Məhkəmə qərarları › İş №2-1(116)-814/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-814/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-814/2021 22.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərarının ləğv edilməsi və bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarının qüvvədə saxlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Mingəçevir bələdiyyəsinin 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərarının ləğv edilməsi və bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1993-cü ildə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə gəlmiş və 6 nəfər ailə üzvü ilə birlikdə Mingəçevir şəhəri Gəncə şossesində qaz doldurma məntəqəsində olan dəmir konstruksiyalı evdə məskunlaşaraq indiyə kimi yaşayır. 1995-ci ildə əkiz uşaqları anadan olduqdan sonra iddiaçının müraciəti əsasında Şəhər İcra Hakimiyyəti yaşadıqları yerin yanında olan 3 hektar istifadə olunmayan torpaq sahəsini mal-qarasını saxlamaq və təsərrüfatla məşğul olmaq üçün iddiaçıya vermişdir. Həmin vaxtdan da 3 hektar torpaq sahəsində təsərrüfatla məşğul olur. İddiaçının müraciətindən sonra Mingəçevir şəhər bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarı ilə həmin torpaq sahəsi 25 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Bu barədə iddiaçı ilə bələdiyyə arasında torpaq icarə müqaviləsi bağlanmış və illik icarə haqqı müəyyən edilmişdir. Bundan sonra iddiaçı həmin qərardan və torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlikləri vaxtında yerinə yetirmiş, icarə haqqını vaxtlı vaxtında ödəmişdir. İddiaçının yaşadığı metal konstruksiyalı ev 18.01.2017-ci il tarixdə yanmışdır. İcarə haqqının ödənməsini təsdiq edən sənədlər, eləcə də icarə müqaviləsinin iddiaçıya verilən nüsxəsi evin yanması nəticəsində məhv olmuşdur və qalmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Mingəçevir bələdiyyəsi 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərarı ilə iddiaçının istifadə etdiyi 3 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə həmin bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 №-li qərarını etibarsız saymışdır. Əsas kimi də Şəki İnzibati Məhkəməsinin bildirişi göstərilmişdir. Eləcə də qeyd edilmişdir ki, bələdiyyənin göstərilən qərarı və ona aid digər sənədlər Mingəçevir şəhər arxivində yoxdur. Sənədlərin bələdiyyədə və ya arxivdə olmamasının səbəbləri iddiaçıya məlum deyil və burada iddiaçının heç bir təqsiri yoxdur. Mingəçevir bələdiyyəsi mübahisəli 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1565/2019 saylı sərəncamını, Mingəçevir bələdiyyəsinin İddiaçı adına verilmiş 24.07.2007-ci il tarixli 39/4 saylı qərarının ləğv edilməsi barədə bildirişini, bu barədə Mingəçevir şəhər arxivində İddiaçı adına qərar olmamasını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alınaraq, bələdiyyənin ümumi iclasında Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayon köçkünü İddiaçı Mingəçevir-Gəncə şossesinin sol tərəfində örüş sahəsi kimi istifadə etdiyi 3 (üç) hektar torpaq sahəsinin icarəyə verilməsi barədə 24.07.2007-ci il tarixli 39/4 saylı qərarın etibarsız sayılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarının iddiaçı tərəfindən cavabdehin qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi müəyyən edilmiş, hazırlıq icraatı çərçivəsində 02.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya qanunvericiliyin tələbləri və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, göstərilən məsələyə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı ərizə təqdim edəcəyini bildirsə də, məhkəmənin yardımına münasibət bildirməmişdir. İş üzrə 22.09.2021-ci il tarixə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən 31.05.2020-ci il tarixli qərar barədə Şəki İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASC-nin cavabdehlər Mingəçevir bələdiyyəsinə və ona qarşı Mingəçevir bələdiyyəsinin 24.07.2007ci il tarixli 39/4 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işin araşdırması zamanı məlumat almışdır. İddiaçı izahatında bunu təsdiq etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 35 və 38.1-ci maddələrinin tələbləri izah edilmiş, iş materiallarının iddiaçı tərəfindən cavabdehin qərarını mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxıldığına işarə etdiyi bildirilmiş və İPM-in 24-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməsi təklif olunmuşdur. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməmiş, heç bir əsaslı səbəb göstərmədən buraxılmış prosessual müddəti pandemiya ilə əlaqələndirməyə çalışaraq üzrlü hesab olunmasını, iddiasının mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 31.05.2020-cı il tarixli 09/3 nömrəli qərarından artıq ən gec 19.02.2021-ci il tarixdən məlumatlı olmuşdur. Belə ki, Şəki İnzibati Məhkəməsinin icraatında olmuş iddiaçı "xxxx" ASC-nin cavabdehlər Mingəçevir bələdiyyəsinə və İddiaçı qarşı Mingəçevir bələdiyyəsinin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarının ləğv edilməsi, iddiaçı "xxxx" ASC-yə aid olan və istifadəsinə verilmiş 3.0 (üç) ha torpaq sahəsinin cavabdeh İddiaçı alınıb onlara qaytarılması, cavabdeh İddiaçı "xxxx" ASC-yə aid olan 3.0 (üç) ha qanunsuz zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair 2-1(116)-36/2021 nömrəli inzibati iş üzrə 19.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iştirak etmiş, həmin iclasda Mingəçevir bələdiyyəsinin 31.06.2020-ci il tarixli 814 nömrəli qərarı barədə məlumat verilmi, lakin İddiaçı tərəfindən iddia tələbinin rədd olunması xahiş edilmişdir. İddiaçı cavabdehin müabhisəli qərarından məlumatı olmadığını iddia etsə də, məhkəmə iclasında cavabdehin mübasiləndirilən qərarından artıq sözügedən məhkəmə icladında məlumat aldığını bildirmiş, buraxılmış müddətin üzrlü hesab olunmasını xahiş etmiş, lakin müddətin buraxılmasının onun təqsiri olmadan baş verdiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin qərarının ilkin olaraq iddia ərizəsinin imzalandığı 16.04.2021-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınsa belə, qanunla nəzərdə tutulmuş prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisəli 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərar barədə ilk dəfə məlumat aldığı vaxt ən geci 19.02.2021-ci il tarixdən hesablanmaqla 1 ay 28 gündən sonra məhkəmə qaydasında cavabdehin qərarını mübahisələndirməklə ləğv olunmasını tələb etmişdir. İddiaçının mübahisələndirilən qərardan ən geci 19.02.2021-ci il tarixli məhkəmə icladına məlumat aldığı fərz olunsa belə, o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı “Mingəçevir bələdiyyəsinin 31.05.2020-ci il tarixli 09/3 nömrəli qərarının ləğv edilməsi və bələdiyyənin 24.07.2007-ci il tarixli 39/4 nömrəli qərarının qüvvədə saxlanılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar