki, “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə dayaq hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpan dərəcədə pozulması orqanizmin funksiyalarının pozulma faizi 1 il müddətinə 35-60% aralığında müəyyən edilmişdir. Həmin diaqnozun düzgünlüyünü cavabdeh orqan da, mübahisələndirmir. Lakin cavabdeh orqan bu diaqnozun əlilik əlaməti təyin etməməsi və iddiaçının əmək qabiliyyətinin 20% itirilməsinə səbəb olması qənaətindədir. Cavabdeh orqan iddiaçının əmək qabiliyyətinin 20% itirilməsini aparılan müayinə zamanı göndərişdə qeyd olunan əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntuların (ayaqaltı nahiyədə trofiki yaranın olması, eləcə də aşıq-baldır oynağında qüsurlu vəziyyətdə kəskin dermogen kontraktura) aşkar olunmaması, sağ pəncədə müəyyən olunan İİ–İİİ barmağın amputasion vəziyyəti və digər patofunksional pozuntuların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyinatına (orqanizmin funksiyalarının 35 faizdən çox pozulmasına) əsas verməməsi, aşkar olunan patofunksional pozuntuların orqanizmin həyat fəaliyyəti kateqoriyalarından (xəstənin sənəti və peşəsinin fiziki xarakterli olması nəzərə alınaraq) əmək fəaliyyəti kateqoriyasını qismən pozması ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçıya tibb müəssisəsi tərəfindən qoyulmuş diaqnozlar – ayağın İİ–İİİ barmaqlarının daraq sümükləri səviyyəsində amputasiyası, daimi ağrı sindromu, axsama və ataktik yeriş, hərəkət funksiyasının kəskin pozulması, hər iki pəncədə sağalmayan xoralar, posttravmatik artrozlar və kontrakturalar, kelloid çapıqlar və hipertrofik dəri dəyişiklikləri və digər ağır patoloji hallar – "Dayaq-hərəkət aparatının bir və ya bir neçə bölməsində hərəkətin nəzərəçarpacaq dərəcədə pozulması" meyarına tam şəkildə uyğun gəlir. Cavabdeh orqan əmək qabiliyyətinin yalnız “qismən” pozulduğunu bildirsə də, bu nəticənin hansı konkret funksional göstəricilər əsasında müəyyən edildiyi, orqanizmdə müşahidə olunan pozuntuların hansı meyarla ölçülərək qiymətləndirildiyi barədə heç bir əsaslandırma təqdim etməmişdir. Qanunvericiliyin və tibbi-ekspertiza fəaliyyətinin tələblərinə görə əmək qabiliyyətinin itirilməsinin qiymətləndirilməsi yalnız səthi vizual müşahidələrə deyil, təsdiq olunmuş tibbi diaqnozların yaratdığı funksional nəticələrin obyektiv tədqiqinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən diaqnozların tibbi cəhətdən qəbul olunmasına baxmayaraq, həmin diaqnozların funksional nəticələrinin normativ meyarlara uyğun qiymətləndirilməsi aparılmamışdır. Belə ki, kontrakturalar, travmatik amputasiya, xroniki trofik xoralar, ataktik yeriş, degenerativ artrozlar kimi patofunksional hallar əmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən ciddi pozuntulardır. Bu halların tibbi qiymətləndirilməsi sadəcə “hərəkət məhdudluğu müşahidə olunmaması”, “əzələ tonusunun normal olması” və ya “trofik pozğunluqların görünməməsi” kimi qeyriobyektiv və səthi yanaşmalarla inkar edilə bilməz. Əmək qabiliyyətinin cəmi 20 faiz itirilməsi kimi qiymətləndirilmə, yuxarıda sadalanan diaqnozlar və funksional pozuntular fonunda nə tibbi məntiqə, nə də hüquqi əsaslandırmaya uyğundur. Həm diaqnostik məlumatların məzmunu, həm də funksional nəticələrin ümumi vəziyyəti 13.7.1-ci bəndin tətbiqinə tam əsas verir və bu halda əmək qabiliyyətinin daha yüksək faizlə itirilməsi qənaəti formalaşmalıdır. Təqdim edilmiş tibbi sənədlər və diaqnozlar özlüyündə 13.7.1-ci bəndin tətbiqi üçün zəruri tibbi-hüquqi əsasları yaratsa da, cavabdeh orqan bu diaqnozların əmək qabiliyyətinə təsiri ilə bağlı nəticə etibarilə ziddiyyətli və əsaslandırılmamış mövqe ortaya qoyaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nın pozulmasının 1-ci dərəcə məhdudlaşma halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar